Məhkəmə qərarları › İş №2-1(103)-2573/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2573/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2573/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin tutulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5522/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 245,79 manat dövlət vəsaitinin cavabdehdən tutularaq, Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh mərhum anasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 845,79 (səkkiz yüz qırx beş manat yetmiş doqquz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X4 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 845,79 manat məbləğindən çıxılmış, qalan 245,79 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir.Tərəfimizdən Cavabdeh yaranmış 245,79 manat borcu, Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5522/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadı ləğv edib, artıq ödənilmiş 245,79 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh xx.xx.2020ci il tarixində ərizə ilə filiala müraciət edərək anası X1 xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma nəticəsində isə məlum olumuşdur ki, cavabdeh mərhum anasının ölümü haqqında məlumatı və bu barədə şəhadətnaməni Filala vaxtında təqdim etmədiyindən onun kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüş və sonuncu tərəfindən 845,79 manat kart hesabından çıxarılmışdır. Qanunun 42.2-ci maddəsinə əsasən isə həmin vaxt ölkə üzrə minimum (200) manat üç misli miqdarında (600 manat) ödənilməli olduğu halda, artıqd ödənilən 245,79 manat qaytarılmalıdır. Qanunun 38-ci maddəsinə görə cavabdeh əmək pensiyasının dayandırılmasına əsas olan hal barədə pensiya təyinatçısına məlumat verməyə borclu olduğu halda, anasının ölümü barədə məlumatı iddiaçıya verməmişdir. Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ıddiaçının nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçınn apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında “İnzibati icraat haqqında” Qanunun 81.1, 82.1-82.3, habelə İcra haqqında” Qanunun 6.1.8-ci maddələrinə istinadən hesab etmişdir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən həyata keçirilir. İnzibati aktı qəbul etmiş inzibati orqanın (hazırki işdə iddiaçı) tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və onu müstəqil qaydada (məhkəmə qərarının qəbul edilməsi tələb olunmadan) aidiyyəti üzrə icraya yönəltmək hüququ vardır. Daha sonra, məhkəmə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1-ci bəndi ilə DSMF-nin fəaliyyətindən irəli gələn səlahiyyət dairəsini sadaladıqdan sonra hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “inzibati orqan təsnifatına aid edilən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaş Cavabdeh artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması barədə qərarı icra sənədi sayılır və onun icra olunması üçün müvafiq orqana göndərilməsi inzibati orqanın özünün də səlahiyyətindədir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə, məhkəmə qərarı tələb olunmur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi tamamilə yanlışdır. Belə ki, hazırkı mübahisəli hüquq münasibətləri əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq, yəni, “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən qaydalara uyğun həll edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun “Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması” adlanan 39-cu maddəsi aşağıdakıları nəzərdə tutur: “39.1.. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.” Qanunun qeyd olunan 39.1-ci və 39.4-cü maddələrinin imperativ tələblərindən göründüyü kimi, artıq ödənilmiş əmək pensiyasının məbləği yalnız tərəflərin qarşılıqlı razılığı ilə pensiya təyin edən orqanının qərarı əsasında tutulur və ya könüllü qaydada ödənilir. Belə hallar mövcud olmadıqda isə yalnız məhkəmə qaydasında tutularaq qaytarılır. Konkret halda, iş materiallarına əsasən iddiaçının cavabdehlə artıq ödənilmiş pulun geri qaytarılmasına dair qarşılıqlı razılığı yoxdur. Eyni zamanda cavabdeh tərəfindən həmin pulun könüllü qaytarıliması ilə bağıl hərəkətləri də müəyyən olunmur. Belə olan halda, artıq ödənilmiş pulun məhkəmə qaydasında tələb olunması tamamilə qanunidir. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən: 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.3. ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbləri baxımından “Əmək pensiyaları haqqında” Qanunu sahə normativ hüquq aktıdır. Həmin Qanunun 39-cu maddəsi isə xüsusi normadır. Deməli, hazırkı mübahisəli hüquq münasibətləri Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənməlidir. Ona görə də qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən artıq ödənilmiş pulun məhkəmə qaydasında tələb olunması qanunun tələblərinə uyğundur. Həmçinin qeyd olunmalıdır ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə bu qəbildən olan öhdəliyin icrası haqqında iddialara məhkəmə qaydasında baxılır. Birinci instansiya məhkəməsiin qərardadından isə görünür ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5522/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5522/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar