Məhkəmə qərarları › İş №2-1(103)-2570/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2570/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2570/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin verilməsi və s.” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4751/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiaçının keçmiş AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin, iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətlərinin iddiaçıya təqdim edilməsi və Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə “Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası ”vəzifədən azad edilməsi barədə əmrin və iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətlərinin iddiaçıya təqdim edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli 12/Q-1229 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərmanına uyğun olaraq, hərbi xidmətdən tərxis olunma və general-mayor hərbi rütbəsindən məhrum edilmə barədə əmrlər dövlət sirrinə aid edildiyindən onların surətlərinin Sizə təqdim olunması mümkün hesab edilməmişdir. Bununla yanaşı, maliyyə ödənişləri barədə arayış ilə əlaqədar cari ilin yanvar ayında DTX-nin Maliyyə idarəsi tərəfindən Sizə müvafiq cavab verilmişdir (xx.xx.2021-ci il tarixli 12/Q-151 məktub).” Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmrindən çıxarışı “məxfi” qrifi ilə məhkəməyə göndərilmişdir. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan Azərbaycan Respublikasının vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçının ona təqdim edilməsini tələb etdiyi Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri barədə məlumat öz əksini tapmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verilməsini tələb etdiyi Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri mövcud qanunvericiliyə əsasən dövlət sirrinə aid edildiyindən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunduğundan, həmçinin həmin əmr barədə məlumat iddiaçının Əmək kitabçasında öz əksini tapdığından iddia tələbi “AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin surətinin təqdim edilməsi” hissəsində düzgün olaraq mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə, surəti iddiaçıya ünvanlanmış arayışından görünür ki, Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 1(093)- 7/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirli bilinib əsas cəza kimi 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə, həmçinin həmin Məcəllənin 48-ci maddəsini tətbiq etməklə əlavə cəza kimi ali hərbi rütbədən məhrumolma cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir: 48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar; 48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar. Məhkəmə kollegiyası iddia tələbinin “iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətinin təqdim edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldiyindən, iddia tələbi həmin hissədə də mümkün sayılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək hesab edir ki, şikayətin əsasları iş materialları ilə öz təsdiqini tapmamış və qərardadın ləğvi üçün əsas təşkil etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar