Məhkəmə qərarları › İş №2-1(103)-2575/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2575/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2575/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4143/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində işlədiyi vəzifə maaşına uyğun pensiyanın hesablanaraq “Məlumat vərəqəsi”ni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-4143/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə pensiya təyini zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş İdarə Ədliyyə Nazirliyinin tabeliyinə verildikdə struktur dəyişikliklə əlaqədar xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək qulluq etdiyi Maddi-Texniki Təchizat və Satış Şöbəsinin rəisi vəzifəsi ləğv edilmiş və xidməti zərurətlə əlaqədar iddiaçı rütbə dərəcəsi və vəzifə maaşı aşağı olan İdarənin Xüsusi Şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Məhkəmənin qəbul etdiyi qərarı qanunsuz, əsassız və qeyri-obyektiv hesab edir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X3 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 17/3-220 nömrəli xx.xx.2022-ci il arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində DİN-nin İslah İşləri İdarəsində, xx.xx.1993xx.xx.2011-ci il tarixlərində Ədliyyə Nazirliyinin Penitensiar xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluq etmiş və xidməti fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982xx.xx.1983 AR DİN-nin İslah İşləri İdarəsində texniki şöbəsinin mühəndisi; xx.xx.1983xx.xx.1984 AR DİN-nin İİİ-nin 10 saylı cəzaçəkmə müəssisəsində İstehsalat üzrə mühəndis; xx.xx.1984-xx.xx.1989 AR DİN İİİ-nin istehsalat-texniki şöbəsinin mühəndisi; xx.xx.1989-xx.xx.1993 AR DİN İİİ-nin mülki müdafiə şöbəsinin böyük mühəndisi; xx.xx.1993-xx.xx.1993 Ədliyyə Nazirliyi Məhkəmə qərarlarının icrası baş idarəsinin kommunal-məişət, ticarət və intendant təminatı şöbəsinin rəis müavini; xx.xx.1993xx.xx.1996 ƏN MQİBİ-nin maddi-texniki təchizat və satış şöbəsinin rəisi; xx.xx.1996xx.xx.1999 ƏN MQİBİ-nin xüsusi şöbəsinin baş inspektoru; xx.xx.1999-xx.xx.2007 ƏN MQİBİ-nin xüsusi şöbəsinin inspektoru; xx.xx.2007-xx.xx.2011 Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qeydiyyat şöbəsinin inspektoru. Penitensiar xidmət üzrə xx.xx.2011-ci il tarixli 207 ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 17/7-15068 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə ünvanladığı “1993-1996-cı il tarixlərində qulluq etdiyi vəzifə maaşına uyğun pensiya təyinatı üçün məlumat vərəqinin DSMF-nun XŞTMF-na göndərilməsi” barədə müraciətinə baxılmışdır. O, xx.xx.2011-ci il tarixində Penitensiar xidmətin Qeydiyyat şöbəsinin inspektoru vəzifəsindən ehtiyata buraxılmışdır. Hərbi Qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5. maddəsində göstərilən təminat xərcliyindən hesablanır. Qeyd olunan maddəyə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-68555/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı məxsus pensiya işində olan pensiyaçının 11/979 №li uçot vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildə yaşa görə pensiya təyin edilmişdir. Həmin pensiya işində olan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli 11/979 saylı qərarının surətindən müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2011-ci il tarixdən yaşa görə ömürlük 943,50 manat pensiya təyin olunmuşdur. Həmin pensiya işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı təxris olunduğu xx.xx.2011-ci il tarixə vəzifəsi ƏN Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin inspektoru, güzəştli xidmət illəri 07 il 06 ay 20 gün, təqvimi xidmət illəri 29 il 09 ay 19 gün, cəmi iş stajı 37 il 04 ay 09 gün təşkil etmişdir. Pul təminatı: vəzifə maaşı 370,00 manat, digər növ əlavələr “usta” məharət dərəcəsi 35 faiz-129,50 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 50 faiz-250,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, cəmi 943,50 manat kimi qeyd olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. 23.10-cu maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-ci bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə xüsusi rütbəli əməkdaş kimi xidmət etmiş, xx.xx.2011-ci il tarixli 207 ş/h saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçının təxris olunduğu xx.xx.2011-ci il tarixə vəzifəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin inspektoru vəzifəsi olmuşdur və məlumat vərəqində buna uyğun təminat xərcliyi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2011-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı xx.xx.1993-xx.xx.1996-cı ildərdə işlədiyi maddi-texniki təchizat və satış şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun pensiya təyinatı üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiyaya çıxarkən təxris olunduğu xx.xx.2011-ci il tarixə vəzifəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat şöbəsinin inspektoru vəzifəsi olmuşdur, cavabdeh inzibati orqan tərəfindən də qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının xidmətdən buraxıldığı günə həmin vəzifə və onun təminat xərcliyi (pul təminatı) qeyd olunmaqla müvafiq məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir. Eyni zamanda qeyd olunmaladır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4143/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar