Məhkəmə qərarları › İş №2-1(103)-257/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-257/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-257/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, iddiaçının nümayəndəsi Vəkil və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “istifadə etmədiyi məzuniyyət günlərinə görə son haqq-hesabın yenidən hesablanması tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı öhdəliyin icrası haqqında (İPM m 34.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etmədiyi 243,75 məzuniyyət günlərinə görə aldığı məvacibə -əmək haqqına uyğun olaraq hesablanması və ödənilməmiş 12016,78 manat pulun ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Vergi orqanı əməkdaşı kimi 2000-ci ilin mart ayından vergi orqanlarında çalışmış, 2006-cı ildən son müddətə qədər məzuniyyətsiz işləmiş, 27 yanvar 2021-ci il tarixdə təhviltəslim işləri aparılmış, lakin, ona məzuniyyət haqqı ödənilərkən əmək qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Bu müddət 243 gün (8 ay) təşkil edir. Onun aldığı son-haqq hesabda istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış məbləğ həqiqəti əks etdirmir. Belə ki, onun istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş əmək haqqı və ona edilən əlavələrə uyğun hesablanmalı idi. Xidmət tərəfindən təqdim edilən məlumata əsasən məzuniyyətdən əvvəlki 12 təqvim ayının orta əmək haqqı 2295,49 (27545,92:12) manat təşkil etdiyi halda, bu məbləğ məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına uyğun hesablanmamış 796,91 manat göstərilmişdir. Halbuki, məzuniyyət haqqı hesablanarkən əmək haqqı və ona əlavələr nəzərə alınmaqla ödəniş edilməli idi. Cavabdeh isə daxili qaydalarına istinad etməklə əlavələri nəzərə almadan, məvacibə uyğun olmadan, təkcə vəzifə maaşına uyğun olaraq məzuniyyət haqqı ödəmişdir. Əmək Məcəlləsinin 140,3-cü maddəsinin tələbi nəzərə alınaraq istifadə etmədyi 243,75 gün üçün 18405,47(2295,49:30,4)= 75,50x 243,75=18405,47) manat təşkil edir. Bu barədə xx.xx.2022-ci il tarizdə cavabdehə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, ona “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 7.7-ci bəndinə uyğun hesablanıb verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun son-haqq hesabında əmək haqqına əlavələri nəzərə alınmadan orta aylıq əmək haqqının hesablanması əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinə görə son-haqq hesabı aparılan zaman AR Əmək Məcəlləsinin 140-cü maddəsinin tələbələrinə düzgün riayət olunmuş, inzibati icraat qaydalarına uyğun hesablanmışdır. Belə ki, istifadə edilməyən məzuniyyət günlərinə münasibətdə məzuniyyətdən əvvəlki 12 təqvim ayının günlərinin cəmlənmiş məbləği 9562,96 manat təşkil etmiş, həmin məbləğdən hesablanan orta aylıq əmək haqqı 796,91 (9.562,96?:12) manat müəyyən edilmiş, həmin məbləğ 30,4-ə bölünməklə günlük əmək haqqı 26,21 manat(796,91:30,4) müəyyən edilmiş və həmin məbləğ istifadə edilməyən 243,75 məzuniyyət günlərinə vurularaq alınan 6388,68 manat məbləğ iddiaçıya ödənilmişdir. Məzuniyyət günləri hesablanarkən əmək haqqına ödənilən əlavələrə gəldikdə vurğulanır ki, AR Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr 442 №-li qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır...» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Şikayət aşağıdakılarla əsaslandırılmışdır: “... Qərar qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 5 avqust 1999-cu il 137 saylı qərarına əsasən əmək haqqına daimi olan əlavələr, məzuniyyət pulu ödənildiyi halda birbaşa nəzərə alınmalı və hesablanmalıdır. Cavabdeh qeyd olunan qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, daimi əlavələri məzuniyyət pullarına hesablamamışdır. Bakı İnzibati Məhkəməsinin hakimi isə bu faktı düzgün araşdırmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh imtina məktubunda “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndini rəhbər tuturaq bildirir ki, maaşa ödənilən əlavələrin məzuniyyət pulu hesablanmasında nəzərə alınmır. Faktiki olaraq burada cavabdeh nazirlik tərəfindən qəbul edilmiş qaydaları Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına zidd olaraq daxili qaydaları üstün tutur və tətbiq edir. Bu fakt məhkəmənin nəzərinə çatdırılmış, lakin hakim dərəfindən düzgün araşdırma arparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək Ali Məhkəmənin eyni hal üzrə qərarını məhkəməyə təqdim etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi H.Həzizadə iddia ərizəsinə etirazında göstərilən əsaslarla apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxclanılmasnı məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. İşin faktiki halları üzrə müəyyən olunan mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı ilə 27 yanvar 2021-ci il tarixdə təhvil-təslim işləri aparılarkən, onun onun vergi orqanlarında xidmətdə olarakən istifadə edilmədyi 243,75 məzuniyyət günlərinə görə aldığı əmək haqqı düzgün hesablanmamış, son-haqq hesabında, orta aylıq əmək haqqı hesablanarkən ona ödənilən əlavələr nəzərə alınmamışdır. İşin mübahisələndirilməyən halıdır ki, iddia olunan əlavələr ona əmək haqqı ilə birlikdə ödənilmişdir. İşin tərəflər arasında mübahisələndirilən halları isə ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr 442 N-li qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.7-ci bəndinə istinadən hesab edir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən, əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsi də ehtiva edir ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. 12-ci bəndində isə dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, əmək haqqı anlayışı vəzifə maaşı və ona ödənilən mükafat, sair əlavələrdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1-ci bəndində məhz nəzərdə tutulur ki, büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir: 3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına; 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə...; Əmək Məcəlləsinin və «Dövlət qulluğu haqqında» Qanunun yuxarıda qeyd olunan tələbləri onu deməyə əsas verir ki, Nazirlər Kabinetinin sözügedən 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarına əsasən iddiaçıya, onun vəzifə maaşına ödənilən əlavələr aldığı əmək haqqının tərkib hissəsi hesab olunur. Belə olan halda, Əmək Məcəllənin 140-cı maddəsinin 1-2-ci hissələrinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq olunmuş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”na əsasən nəzərə alınan ödənişlər: -faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; -müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar , Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar; -kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı... ” Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubuna, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazına və nümayəndəsinin izahatlarına əsasən müəyyən olunur ki, qanunvericilyin qeyd olunan tələbləri nəzərə alınmadan, Azərbaycan Respublikası Vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın birbaşa 2.7-ci bəndinə istinadən, iddiaçının vəzifə maaşına ödənilən əlavələrin onun məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığını əsas tutaraq, sonhaqq hesabda həmin əlavələrin nəzərə alınmasını mümkünsüz sayır. Lakin cavabdeh tərəfindən istinad edilən həmin “Qayda” qanunla təsdiq olunmuş Əmək Məcəlləsindən və Nazirlər Kabinetinin qərarından üstün hüquqi qüvvəyə malik ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının149-cu maddəsinin: -İV hisəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. -Vİ hissəsinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.2. maddəsində Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmin Qanunun 2.8-ci maddəsinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın birbaşa 2.7-ci bəndinə istinadən, iddiaçıya son haqq-hesab ödənilərkən onun vəzifə maaşına ödənilən əlavələrin nəzərə almaması qanunvericiliyin tələblərinə zidd olmuş və işə baxan birinci instansiya məhkəməsi də məhz, cavabdehin həmin mövqeyi ilə razlaşaraq iddianı rədd etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Beləliklə də, məhkəmə kollegiysı, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və iddiaçıya işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 243,75 məzuniyyət günlərinə görə son-haqq hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanması və yaranmış fərq məbləğinin (yəni, son haqq-hesabının ödənilməyən hissəsinin) ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır (İş materiallarından görünür ki, eyni halllar üzrə Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5323/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 243,75 gün məzuniyyət günlərinə görə son-haqq hesabının, onun vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar