Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2574/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya məbləğinin iddiaçıya verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1211/2021 saylı, 07 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdr ki, fərdi yaşayış evində icarəyə götürən və ya müvəqqəti məskunlaşan şəxslər yaşaya bilərlər. Lakin həmin fərdi yaşayış evinin sökülməsi zamanı yalnız mülkiyyətçi maddi və mənəvi zərər çəkmiş hesab edilir. Sözügedən Sərəncamın 4.1 və 4.2-ci bəndlərinə müvafiq icra hakimiyyəti tərəfindən əməl edilməmişdir. Mülkiyyətimizdə olan əmlaka tərəfimizdən baxış keçirilməsi üçün yaxınlaşdığımız zaman əmlakın artıq sökülməsi müşahidə edildi və bununla bağlı 03.04.2021-ci il tarixli, 318 saylı müvafiq akt tərtib edilmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən söküntüsü artıq həyata keçirilmiş, lakin kompensasiya ödənişinə aid hissə bu günədək icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 5/8 nömrəli, 16 fevral 2017-ci il tarixli məktubuna əsasən İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi sürüşmə sahəsində olduğu üçün həmin ev ilə əlaqədar kompensasiya verilməsi məsələsinin həllində Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna köməklik göstərilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin Suraxanı rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı 04.06.2014-cü il tarixli məktubuna əsasən, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evi sürüşmə sahəsində olduğu üçün həmin ev ilə əlaqədar bağlı bütün məsələlərin İddiaçı ASC ilə razılaşdırılması xahiş edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 23 aprel 2020-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli, 2-1(81)-1594/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edildiyi üçün ləğv prosesində olan İddiaçı ASC-yə məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsində yerləşən 43D nömrəli fərdi yaşayış evinin sürüşmə zonasında yerləşməsi ilə bağlı kompensasiya məbləğinin ləğv prosesində olan İddiaçı ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmanətlərin Sığortalanması Fondunun direktoruna ünvanladığı 16.06.2020-ci il tarixli, 1/748 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.2018-ci il tarixli 874 s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərindən köçürülməsi nəzərdə tutulan sakinlərə, o cümlədən Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki 43D nömrəli ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin sakini X3 55.000 (əlli beş min) manat məbləğində birdəfəlik maddi yardım ayrılması nəzərdə tutulmuşdur. Mülkiyyətçi İddiaçı ASC-nin hesabına, sözügedən birdəfəlik maddi yardımın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrasına uyğun olaraq həmin ünvanda qeydiyyatda olan sakinlərin notarial qaydada razılıqları alındıqdan və ya vəsaitin ödənilməsinə dair müvafiq məhkəmə qərarı olduqdan sonra RİH tərəfindən müraciəti müsbət həll edilə bilər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli, 27.01.2017-ci il tarixli çıxarışa əsasən, ünvan 4 İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nin adına ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair **********61- 10301 reyestr nömrəli, 27.01.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1594/2016 nömrəli, 16 avqust 2016-cı il tarixli qərardadına əsasən, lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-956/2014 nömrəli, 18 aprel 2014-cü il tarixli Qətnaməsinə əsasən, X1 45.000 ABŞ dolları məbləğində əsas, 28.225 ABŞ dolları faiz, ümumilikdə 73.225 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutulacaq məbləğin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 43D nömrəli fərdi yaşayış evinə və 0,025 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predimetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X5 qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 may 2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən məhkəməyə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2018-ci il tarixli sərəncamının 3-cü hissəsinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə birdəfəlik maddi yardıma, bank xidmətləri xərcinə, ev əşyalarının daşınmasına, 3 aylıq kirayə haqqına, həmin fərdi yaşayış evlərinin söküntüsünə və ərazinin abadlıq işlərinə ümumilikdə 2.891.960,0 manat məbləğində vəsait 2018-ci il dövlət büdcəsindən aidiyyəti üzrə Suraxanı rayon İcra Hakimiyyətinə ayrılmışdır. Eyni zamanda, sərəncamın 4.1-ci hissəsinə əsasən birdəfəlik maddi yardımlar və kirayə haqlarının ailə başçıları üçün açılmış bank hesablarına köçürülməsi müvafiq olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli, 20 dekabr 2018-ci il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evlərində yaşayan ailələrin köçürülməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinə vəsait ayrılması barədə” sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Zığ-1” sürüşmə sahəsində qəza vəziyyətinə düşmüş 59 fərdi yaşayış evində yaşayan sakinlərin köçürülməsi məqsədi ilə 44 ədəd bir mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 40.000,0 (qırx min) manat, 15 ədəd iki mərtəbəli fərdi yaşayış evinin sakinlərinin hər birinə 55.000,0 (əlli beş min) manat olmaqla, birdəfəlik maddi yardım verilməsi üçün 2 585 000,0 (iki milyon beş yüz səksən beş min) manat, həmçinin bank xidmətləri xərci üçün 15.510 (on beş min beş yüz) manat olmaqla, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin X7 Rayon İcra Hakimiyyətinə cəmi 2 600 510,0 (iki milyon altı yüz min beş yüz on) manat məbləğində vəsait ayrılması, zərərçəkmiş 59 ailənin hər birinə ev əşyalarının daşınması üçün 500,0 (beş yüz) manat olmaqla 29.500,0 ( iyirmi doqquz min beş yüz) manat, 3 aylıq kirayə haqlarının ödənilməsi məqsədi ilə hər ay üçün 350,0 (üç yüz əlli) manat olmaqla 61.950,0 (altmış bir min doqquz yüz əlli) manat, həmin fərdi yaşayış evlərinin söküntüsünə və söküntü işləri başa çatdıqdan sonra abadlıq işlərinin aparılması üçün 200.000,0 (iki yüz min) manat olmaqla, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanın 1.14.3.2-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinə 291 450,0 (iki yüz doxsan bir min dörd yüz əlli) manat məbləğində vəsaitin ayrılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55000 manat kompensasiya məbləğinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddia tələbinin rədd edilməsilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddənin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Banklar haqqında” AR Qanununun: 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. 71.7.2. ləğvedici bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir. 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki, “... iddiaçı əvəzində kompensasiyanın ödənilməsini tələb etdiyi əmlak (ev) onun mülkiyyətində olsa da, həmin qərarda göstərilən ödənişlər fərdi yaşayış evlərinin mülkiyyətçiləri üçün deyil, yalnız sakinləri üçün nəzərdə tutulmuşdur, həmçinin həmin ödənişlərin kompensasiya xarakteri daşımamaqla məhz köçürülmə ilə bağlı – yəni ev əşyalarının daşınması, sakinlərin müvəqqəti yaşamaqları üçün mənzil kirayəsi haqqı, birdəfəlik maddi yardım kimi ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmin qərarda göstərilən yaşayış evlərinin sakinləri sırasına aid olmadığı üçün yuxarıda istinad edilən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli 20 dekabr 2018-ci il tarixli sərəncamı iddiaçıya şamil oluna bilməz.” Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi əsası ilə razılaşmır və aşağıdakıları qeyd edir: Apelyasiya baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D saylı fərdi yaşayış evi əvvəllər X8 şəxsə məxsus olmuş, məhkəmə qətnaməsinin icrası nəticəsində X4 İddiaçı ASC-yə olan borcunun ödənilməsi üçün həmin əmlak açıq hərracda satılaraq, İddiaçı ASC-nin tam mülkiyyətinə keçmiş, buna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Sözügedən bank ləğv prosesində olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq bankın mülkiyyətində olan aktivlərini ləğvedici Əmanətlərin Sığortalanması Fondu idarə edir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D saylı fərdi yaşayış evi qəza zonasında yerləşdiyi üçün Fond cavabdehə müraciət edərək Nazirlər Kabinetinin 20 dekabr 2018-ci il tarixli sərəncamının tətbiq edilərək həmin evin qəzalı vəziyyətə düşməsi ilə bağlı kompensasiya ödənilməsini tələb etsə də müraciəti təmin edilməmiş, eyni tələblə bağlı birinci instansiya məhkəməsinə müraciət edilsə də, məhkəmə AR NK-nın sərəncamına əsasən tələb olunan məbləğin qəzalı vəziyyətdə olan yaşayış evlərinin yalnız sakinlərinə ödənilməli olması əsası ilə iddia tələbini rədd etmişdir. AR MM-in 135.12-ci maddəsinə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Kollegiya qeyd edir ki, İddiaçı ASC-nin müvafiq mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı 27.01.2017-ci ildə aparılmış və bu onun həmin daşınmaz əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnu yaratmışdır. Hazırki işin mübahisəsiz hallarına əsasən, iddiaçının mülkiyyətində olan yaşayış evi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 874 nömrəli, 20 dekabr 2018-ci il tarixli sərəncamında nəzərdə tutulan 59 yaşayış evindən biri olmaqla qəzalı ərazidə yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan və birinci instansiya məhkəməsi sözügedən sərəncamda qeyd edilən “yaşayış evlərinin sakinləri” anlayışını məhdud qəbul edərək, mülkiyyətçiləri istisna etməklə yalnış təhlil aparmışlar. Nəticədə Suraxanı rayon İcra Hakimiyyətinin Nazirlər Kabinetinin sərəncamında göstərilən məbləği mülkiyyətçiyə ödəməkdən imtina etməsi bankın qanuni mülkiyyətində olan əmlakdan istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43D saylı fərdi yaşayış evi əvvəlki mülkiyyətçinin bank qarşısında gecikmiş öhdəliyinin ödənilməsi zərurətindən bankın mülkiyyətinə keçmişdir. Sözügedən bank isə hazırda ləğv prosesindədir. Cavabdeh orqanın mübahisəli məbləğin ödənişini icra etməməsi ləğv prosesində olan “Atrabank ASC-nin kreditorları qarşısında olan öhdəliklərini icra etməsinin gecikməsinə gətirib çıxaran amillərdən biri ola bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək apelyasiya şikayətinin dəlillərilə razılaşır və hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan məhkəmənin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94, 131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, H.Allahverdiyev küçəsi, 43D nömrəli fərdi yaşayış evinin qəzalı olması ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 55 000 manat məbləğin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi vəzifəsi Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vahid Sadıqov Qürbət Əsgərov
Məhkəmə qərarları › İş №2-1(103)-2574/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2574/2021
03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver