Məhkəmə qərarları › İş №2-1(103)-2571/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2571/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2571/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1995-ci ildə tikilmişdir. İddiaçılar həmin evi 2003-ci ildə almış, həmin vaxtdan o evdə yaşayırlar (İddiaçı4 2018-ci ildən yaşayır). İddiaçılar hazırda Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadırlar. Fərdi yaşayış evinin olmasına baxmayaraq polis idarəsində qeydiyyatda olmaqları onlara bir sıra ciddi problemlər yaradır, o cümlədən onlara aid olan məhkəmə və digər orqanlardan gələn sənədləri əldə edə bilmirlər. Hal-hazırda yaşadıqları evdə bütün komunal xidmətlərdən istifadə edir, həmin fərdi evin faktiki sahibi, istifadəçisidirlər və hesab edirlər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaqlarında heç bir problem yoxdur. İddiaçılar hesab edirlər ki, qeyd olunan ünvanda uzun müddət yaşayaraq komunal xidmətlərdən istifadə etmələri, həmin evə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlığı ifadə edir. Qeyd etdiyi faktlar və sübutlar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd hesab oluna bilər. Xətai rayonu, Mirzə Davud küçəsi, ev 11/16 ünvanında uzun müddət 20 ildən artıq yaşadıqları, kommunal (işıq,qaz, su və telefon) xidmətlərdən istifadə etmələri və işin içində olan Bakı şəhəri Xətai rayon İH-nin MKTB-nin 2 saylı MKİS tərəfindən verilmiş arayışda həmin evə kifayət qədər, sabit dərəcədə davamlı bağlılığı ifadə edir ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. « Məhkəmə öz mövqeyini «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən əsaslandırmışdır. Qərar əsassızdır. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icarə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun birinci maddəsinin məqsədindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyatı həmin maddədə olan hüquq və vəzifələrdən istifadə etməyiblər. Şəxsin daimi yaşadığı yaşayış yerinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsinin olmaması Mülki Məcəllənin 27.1-ci və bu qanunun birinci maddəsinin icrasını özü-özlüyündə mümkünsüz edir. Qanunun icrası hər bir vətəndaş üçün əlçatan olmalıdır. 5-ci maddsində qeyd olunan, yaxud Azərbaycan Respublikası qanunvericilyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsinin olmaması nəticəsində həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatının icrasını çətinləşdirməsin.» Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçıların tələbindən göründüyü kimi, ünvan 1 ünvanına qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişlər. Cavabdeh qeydiyyat orqanı işə əlavə olunmuş iddiaçıya ünvanladığı imtina məktubunda bildirmişdir ki, həmin ünvana qeydiyyata alınmaq üçün «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində yaşayış sahəsinə köçməyə əsas verən sənədlər təqdim edildikdən sonra məsələyə baxıla bilər. Odur ki, iddiaçılara onların məhkəməyə müraciət etmək hüquqları izah olunmaqla, dolayısı ilə onların qeyd olunan ünvana qeydiyata alınmasından imtrna olunmuşdur. Məhkəmə kollegiyası hesabedir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıları mübahisəli ünvana pasport qeydiyyatına almaqdan imtina etməsi əsaslıdır. Belə ki, iş materallarından görünür ki, mübahisəli ünvanda yerləşən iddiaçıların yaşadığı ev özbaşına tikilidir. 2 saylı MKİS tərəfindən tərtib və təsdiq edilmiş Mirzə Davud küçəsi 11/16 saylı özbaşına tikilən həmin evin mövcud planının surətinə əsasən 1995-ci ildə inşa edilmiş və evin sahibi İddiaçı2dır. Planda həmçinin qeyd olunmuşdur ki, «ərazidən istilik xəttinin keçməsi səbəbindən tikinti işləri aparmaq olmaz. Birinci instansiya məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatdan keçməsinə dair məlumatın aşkar edilməmişdir. Eyni zamanda, Xətai rayon İH MKTB-nin 2 saylı MKİS tərəfindən verilmiş arayışda təsbit olunur ki, iddiaçılar ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Eyni zamanda, Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyat barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə, tədqiq olunan sübutlarla, habelə, iddia ərizəsinə və apellyasiya şikayətinə əsasən müəyyən olunan hallar baxımından, iddiaçıların özbaşına inşa edilmiş tikilidə yaşadıqları işin mübahisələndirilməyən hallarını təşkil edir. «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: - «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsinin imperativ tələblərindən aydın göründüyü kimi, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Həmin Qanunun 2-ci maddəsinin tələbində isə göstərilir ki, şəxsin “yaşayış yeri” dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun qeyd olunan normasından göründüyü kimi, 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq üç əsasla “şəxsin yaşadığı ev, mənzil və i.a.” yaşayış yeri kimi başa düşülə bilər: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Bu baxımdan, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamı da, məhz, “yaşayış yeri” dedikdə, məhz xüsusi qanunvericilikdə müəyyən edilən hüquqi əsaslara malik “yaşadığı yer” anlamını verir. İşin hallarından isə göründüyü kimi, iddiaçılar faktiki yaşadıqları evə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etmək iqtidarında deyillər. Çünki, yaşadıqları ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Qeyd olunan halda, qanunverici dəqiq müəyyən edir ki, həmin «başqa sənəd» qanunla müəyyən edilən bir hüquq verən sənəd olmalıdır. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 81-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, Qanunun 5-ci maddəsinin qeyd olunan müddəasında qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» istənilən hər hansı bir bir sənədi nəzərdə tutmur. Qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə yalnız, şəxsin yaşayış yerinə qeydiyyata alınmaq hüququ yaranmış olur. Bu baxımdan iddiaçıların uzun müddət özbaşına inşa etdiykləri tikilidə yaşaması, kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə görə çəkdikləri xərcələri ödəmələri mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə öhdəlikləri üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Lakin iddiaçılar tərəfindən yaşadıqları həmin ünvana dair cavabdeh orqana qanunvericiliyin tələb etdiyi sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Yəni, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə istifadə, icarə və mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcüd olmadığından iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının, mülkiyyətçi hüququnu qoruyan normalarına istinad olunan dəlilləri ilə razılaşmaq mümkün deyil. Göründüyü kimi, iddiaçıların mübahisəli ünvana qeydiyyata alınmasından imtina etmək məhz, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, işin hallarına və qanunvericiliyin göstərişlərinə müvafiq olaraq iddia tələbi təmin edilməmişdir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3449/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3449/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar