Məhkəmə qərarları › İş №2-1(103)-2574/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2574/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2574/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1987-ci ildə Bakı şəhəri Nəsimi rayon X7 verdiyi 255271 nömrəli orderə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “AB” y/m, ev 137, mənzil 38 iddiaçının mərhum anası X1 ayrılmışdır və orderdə mənzildən istifadə hüququ olan ailə üzvləri kimi mərhum anası, iddiaçı və bacısı X4 göstərilmişlər. Anası vəfat etdikdən sonra onun razılığı və məlumatı olmadan bacısı X2 müraciəti əsasında Suraxanı rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı ilə iddiaçının da istifadə hüququ olan mənzilə dair kirayə müqaviləsi bacısı X2 adına dəyişdirilmişdir. Qeyd edilən sərəncam həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 84 və 85-ci maddələrinin tələbləri pozulmaqla verildiyi üçün qanunsuzdur. Belə ki, qeyd edilən normalara əsasən mənzilə dair kirayə müqaviləsi yalnız onun razılığı ilə dəyişdirilə bilərdi ki, iddiaçı da buna razılıq verməmişdir. Sərəncamda göstərilmişdir ki, iddiaçı sərəncam verilən zaman guya hərbi xidmətdə olmuş, halbuki o ümumiyyətlə sağlamlıq imkanlarına görə hərbi xidmətə yararsız hesab edilmiş və ümumiyyətlə hərbi xidmətdə olmamışdır. İddiaçının həmin sərəncamın ləğv edilməsini tələb etmək subyektiv hüququ vardır, belə ki, mənzilə dair orderdə onun da adı qeyd edilmişdir və iddiaçı mənzildən istifadə hüququ olan şəxsdir. Üçüncü şəxs iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 593 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı tam qanuni və əsaslıdır. Təxminən 1987 yaxud 1988-ci illərində, Səbinə Baxşəliyevanın mərhum anası, bir ailə məclisində bildirmişdir ki, Nizami metrosunun yanında, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsindəki 39 nömrəli ev İddiaçı verilir, Günəşlidəki ev də Səbinə xanıma verilir. Yəni valideynlər sağlıqlarında bu mənzilləri övladlar arasında bölmüşdülər. Hər iki övlad da, həm Səbinə xanım, həm də İddiaçı buna razı olmuşlar və bunun nəticəsində də, onların anaları rəhmətə gedəndən sonra Səbinə xanım Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, Suraxanı rayonunun ərazisindəki evə dair sərəncam verilməsini xahiş etmişdir. Daha sonra isə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 39 saylı fərdi yaşayış evi iddiaçı və cavabdehin ataları mərhum X9 tərəfindən 5 saylı DNK-nın 4Ə-7/986 saylı, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən, cavabdeh İddiaçı bağışlanmışdır. X12 ilə Səbinə xanımın münasibəti təxminən 2-3 il əvvəl pozulub. Ondan əvvəl münasibətləri pis olmayıb. Münasibətin pozulmasının səbəbi mərhum bibilərindən onlara miras qalmış evin bölünməsi olmuşdur. Ağa vərəsələrin, o cümlədən Səbinə xanımın da payını özünə götürmək istəmiş, Səbinə xanım isə buna icazə verməmiş, bu səbəbdən də münasibətlər pozulmuşdur. Məlum olduğu kimi, 18 yaşına çatmış hər şəxs müstəqil olaraq əqdlər bağlaya bilər, öhdəliklərə sahib ola bilər, vəzifələri və hüquqlarını icra edə bilər. Mübahisələndirilən sərəncamın verildiyi tarixdə X12 18 yaşı tamam olan şəxs kimi, müstəqil surətdə hərəkət etmək imkanına malik olmuşdur. Bu səbəbdən də, müstəqil şəxs olan X2 öz barəsində sərəncam verilməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etməsi və həmin inzibati orqanın sərəncam verməsi özlüyündə iddiaçının hər hansı hüququnu pozmur. İddiaçının həmin mübahisələndirilən sərəncamın ləğv edilməsini tələb etmək xüsusunda subyektiv hüququ da yoxdur. Belə ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən mənzildə heç vaxt yaşamamış, onun daimi yaşayış yeri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 39 saylı fərdi yaşayış evi olmuşdur. Səbinə Baxşəliyeva cavabdeh İddiaçı (Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "mənzilə istifadə hüququna itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsi həmin məhkəmənin icraatındadır, mülki işin nömrəsi 2(010)-1076/2024-dir. İddiaçı, inzibati məhkəməyə iddia ərizəsi verməklə, mülki işin baxılmasını, ədalət mühakiməsinin həyata keçirilməsini uzatmaq məqsədi daşıyır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadını ləğv edib işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmadığına görə maddi hüquq normaları tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı və İPM-in 12.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi düzgün nəticəyə gəlməmiş, işin həqiqi hallarına və bununla bağlı qanunvericiliyin tələblərinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmişdir. Məhkəmə həmin nəticəyə prosessual qanunvericiliyin müvafiq normalarına istinad etmədən, yəni formal yanaşmaya əsasən gəlmişdir ki, bu da qanunsuz və əsassızdır. Məhkəmə həmçinin bu nəticəyə gəlmək üçün məhkəmə iclasında iştirak edən iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını təhrif etməkdən belə çəkinməmiş, iddiaçının nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında izahatını və vəsatətlərini, həmin vəsatətlərə münasibətini qərardadda göstərməmişdir. Həmin halların müəyyən edilməsi üçün məhkəmə iclasının audio-video yazısına baxmaq kifayətdir. Məhkəmə həmin nəticəsi qanunsuz və əsassız olmaqla yanaşı, həm də qərəzlidir. İddiaçının anasının vəfatından sonra mübahisəli mənzilə dair kirayə müqaviləsinin bacısı X5 ilə bağlanmasına razılığı vermədiyi, arxiv sənədlərdə saxlanılan razılıq ərizəsinin isə onun tərəfindən imzalanmadığı, sərəncamın mövcud olması barədə yalnız bacısı mübahisəli mənzilə dair onun istifadə hüququnun itirilməsi barədə Suraxanı rayon məhkəməsində iddia qaldırdıqdan sonra bildiyi barədə dəlilləri sərəncamın ləğv edilməsi üçün əsaslar qismində göstərmişdir. İddiaçı tərəfindən həmin razılıq ərizəsinin saxta olduğu bildirilmiş, məhkəmə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində xüsusi biliyə malik olan şəxsin (ekspertin) rəyinin təqdim edilməsinin zəruri olması qənaətinə gəlmiş və məhkəmənin 23 avqust 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Aygün İsazadə Bakı İnzibati Məhkəməsinin 2-1(112) 6404/2024 nömrəli iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının aparılması üçün İddiaçı 1990-2000-ci illərə dair 3-5 sənəddə sərbəst xətt və imza nümunələrinin təqdim edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddiaçıya məktub ünvanlanaraq tələb edilmiş sübutların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İşdən göründüyü kimi, tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:30-da dəftərxana vasitəsilə müvafiq vəsatətlə məhkəməyə müraciət edilərək, İddiaçı həmin vəsatətə əlavə edilmiş imza və xətt nümunələrinin ekspertizaya təqdim edilməsini xahiş etmişdir. Həmin gün eyni zamanda tərəfindən elektron kabinet vasitəsilə İddiaçı hərbi biletinin və şəxsiyyət vəsiqəsinin əslinin fotoşəkli ekspertizaya təqdim edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı inzibati akt xx.xx.1996-cı il tarixdə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Mübahisələndirilən dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2025 saylı, 14 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar