Məhkəmə qərarları › İş №2-1(103)-2574/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2574/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2574/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinin nümayəndəsi X1 iştiraki ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları:

1. İddiaçı mərhum atası X4 (şəxsin adı sonradan dəyişdirilmişdir və bu barədə müvafiq şəhadətnamə verilmişdir) Bakı şəhəri, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan müəyyən olunur ki, həmin evə və altındakı 94 kv.m. torpaq sahəsinə hüquq X4 məxsusdur.

2. Bakı şəhəri 11 saylı notariat ofisinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Əliyev Yaqub (Volodya) Həsən oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı miras qoyanın birinci növbədən vərəsəsi İddiaçı müraciəti əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi bildirilərək Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum Əliyev Yaqub (Volodya) Həsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (texniki pasport) verilməsi xahiş olunmuşdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı mərhum Əliyev Yaqub (Volodya) Həsən oğlundan miras qalmış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmasını, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman arxiv texniki pasportunun baş planına əsasən fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəricilərinin uyğunsuzluq təşkil etdiyi, sənəd üzrə sahənin faktiki əraziyə aidiyyəti olmadığının məlum olması, təqdim olunan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1972-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsində fərdi yaşayış evinin yerləşdiyi ünvan ünvan 5ldiyi, bu səbəblərdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 27 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən X4 1972-ci ildə ayrılan ünvan 8 15 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən torpaq sahəsi 94.0 kv.m olsa da, faktiki olaraq 100,0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 100,0 kv.m torpaq sahəsinin koordinatları rəyə əlavə olunur. Fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Sözügedən fərdi yaşayış evinin ümumi sahəsi texniki pasporta əsasən 32.70 kv.m olsa da, faktiki olaraq ümumi sahə 22.9 kv.m təşkil edir. Belə ki, texniki pasportda qeyd olunan “A” tikilisinin 9.8 kv.m sahəsi qonşunun istifadəsindədir (şifahi məlumata əsasən texniki pasportda öz əksini tapmayan 6,0 kv.m sahə qonşuya məxsus sahədir). Bundan əlavə 31,0 kv.m əlavə sahə texniki pasportda öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn qeydiyyata alınması və bu barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə doğulmuş və həmin vaxtdan ünvan 8 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən atası Əliyev Yaqub (əvvəlki adı Volodya) Həsən oğluna məxsus olmuşdur. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. O, Bakı şəhəri 11 saylı notariat ofisinə vərəsəliklə bağlı müraciət etmiş, notariat ofisi tərəfindən mərhum atası X3 adına vərəsəlik işi açılmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. Məkubda ünvan 8 15 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum X3 mülkiyyət hüququnun qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. O, notariat ofisinin məktubunu və digər zəruri sənədləri ərizə ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, həmin evə və evin yerləşdiyi 94 kv.m. torpaq sahəsinə dair mərhum X3 mülkiyyət hüququnun qeydə alınmasını və bu barədə çıxarış verilməsini xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi ona imtina məktubu göndərərək, məsələnin həllindən imtina etmişdir. İmtina qanunsuzdur. Ona görə də Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İPM-in 33, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən ünvan 8 15 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 94 kv.m torpaq sahəsinə onun mərhum atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.

7. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə əlavə ərizə təqdim edərək iddianın “fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın dəyişdirilməsini qəbul etmişdir.

8. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman arxiv texniki pasportunun baş planına əsasən fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəricilərinin uyğunsuzluq təşkil etdiyi, sənəd üzrə sahənin faktiki əraziyə aidiyyəti olmadığı məlum olmuşdur. Həmçinin, təqdim olunan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1972-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsində fərdi yaşayış evinin yerləşdiyi ünvan ünvan 7əblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmışdır. Ona görə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2, 11.1, 22.2, 23-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia qismən təmin edilərək ünvan 8 15 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 94 kv.m. torpaq sahəsinə hüququn İddiaçı mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinə qarşı “fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə hüququn qeydiyyata alınması və bu barədə arayışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 8 15 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi 94 kv.m torpaq sahəsinə hüququn İddiaçı mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman arxiv texniki pasportunun baş planına əsasən fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəriciləri uyğunsuzluq təşkil etdiyi, sənəd üzrə sahənin faktiki əraziyə aidiyyəti olmadığı məlum olmuşdur. Ərizəçi tərəfindən təqdim edilmiş texniki pasportda ünvan Bakı şəhəri, ünvan 1 qeyd olunsa da həmin texniki pasportun idarədə saxlanılan nüsxəsində ünvan 8 15 qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş texniki pasportun iddiaçı tərəfindən göstərilən sahəyə aid olmaması araşdırılmamışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-798/2024 saylı qərarının ləğv edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

20. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

21. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

23. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

25. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

26. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu:

28. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanısahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ...Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış və təndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlə rəsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu:

29. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

30. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

31. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

32. Bənd 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı:

33. Bənd 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”

34. Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək.

35. Bənd 3. DƏDKR-in vəzifələri və hüquqları: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

36. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).;

37. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. Maddə 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

39. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

43. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

44. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

45. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

46. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

47. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

48. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

49. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

50. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya Məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

53. Mövcud qanunvericilik daşınmaz əmlaklara, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmiş və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçının mərhum atası X3 adına ünvan 8 15 ünvanındakı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun olması həmin evə və altındakı 94 kv.m torpaq sahəsinə hüququn həmin şəxsə məxsus olmasını təsdiqləyir.

54. Kollegiya hesab edir ki, pasportda evin nömrəsinin “15” əvəzinə “15a” göstərilməsi sənədin tərtibindən uzun müddət keçməsi və bu vaxt ərzində ünvan verilməsinin yenilənməsinin mümkünlüyü baxımından formal xarakterli hal qismində qiymətləndirilməlidir.

55. Cavabdehin texniki pasportun iddiaçı tərəfindən göstərilən sahəyə aid olmaması ilə bağlı dəlili üzrə kollegiya qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 27 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair” pasporta əsasən X4 1972ci ildə ayrılan ünvan 8 15 saylı fərdi yaşayış evinin texniki pasportuna əsasən torpaq sahəsi 94.0 kv.m olsa da, faktiki olaraq 100,0 kv.m təşkil edir. Sözügedən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan konfiqurasiya və perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, fərdi yaşayış evin ümumi sahəsi texniki pasporta əsasən 32.70 kv.m olsa da, faktiki olaraq ümumi sahə 22.9 kv.m təşkil edir. Texniki pasportda qeyd olunan “A” tikilisinin 9.8 kv.m sahəsi qonşunun istifadəsindədir. Bundan əlavə 31,0 kv.m əlavə sahə texniki pasportda öz əksini tapmamışdır.

56. İddiaçının istinad etdiyi pasportda torpaq sahəsi ilə bağlı əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən, habelə həmin sənəd ləğv edilmədiyindən və etibarsız sayılmadığından, mötəbər sübut kimi qiymətləndirilərək iddiaçının mərhum atası X5 evin yerləşdiyi 94 kv.m ölçüdə torpaq sahəsinə qanuni istifadəçi kimi “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Fərdi yaşayış evinin yerləşməsi, daxili ölçüləri, göstərilən torpaq sahəsinin konfiqurasiyası, yerləşmə mövqeyi, perimetrik göstəriciləri üzrə uyğunsuzluğun mövcud olması isə iddiaçının mərhum atasının iradəsindən asılı hal olmamış və bu uyğunsuzluq mövcud olduğu halda belə onun aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3-cü bəndinə (3.1.20) görə birbaşa cavabdeh inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir.

57. Məhkəmə Kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın torpaq sahəsi ilə bağlı hissəsinin əsaslı, iddianın fərdi yaşayış evi ilə bağlı hissəsinin isə əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan mütəxəssis rəyi ilə də təsdiq olunur ki, iddianın obyekti olan fərdi yaşayış evinin mövcud vəziyyəti hüquq müəyyənedici sənəd kimi təqdim olunmuş pasportdakı göstəricilərdən fərqlənir. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qismən, yəni evin yerləşdiyi torpaq sahəsinə aid hissədə qanuna zidd olmaqla iddiaçının vərəsə kimi hüquqlarının pozulmasına səbəb olan hal sayılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

58. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar