Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2570/2024 23.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: X3) “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının rejissor vəzifəsinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq ona dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972-ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilən qərarda Ali Məhkəmənin mövqeyi əsas gətirilərək bildirilmişdir ki, iddiaçı digər şəxslər ilə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə iddia ərizəsi ilə müraciət etmiş, inzibati məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərininin ödəməməsi əsası ilə mümkün sayılmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1 (102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi halların hazırki iddianın təminini istisna etmir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X1 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Bundan başqa Ali Məhkəmə müvafiq qərarda analoji olaraq 2-1 (102)-1819/2022 nömrəli işdə əks olunan hüquqi mövqeyin əsas götürülməsini bildirmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki: Ali Məhkəmənin Nazirlər Kabinetinin üzərinə müvafiq öhdəliyin qoyulmasının qanunvericiliklə mümkün olmamasını bildirməsi həmin öhdəliyin cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması kimi şərh ediə bilməz. Belə ki, iddiaçıların həmin iddiası üzrə hüquqi marağı işlədikləri vəzifənin Uyğunlaşdırma Siyahısına salınması ilə bağlı olmuşdur. İndiki halda cavabdehin belə bir səlahiyyəti yoxdur. Bundan başqa Ali Məhkəmə qərarda analoji olaraq 2-1 (102)-1819/2022 işdə olduğu kimi X1 rəyinin alınmaqla məsələnin həll oluna bilməsinə münasibətdə qeyd edirik ki, həmin iş üzrə faktiki hallar hazırki işdən tamamilə ayrıdır. Həmin iş üzrə iddiaçının işlədiyi vəzifə Uyğunlaşdırma siyahısında mövcuddur və X3 rəy verərək vəzifənin Siyahıda olmasını eyni zamanda dövlət qulluğu stajı kimi nəzərə alına biləcəyini bildirmişdir. Belə ki, Ali Məhkəmənin istinad etdiyi işdə iddiaçının 18 oktyabr 1991 -ci il tarixdən əvvəlki dövrlərdə işlədiyi vəzifənin dövlət qulluğu hesab edilib-edilməməsi ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X1 04/4-22/29696 nömrəli məktubunda qeyd edilmişdir ki, Siyahının 1.17-ci bəndində rayon icraiyyə komitəsinin aparatında bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislərin vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Yuxarıda qeyd edilən Siyahıya əsasən iddiaçının 1983-1991-ci illərdə işlədiyi Rusiya Federasiyasının Kursk Vilayəti icraiyyə Komitəsinin Ticarət İdarəsi həmin Komitənin aparatında nəzərdə tutulduğu və Ticarət İdarəsinin ştat cədvəlində baş arbitr və baş hüquqşünas vəzifələri mövcud olduğu halda, həmin illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. Hazırki iş üzrə iddiaçının işlədiyi vəzifə ümumiyyətlə uyğunlaşdırma siyahısında nəzərdə tutulmamışdır. X1 rəyinə münasibətdə məhkəmə rəyin müsbət olduğunu qeyd etmişdir. Lakin verilən hər iki rəydə yuxarıda qeyd olunduğu kimi hazırda iddiaçının vaxtilə işlədiyi vəzifənin siyahıda nəzərdə tutulmadığı üçün dövlət qulluğu vəzifəsi olmadığını məslənin Nazirlər Kabinetinin səlahiyyətinə aid olduğu bundan başqa Nazirlər Kabineti tərəfindən uyğunlaşdırmanın aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Göründüyü kimi X3 uyğunlaşdırmanın Nazirlər Kabineti tərəfindən aparılmasına etiraz edilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda rəyin müsbət olduğunu bildirmişdir. Bundan başqa is üzrə üçüncü şəxs qismində cəlb edilən X1 məhkəmə iclasında çıxış edən nümayəndəsi tərəfindən hazırda sözügedən vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı və dövlət qulluğu stajı kimi nəzərə alına bilmədiyi bildirmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilən qərarda sözügedən məsələyə toxunulmamışdır. Əlavə olaraq birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bundan başqa qərarda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirilmişdir ki: Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik istənilən ardıcıl gələn 60 ayın və ya son 24 avın əmək haqqı məlumatlarının təqdim edilməsini sərt kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən sözügedən normaya eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddəsinə istinad edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlədiyi vəzifədə aldığı əməkhaqqı barədə məlumatlar təqdim edilməmiş və məhkəmə tərəfindən əməkhaqqı cədvəli tələb edilmədən iddia təmin edilmişdir. Göründüyü kimi məhkəmə qərarda istinad etdiyi normanı pozmaqla icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, qərarın qanuni qüvvəsini alacağı təqdirdə əməkhaqqı barədə məlumatlar mövcud olmadığından nəyin əsasında pensiyanın hesablanacağı müəmmalıdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinini arzulayır və bunu müxtəlif qurumlar tərəfindən verilmiş rəylərə əsaslanaraq işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrnin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələr dövlət qulluğu stajına aid edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlara (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələr təyin edilir; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -(20.11.1) dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; -(20.11.2) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. -(20.11-1) Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya) müddəalarına görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991- ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Radio və televiziya komitəsinə rejissor köməkçisi vəzifəsində, xx.xx.1975-ci il tarixdə Azərbaycan SSR Radio və televiziya komitəsinə rejissor köməkçisi vəzifəsində işləmiş, xx.xx.1978-ci il tarixdə İ dərəcəli rejissor assistenti vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə İİİ dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.1991-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Radio və televiziya komitəsinə V dərəcəli fotolaborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə televiziyanın “Uşaq” yaradıcılıq birliyinə 3-cü dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə televiziyanın “İqtisadiyyat və sosial həyat” verilişləri baş redaksiyasının 3-cü dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə Tarifləşdirmə komissiyasının qərarı ilə həmin redaksiyada 2-ci dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə həmin redaksiyada ali dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə Televiziyanin Xəbərlər və İctimai-Siyasi proqramlar redaksiyasının “Sosial proqramlar” şöbəsinə ali dərəcəli rejissor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə Televiziyanın “İctimai siyasi proqramlar” baş redaksiyasına ali dərəcəli rejissor vəzifəsinə keçirilmişdir. Hazırkı iş üzrə cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələ, iddiaçının işlədiyi rejissor köməkçisi, rejissor vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmaması və sözügedən vəzifələrin uyğunlaşdırılmasına səlahiyyətin Azərbaycan Respublikası Nazirlər Kabinetinə aid olmasıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna etmir. Həmin qərarda Azərbaycan Respublikası Ali Məhkəməsi X1 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. İş materiallarından isə görünür ki, Azərbaycan Respublikası X1 rəyi müsbət olmuşdur. Belə ki, həmin məktubda (rəy) qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X4 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X2 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikası X3 Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması, bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həllinin məqsədə uyğun hesab edilməsi barədə rəyinin zəruriliyi ilə bağlı bildirir ki, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vəzifələrinə aiddir. (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamə) Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi normayaratma fəaliyyətinin subyekti olaraq bu fəaliyyətdə vacib yer alan mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda həmin orqanın müsbət rəyi iddiaçının işlədiyi dövrlərin dövlət qulluğuna daxil edilməsində əhəmiyyət kəsb edir.” Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik istənilən ardıcıl gələn 60 ayın və ya son 24 avın əmək haqqı məlumatlarının təqdim edilməsini sərt kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən sözügedən normaya eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddəsinə istinad edilməsinə baxmayaraq iddiaçı tərəfindən işlədiyi vəzifədə aldığı əməkhaqqı barədə məlumatlar təqdim edilməmiş və məhkəmə tərəfindən əməkhaqqı cədvəli tələb edilmədən iddia təmin edilmişdir. Göründüyü kimi məhkəmə qərarda istinad etdiyi normanı pozmaqla icrası mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, qərarın qanuni qüvvəsini alacağı təqdirdə əməkhaqqı barədə məlumatlar mövcud olmadığından nəvin əsasında pensiyanın hesablanacağı müəmmalıdır. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırkı iş üzrə iş materiallarında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim olunması üçün verilmiş arayışda 1989-cu ilin oktyabr ayından 1991-ci ilin noyabr ayınadək iddiaçıya hesablanmış əmək haqqı və qonarar haqqı qeyd edilmişdir. Həmin arayışın sonradan məhkəməyə təqdim edilməsi məhkəmə qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün əsas hesab oluna bilməz. Beləliklə, yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2570/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2570/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver