Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2575/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1983-cü il tarixində Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2-1(112)- 6873/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 24.05.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz regional ədliyyə idarəsində tutduğu vəzifəyə yenidən bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının, mükafat və məzuniyyət pullarının, səhhətinin yaxşılaşması üçün xərclədiyi və işgüzar nüfuzuna dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlər X1 və X2 (bundan sonra Ədliyyə Nazirliyinin) iddiaçıya vurduqları 15.000 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın, ümumilikdə 25.000 manat pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qərar qəbul edilməsini, adları qeyd olunan vəzifəli şəxslərin əməllərində cinayət faktları olduğundan material ayrılaraq Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü il təvəllüdlüdür. Əlil cəmiyyətinin sədridir. 1998-2008-ci illərdə müxtəlif yerlərdə müxtəlif hüquq mühafizə orqanlarında qeyri-rəsmi çalışmışdır. 2008-2018-ci illərdə isə ədliyyə əməkdaşı olmuşdur. 2017-ci ilin payızında insult keçirmişdir və 2018-ci ilin yay aylarına kimi xəstəxanada müalicə almışdır. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2-1(112)-6873/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 02.09.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2-1(112)-6873/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı 27.09.2021-ci il tarixində məhkəməyə teleqram ünvanlamışdır. Teleqramda hakim Rüstəm Kərimlinin tələbdəki MPM-nin 265.4-cü maddəsinin prosessual qaydasını pozaraq, nəzərə almadığını, bunun nəzərə alınmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, maddi və mənəvi zərərin ödənilməsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana hazırkı tələblə müraciət etməsi iş materialları ilə müəyyən edilmədiyindən və iddiaçı tərəfindən bu barədə hər hansı sənəd sübut məhkəməyə təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası iddia ərizəsində, həmçinin işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqramda qeyd edilmiş “adları qeyd olunan vəzifəlilərin, əməllərində cinayət faktları olduğundan materialın ayrılaraq Baş Prokurorluğa göndərilməsi”nə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən göstərilənlər işin birinci instansiya icraatı zamanı iddia tələbi kimi deyil, vəsatət formasında təqdim edilməli idi. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq bu tələbə Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə uyğun olaraq münasibət bildirməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2-1(112)-6873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2575/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2575/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver