Məhkəmə qərarları › İş №2-1(103)-2574/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2574/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2574/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2020 saylı 20 iyun 2022-ci il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X8, X10 və X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə aşağıdakı şəxslərə: İddiaçı 11.305 manat, X4 10.800 manat, X7 5.544 manat, X5 3.696 manat oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbləri üzrə 2-1(112)-172/2020 nömrəli inzibati işdən iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-172/2020 №-li qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2016-cı il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 737/2021 №-li qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 172/2020 №-li qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-37/2022 №-li qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-737/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı 2016-cı ilin oktyabr ayından etibarən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-37/2022 №-li qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Qeyd olunan məktubda cavabdeh inzibati orqana məhkəmə qərarının icrasının 1 ay müddətinə təmin edilərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuş, həmçinin məhkəmə qərarının icrası qeyd olunan müddət ərzində təmin olmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-37/2022 №-li qərarının icrası barədə məlumatın məhkəməyə daxil olmadığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirilmiş, qərarın icrası ilə bağlı 15 gün müddətində məhkəməyə məlumat verilməsi xahiş olunmuş, həmçinin məhkəmə qərarının icrası qeyd olunan müddət ərzində təmin olmadığı halda barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar olunmuş, bununla bağlı iddiaçıya məlumat verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-37/2022 №-li qərarı icra edilmədiyi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 50000 manat cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********4 №-li məktubundan görünür ki, məhkəmə qərarının icrası ilə əlaqədar bildirilmişdir ki, yalnız dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün ödənclərin Fond tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan məhkəmə qərarına əsasən müəyyən edilən ödənclərin Nazirliyin digər struktur bölməsi tərəfindən ödənilməsi məsələsinə münasibət bildirilməsi üçün Fond rəhbəri tərəfindən Nazirliyə məruzə ünvanlanmışdır, məhkəmə qərarının icra edilməsi ilə bağlı əlavə məlumat veriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2020 saylı 20 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-37/2022 nömrəli qərarının icrasından imtina etdiyinə görə 50.000 manat cərimə edilməsi və cərimənin məcburi tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati məhkəməsi xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-l(102)-37/2022 nömrəli qərarı icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Qərarı icra etmək və rəsmi məlumat verilməsi üçün bir ay müddət müəyyən edilmişdir. Lakin cavabdeh məhkəmə qərarına etinasız yanaşaraq icra etməmiş, əhəmiyyətsiz yazışmalar etmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə Bakı inzibati məhkəməsinə rəsmi ərizə verərək cavabdehi Azərbaycan Respublikası İPM-in 120.3-cü maddəsinə əsasən 50.000 manat cərimə edilməsini xahiş etmişəm. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini 200 manat cərimə etmişdir. Cərimə məbləği ilə razı deyiləm, ona görə ki, 2016-cı ilin oktyabr ayından hazırki tarixədək ödəncləri qərəzli ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə iddia tələbləri ilə müraciət etmişəm. Bakı İnzibati Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddia tələbimi təmin etmişdir. Lakin cavabdeh Ali Məhkəmənin inzibati Kollegiyasının qərarını icra etməkdən imtina etmiş, əhəmiyyətsiz yazışmaları davam etdirmişdir. Eyni zamanda qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli X1 uyğun olaraq həyata keçirilir. Həmin qanunun 15.4-cü maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir. Ərizəyə baxılarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubda məhkəmə qərarının icrası ilə əlaqədar göstərilmişdir ki, yalnız dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün ödənclərin Fond tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə qərarına əsasən müəyyən edilən ödənclərin Nazirliyin digər struktur bölməsi tərəfindən ödənilməsi məsələsinə münasibət bildirilməsi üçün Fond rəhbəri tərəfindən Nazirliyə məruzə ünvanlanmışdır. Belə ki, məhkəmə qərarının icrasının əsası kimi dövlət büdcəsindən sosial təminat siyasətinin həyata keçirilməsi üçün müvafiq maliyyə mənbəyi üzrə maliyyə vəsaitinin ayrılması və ayrılmış maliyyə vəsaitinə mahiyyətin sərəncam verilməklə məhkəmə qərarının icra edilməsi təşkil edir. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarlarının icrası və maliyyə yükü qəbul olunan müvafiq büdcə layihəsi üzrə proqnozlaşdırıla bilmədiyindən və cavabdeh orqanın iradəsindən asılı olmayan səbəblərdən bu kimi, texniki problemlərin aradan qaldırılması qaçınılmazdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İPM-in 120-ci maddəsinin mahiyyəti inzibati prosessual münasibətlərinin iştirakçılarının xüsusən borclu orqanın hüquqi müəyyənlik prinsipi çərçivəsində qanuna uyğun davranışının təmin edilməsi, Azərbaycan Respublikası adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunması istiqamətində qəsdən və ya kobud ehtiyatsızlıqla müvafiq məhkəmə qərarının icra edilməməsi nəticəsində borclu orqanların cərimə edilməsi yolu ilə tərbiyələndirilməsindən ibarətdir. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən maddənin əsas funksiyası məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi üçün cərimə edilməsini nəzərdə tutur. Cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan və işin mahiyyətindən məlum olur ki, Nazirliyin məhkəmə qərarının qərəzli səkildə icra edilməməsi üçün hər hansı hərəkət və ya hərəkətsizliyi yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh orqanın cərimə edilməsi cərimə institutunun mahiyyətinə zidd olmaqla inzibati prosessual münasibətlərinin iştirakçılarının tərbiyə olunması funksiyasını özündə ehtiva etməməklə cərimənin sırf formal əsaslarla tətbiq olunmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi cərimə sanksiyasının əsas məqsədi cavabdeh və digər üçüncü şəxslərin qanuna və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına hörmət ruhunu aşılamaqdır. Lakin, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadında göstərilən xüsusatlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə qərarının icra edilməməsinin səbəbləri və əsasları tam araşdırılmamış, sırf formal əsaslarla cavabdeh orqanın qərəzli və təqsiri aydınlaşdırılmadan cərimə tətbiq edilmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, ayrılacaq maliyyə vəsaitinə uyğun olaraq həmin məhkəmə qərarının icrası yaxın zamanda təmin ediləcəkdir. Bu səbəbdən cavabdeh orqanın cərimə edilməsi hüququn mahiyyətinə zidd olmaqla tərbiyələndirmə funksiyasını özündə daşımır. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, Nazirlik və Nazirlik tabeliyindəki qurumlara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasının stastistikasına nəzər saldıqda müəyyən olunur ki, dövlətin adından çıxarılmış qərarlara xüsusi münasibət göstərilməklə dərhal icra edilmələri təmin olunur. Ölkənin sosial təminat siyasətini həyata keçirən qurumun texniki nöqsanlara görə sanksiyaya məruz qalması ağlabatan deyil. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-37/2022 №-li qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və cavabdeh inzibati orqana məhkəmə qərarının icrası ilə bağlı 1 ay müddət təyin edilmişdir. Qeyd olunan 1 ay müddətində məhkəmə qərarı icra edilməmiş, məhkəmənin təkrar müraciətindən sonra cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 №-li məktubla yalnız dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün ödənclərin Fond tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan məhkəmə qərarına əsasən müəyyən edilən ödənclərin Nazirliyin digər struktur bölməsi tərəfindən ödənilməsi məsələsinə münasibət bildirilməsi üçün Fond rəhbəri tərəfindən Nazirliyə məruzə ünvanlandığı, məhkəmə qərarının icra edilməsi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilmişdir. Bununla da məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təmin edilməmişdir. İşdən göründüyü kimi məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 200 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 200 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2020 saylı 20 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar