Məhkəmə qərarları › İş №2-1(103)-2573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2573/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2573/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 22.04.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 22.04.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2021 saylı 27 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu tərəfindən verilmiş EV seriyalı 275908 saylı 22.06.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1974-cü ildə həmin instituta daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. Lenin rayon Hərbi komissarlığı tərəfindən verilmiş HЗ seriyalı ******* saylı 24.11.1975-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 24.11.1975-ci il tarixdən 16.11.1977-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. İddiaçıya məxsus 29.11.1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, 29.11.1974-cü ildən – 04.06.1975-ci ilədək “Xüsusi Təmir-Tikinti Tresti”nin 1 №li Xüsusi Təmir Tikinti İdarəsində, 22.01.1975-ci ildən 14.11.1975-ci ilədək Azərbaycan SSR DİNnin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, 15.12.1977-ci ildən 28.02.1979-cu ilədək Azərbaycan SSR DİN-nin Tikinti Trestinin 3 №li Tikinti İdarəsində, 01.03.1979-cu ildən 06.06.1979-cu ilədək Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontorunda, 21.06.1979- cu ildən 16.10.1986-cı ilədək “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, 23.10.1986-cı ildən 30.03.1987-ci ilədək “Mənzil Təsərrüfatı DPİ yanında Mərkəzi Qəzadispetçer xidməti”ndə, 06.04.1987-ci ildən 01.09.1994-cü ilədək “Azərbsutikinti”də, 20.02.1995-ci il tarixdən 05.11.1996-cı ilədək “Azərsutikinti Konserninin Fəhlə Təchizatı Birliyi”ndə işləmiş, 22.11.1996-cı il tarixdə “Azərenerjimənziltikinti” QTSC-də təchizatçı vəzifəsinə qəbul olunmuş, 17.04.1998-ci ildə cəmiyyətin adı dəyişdirilərək "xxxx" olduğu üçün həmin idarənin işçisi sayılmış, 26.12.2001-ci ildə işdən azad edilmişdir. Mingəçevir şəhəri "xxxx" X8 Cəmiyyəti tərəfindən verilmiş 03 saylı 16 iyun 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 22 noyabr 1996-cı il tarixdən 26 dekabr 2001-ci il tarixədək Cəmiyyətin Təhcizat şöbəsinin təchizatçısı vəzifəsində işləmişdir. Cəmiyyətin ümumi yığıncağının 01 saylı 03 aprel 1998-ci il tarixli protokoluna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin17 aprel 1998-ci il tarixli 10/24 saylı qeydiyyatına əsasən cəmiyyətin əvvəlki adı (“Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyəti) dəyişdirilərək "xxxx" QTSC adlandırılmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 23.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş əmək kitabçasına əsasən onun 01.01.2006-cı ilədək ümumi iş stajı 21 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı 15709,66 manat olmaqla, qanunla tələb olunan məbləğdən (28.800 manat) azdır. Azərbaycan Respublikası X4 filialının 22 yanvar 2021-ci il tarixli aktına əsasən 17.04.1998-ci ildən 26.12.2001-ci ilə qədər işləmiş olduğu "xxxx" QSC sənədlərini Dövlət Arxiv İdarəsinin igəçevir filialına təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 22.04.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciəti onun ümumi iş stajının qanunla tələb olunan müddətdən az hesablanmasına istinad edilərək təmin olunmamışdır. O, müxtəlif idarələrdə işləmiş və 24.11.1975-ci il tarixdən 16.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan onun 22.04.2020-ci ilədək 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda 22.04.2020-ci ildə 64 yaş 6 ayının tamam olmasını nəzərə almadan, onun ərizəsini təmin etməməklə əsassız olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası 64 il 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 il 06 ayda, yəni 22.04.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28.800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: İddiaçı 24.11.1975 – 16.11.1977-ci illər ərzində hərbi xidmətdə olduğu dövr; 29.11.1974 – 04.06.1975-ci illər ərzində “Xüsusi Təmir-Tikinti Tresti”ndə, 22.01.1975 – 14.11.1975-ci illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 15.12.1977 – 28.02.1979-cu illər ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 01.03.1979 – 06.06.1979-cu illər ərzində “Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontoru”nda, 21.06.1979 – 16.10.1986cı illər ərzində “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə, 23.10.1986 – 30.03.1987-ci illər ərzində “MT DPİ yanında Mərkəzi Qəza-dispetçer xidməti”ndə, 06.04.1987 – 01.09.1994-cü illər ərzində “Bakı İTŞ yanında Bakı Qlavxozmeliovodstroy”da, 20.02.1995 – 05.11.1996-cı illər ərzində “Azərsutikinti Konserninin Fəhlə X2 Birliyi”ndə işlədiyi dövrlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2021 saylı 27 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 22.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının 1974-1981-ci illər ərzində təhsil aldığı və 22.11.1996-cı il tarixdən 26.12.2001-ci illər ərzində "xxxx" QSC-də işlədiyi dövrlər mübahisələndirilir. Təhsil müddəti iddiaçının iş stajı ilə üst-üstə düşdüyü üçün nəzərə alına bilməz. Bundan başqa sözügedən müəssisənin arxiv sənədləri X4 filialına təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş həmin müəssisənin verdiyi 16.06.2021-ci il tarixli 03 nömrəli arayış mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, həmin arayışın latın qrafikası ilə yazılmasına baxmayaraq, möhür üzərində qeyd edilmiş yazılar latın qrafikasına aid deyildir. Görünür ki, möhür arxivə təhvil verilməmişdir. Belə ki, sözügedən müəssisə halhazırda fəaliyyət göstərir və müəyyən müddət keçdikdən sonra müvafiq sənədlər arxivə təhvil verilməlidir. Lakin göründüyü kimi, müvafiq sənədlər müəssisə tərəfindən arxivə təhvil verilməmişdir. Belə olan halda iddiaçının sözügedən müəssisədə işləməsi şübhə doğurur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 23.02.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 19.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “ona 22.04.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından onun sığorta stajının az olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının qanunla tələb olunan ümümi iş stajının 25 ildən çox (26 il 08 ay 23 gün) olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədi, əmək kitabçasını və iş yerindən arayışını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 24.11.1975-ci il tarixdən 16.11.1977ci il tarixədək hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçı xx xxxxxxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 64 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaya dair etirazın və apellyasiya şikayətinin məzmunundan məlum olur ki, cavabdeh orqan tərəfindən iddiaçının 24.11.1975 – 16.11.1977-ci illər ərzində hərbi xidmətdə olduğu dövr (1 il 11 ay 22 gün); 29.11.1974 – 04.06.1975-ci illər (7 ay) ərzində “Xüsusi Təmir-Tikinti Tresti”ndə, 22.01.1975 – 14.11.1975-ci illər (burada 04.08.1975-ci ildən nəzərə alınmaqla 3 ay) ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 15.12.1977 – 28.02.1979-cu illər (1 il 2 ay) ərzində “Azərbaycan SSR DİN-nin Tikinti İdarəsi”ndə, 01.03.1979 – 06.06.1979-cu illər ərzində “Azkooptikinti Trestinin Bakı Təmir-Tikinti Kontoru”nda, 21.06.1979 – 16.10.1986-cı illər ərzində “Azərbaycan kənd təsərrüfatı su kəməri tikintisi”ndə (ümumilikdə 7 il 7 ay), 23.10.1986 – 30.03.1987-ci illər (5 ay) ərzində “MT DPİ yanında Mərkəzi Qəza-dispetçer xidməti”ndə, 06.04.1987 – 01.09.1994-cü illər (7 il 5 ay) ərzində “Bakı İTŞ yanında Bakı Qlavxozmeliovodstroy”da, 20.02.1995 – 05.11.1996-cı illər (1 il 8 ay 15 gün) ərzində “Azərsutikinti Konserninin Fəhlə X2 Birliyi”ndə işlədiyi dövrlər mübahisələndirilmir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun ümumi iş stajı hərbi xidmət dövrü və 22.11.1996-cı il tarixdən 26.12.2001-ci il tarixədək (5 il 1 ay) "xxxx" QTSC-də işlədiyi müddət də nəzərə alınmaqla (27.06.1974-cü il tarixdən 1981-ci il tarixədək olan təhsil müddəti iddiaçının iş stajı ilə üst-üstə düşdüyü üçün və onlardan yalnız birinin nəzərə alınmalı olduğuna görə həmin müddət hesablanmamaqla) ümumilikdə 25 il 2 ay 7 gün təşkil edir. Hazırki işdə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi stajının kifayət qədər olmaması (25 ildən az olması) və pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının 22.11.1996-cı il tarixdən 26.12.2001ci il tarixədək (5 il 1 ay) "xxxx" QTSC-də işlədiyi müddəti mübahisələndirir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin **********12900 saylı 15.07.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" QTSC-nin (VÖEN: **********) təsis sənədlərinin (nizamnamə) surətlərindən müəyyən olunur ki, Cəmiyyət 10/24 №li şəhadətnamə ilə 17 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnaməsinin 1-ci bəndində göstərilmişdir ki, Cəmiyyət Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 noyabr 1991-ci il tarixli, 12 saylı Sərəncamı ilə qeydiyyata alınmış “Azərenerjimənziltikinti” QTSC-nin bazasında yaradılmaqla, onun hüquqi varisidir. Cəmiyyət hüquqi varisi olduğu Cəmiyyətin adının dəyişdirilməsi və əsasnaməsinin yeni redaksiyada qəbul olunması ilə yaradılmışdır. Həmçinin "xxxx" QSC tərəfindən verilmiş 03 saylı 16 iyun 2021-ci il tarixli arxiv arayışında İddiaçı 22 noyabr 1996-cı il tarixdən 26 dekabr 2001-ci il tarixədək Cəmiyyətin Təhcizat şöbəsinin təchizatçısı vəzifəsində işlədiyi bir daha təsdiq olunmaqla yanaşı bildirilmişdi ki, Cəmiyyətin ümumi yığıncağının 01 saylı 03 aprel 1998-ci il tarixli protokoluna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 aprel 1998-ci il tarixli 10/24 saylı qeydiyyatına əsasən cəmiyyətin əvvəlki adı (“Azərenerjimənziltikinti” Səhmdar Cəmiyyəti) dəyişdirilərək "xxxx" QTSC adlandırılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 noyabr 1991-ci il tarixli 12 saylı Sərəncamı ilə qeydiyyata alınmış “Azərenerjimənziltikinti” QTSC-də 22.11.1996-cı il tarixdən (sonradan 17.04.1998-ci ildə cəmiyyətin adı dəyişdirilərək "xxxx" QSC olmuş, əmək kitabçasında bu barədə və iddiaçının həmin QSC-nin işçisi sayılması barədə qeydlər öz əksini tapmışdır) 26.12.2001ci il tarixədək işlədiyi müddətin onun stajına daxil edilməsi üçün qanunla hər hansı məhdudiyyətin olması iş üzrə müəyyən olunmur. Belə olan halda iddiaçı qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan dövrlər, həmçinin hərbi xidmət dövrü üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrü nəzərə alınmaqla olan müddət onun stajına daxil edilməlidir. Cavabdeh tərəf iddiaçının əmək kitabçasındakı qeydlərin düzgün olmadığını, ya da mübahisələndirdiyi 22.11.1996-cı il tarixdən 26.12.2001-ci il tarixədək (5 il 1 ay) "xxxx" QTSC-də işlədiyi müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi ilə aparılan araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçının onun 22.11.1996-cı il tarixdən 26.12.2001-ci il tarixədək "xxxx" QTSC-də işlədiyi müddətlə bağlı təqdim etdiyi 16.06.2021-ci il tarixli 03 nömrəli arayış latın qrafikası ilə yazılmaqla yanaşı, müəssisənin möhüründə də qeyd edilmiş yazılar iki dildə- azərbaycan dili (məhz latın qrafikası ilə) və rus dilindədir. Odur ki, həmin müəssisənin verdiyi arayışın mötəbər sübut kimi qiymətləndirilə bilməməsi, həmçinin müəssisənin fəaliyyətdə olduğu təqdirdə onun tərəfindən sənədlərinin arxivə təhvil verilməsinin zəruriliyi və iddiaçının qeyd olunan müddətlərdə həmin müəssisədə işləməsini şübhə altına alacaq hallar cavabdeh tərəfindən kifayət qədər əsaslandırılmamış hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki vəziyyətdə cavabdeh inzibati orqan iddiaçının 22.11.1996-cı il tarixdən 26.12.2001-ci il tarixədək "xxxx" QTSC-də işlədiyi müddətin onun iş stajına hesablanmalı olmadığını yetəri qədər əsasdlandıra bilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu da sübuta yetirə bilmir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün Kollegiya hesab edir ki, digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Hazırki işdə iddiaçı həm də ona ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, işə baxan məhkəmə qərarın nəticə hissəsində iddianın təmin edilərək, həmin hissə üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, sadəcə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini qeyd etmiş, bu hissəni iddiaçı mübahisələndirməmişdir. Odur ki, Kollegiya bu halı kobud pozuntu kimi qəbul etmir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla yanaşı qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rədd edilməsi üçün əsas vermir, buna görə də apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2021 saylı 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5166/2021 saylı 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar