Məhkəmə qərarları › İş №2-1(103)-2575/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2575/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2575/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrəfil oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1597/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 İsrəfil oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə ünvanında yerləşən 129 saylı fərdi yaşayış evinə və onun ətrafında hasara alınmış torpaq sahəsinə iddiaçılarının mülkiyyət hüquqlarının (paylar qeyd edilməklə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reysrindən çıxarışın verilməsi və müvafiq texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10503/2024 nörməli qərardadı ilə, "xxxx" MMC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə, 129 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 1016,7 kv.m həyatyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində (İddiaçı2 1/4 hissə, İddiaçı1 3/4 hissə) qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)-1597/2025 nörməli qərardadı ilə, üçüncü şəxs "xxxx" MMC-nin üçüncü şəxs qismində iştirakına xitam vermişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 1-ci döngə ünvanında yerləşən 129 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçıların ataları tərəfindən alqı satqı yolu ilə 1998-ci il tarixdə əldə edilmişdir. Alqı satqı müqaviləsi əsasında verilən mülkiyyət hüququna dair çıxarış sənədində evin yaşayış sahəsi 60,2 kv.m qeyd edilmişdir. Halbuki cavabdeh orqan tərəfindən tərtib edilmiş “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda ətraflı olaraq həyətdə olan bütün tikililər və torpaq sahəsi, o cümlədən 1016,7 kv.m olan həyətyanı sahə, tikinti altı 143,4 kv.m olan sahə də qeyd edilmişdir. Bundan başqa evin ətrafında otmostkalar olan sahənin 350 kv.m, qrunt hissənin isə 523,3 kv.m olduğu qeyd edilmişdir. Texniki pasportda əksini tapmış tikililərimiz hansısa səbəbdən mülkiyyət hüququna dair çıxarış sənədində qeyd edilməmişdir. Texniki pasportda təsərrüfat tikililəri, hamam tualet tikili kimi qeyd edilsə də, amma nədənsə mülkiyyət hüququna dair çıxarış sənədində sahələri nəzərə alınmadan yalnız 60,2 kv.m qeyd edilmişdir. Baxmayaraq ki, cavabdehin özü tərəfindən tərtib edilmiş texniki pasportda yaşayış evinin sahəsi 92,0 kv.m qeyd edilmişdir. Bundan sonra iddiaçıların ataları tərəfindən əvvəlki tikililər yerində yeni yaşayış evi inşa edilmişdir. Daha doğrusu köhnə tikili saxlanılmaqla, onun ətrafındaki tikililər yerində, həmçinin ümumi tikilialtı hissədə mansard mərtəbə inşa edilmişdir. İddiaçıların ataları rəhmətə gedəndən sonra qardaş-bacı arasında (hazırki iddiaçılar) həmin mülk üzrə vərəsəlik payları müəyyən edilmişdir. (4/1 pay İddiaçı2, 4/3 pay İddiaçı1) Hazırda fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıların müraciətinə imtina edilmişdir. Mübahisəli ünvanda yerləşən istifadələrində olan torpaq sahəsi və fərdi yaşayış evi, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı qəbul edilənə qədər 1998-ci il tarixdə onlara ayrılmışdır. Mülk alınarkən və fərdi yaşayış evi üzrə yenidənqurma işləri aparılan zaman ərazi neft kəmərinin mühafizə zonasında deyildir. Çünki həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi cavabdehin texniki pasportunda yazıldığı kimi fərdi yaşayış fonduda aid edilmişdir. Ev qonşularla əhatə olunmuşdur. Ərazi olaraq yaşayış məntəqəsi sayılır. Uzun illərdi daimi əsaslarla yaşayan qonşularla əhatələnib. Əraziyə yaxın hissələrdə iaşə obyektləri və s mövcuddu. Həmçinin, əldə edilən zaman neft borusu xətti ya ərazidən ümumiyyətlə keçməmişdir ya da neft kəməri torpaq altı inşa edilmişdir. Bu səbəbdən həmin zaman tikili üzrə yenidən qurma işləri aparılan zaman neft borusunun mühafizə zonası mövcud olmamışdır. Təxminən 2000-ci il tarixdə torpaq sahəsində aparılan yenidən qurma işlərinə Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən müdaxilə edilməmişdirsə, deməli onların maraqlarına toxunan hal da baş verməmişdir. Sonradan isə hər hansı dəyişikliyin iddiaçıların ziyanına şərh edilməsi qanuna ziddir. Ehtimal da var ki, sonradan neft kəmərində müəyyən oğurluq hallarının qarşının alınması səbəbindən neft kəməri torpaq üstü əraziyə çıxarılmışdır. Bu halın olması isə iddiaçıların qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət kimi adlarına qeydiyyata alınmasına maneə olmamalıdır. Digər hal ilə bağlı, bu günə qədər onlara qarşı həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin hər hansı bir tələbi və ya mübahisəsi mövcud olmamış, eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı əsaslandırıcı sübutlar təqdim olunmamışdır. 1998-ci ildə qanuni əsaslarla torpaq sahəsi və fərdi yaşayış evini əldə etmişlər və həmin dövrdə heç bir hüquqi şəxsə ayrılmış sahə mövcud olmamışdır. Cavabdehin bildirdiyi hüquqi şəxsin kim olması naməlumdur. Bəlkə də belə hüquqi şəxs mövcud deyildir. Həmçinin ərazinin digər hüquqi şəxsə iddiaçıların məlumatı olmadan ayrılması özü qanunsuzdur. Bəlkə də hüquqi şəxsə ayrılan ərazi onların sahəsindən kənarı əhatə edir. Digər hal ilə bağlı, 1998-ci tarixli cavabdehin texniki pasportunda torpaq sahəsi 1016,7 kv.m qeyd edilmişdir. Həmin sahə daxilində yenidənqurma işləri aparılmışdır. Tikinti sahəmiz mövcud torpaq sahəsi 5/1 hissəsini təşkil edir. Əgər hər hansı uyğunsuzluq mövcuddursa o zaman 1016,7 kv.m torpaq sahəsinin koordinatlarını ona uyğunlaşdırmaq mümkündür. 1998-ci il tarixdə cavabdehin tərtib etdiyi texniki pasportda koordinatlar qeyd edilməmişdir. Bu hal da onların iradəsindən asılı hal olmayıb. İddiaçılar tərəfindən əlavə torpaq sahəsi zəbt edilməmişdir. Ona görə də hər hansı fərq yaranıbsa həmin fərqin onların təqsiri ucbatından yaranmadığını nəzərə almaqla, 1998- ci il tarixli texniki pasportda ayrılan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyilər. İddiaçılar göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr məlumatına əsasən yeni layihələndirilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə (ADEC Məhdud Məsuliyyətli Cəmiyyəti) ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə fərdi yaşayış evinin bir hissəsi (2.4 kv.m) təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1597/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən yeni layihələndirilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə (ADEC Məhdud Məsuliyyətli Cəmiyyəti) ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə fərdi yaşayış evinin bir hissəsi (2.4 kv.m) təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq daşınmaz əmlak üzərində hüquqların iddiaçılara mənsub olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş digər İddiaçı2 İsrəfil oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməsə də, məhkəmə kollegiyasına elektron ərizə təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçılar İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçılar cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçılarıın müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçılar əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçılar birgə iddiaçı qismində çıxış edərək fərdi yaşayış evi üzərində reyestrdə aparılmış qeydiyyatda göstərilmiş paylara uyğun olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və çıxarış, texniki sənədin verilməsini xahiş edir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, hər iki iddiaçı subyektiv hüquqa malikdir. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66.1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən - 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən, Nobel prospekti q/t küçəsi, ev № 67/23 fərdi evin mülkiyyətçisi X2r. Hazırkı Texniki pasport Xətai rayon İcra hakimiyyətinin başçısının M-475 saylı xx.xx.1998 tarixli sərəncamı əsasında tərtib edilmişdir. “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun torpaq sahəsi üzrə eksplikasiya hissəsində torpaq sahəsinin cəmi 1016,7 kv.m olması, o cümlədən 143,4 –tikinti altında, otmostkalar- 350,0 kv.m, qrunt- 523,3 kv.m olması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ” **********74-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xətai rayonu, 8 noyabr, ev 67/23 (yeni qaydalar: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, 1-ci döngə, 129) ünvanında yerəşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə (torpaq sahəsi – 0,0092 ha, istifadə hüququ ilə) 1/4 hissədə İddiaçı2 və 3/4 hissədə İddiaçı1 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-10528/2024 **********28 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişə əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə, fərdi yaşayış evinin bir hissəsi təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. SOCAR-ın 22 iyun 2024-cü il tarixli 14-2/2-3429/2024 nömrəli məktubundan görünür ki, sorğuda qeyd edilən ərazidən SOCAR-ın H.Əliyev adına X8 (NEZ) istismarında olan neft məhsulları nəql olunan kəmərlər (benzin, dizel yanacağı), kerosin, soba yanacağı və atqı suları) keçir. Sözügedən kəmərlərin həmin ərazidən keçən yeraltı hissəsinin fiziki cəhətdən kritik vəziyyətdə olması (sızmalar) ətraf mühitə təhlükə yaratdığından, həmçinin NEZ-in sahələri arasında neft və aralıq məhsulların təhlükəsiz və davamlı mübadiləsinin təmin edilməsi məqsədilə 2004-2006-cı illərdə həmin boru xəttlərinin yeraltı hissələri “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış lahiyə əsasında yenilənmiş və yerüstü dəmir-beton estakada üzərində quraşdırılmışdır. Hal-hazırda sözügedən və strateji sayılan boru xətləri NEZ tərəfindən istismarı olunur və yaxın gələcəkdə xətlərin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. İddiaçı2 tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirilmişdir ki, iddiaçının istifadəsində olan Xətai rayonu 8 noyabr prospekti , 1-ci döngə 129 ünvanında yerləşən sahəsi 570 m2, hündürlüyü 10 m, mərtəbəliliyi 2+ mansard olan fərdi yaşayış (bağ) evi onun tərəfindən inşa edilmişdir. xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, 8 noyabr prospekti, ev 67/27 ünvanında yerləşən fərdi yaşayış evinin həm layihəyə əsasən, həmdə faktiki olaraq yaşayış sahəsi 321.4 kv.metr, ümumi sahəsi isə 574.0 kv.metrdir. Arxiv t/p-na əsasən ümumi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1016.7 m, faktiki olaraq 1068.5 metrdir. Torpaq sahəsi faktiki olaraq 51.8 kv.m artıqdır. Arxiv texniki pasportundakı “A” tikilisi genişləndirilərək yarım zirzəmi və mansard mərtəbəsi əlavə edilmişdir. Fərdi yaşayış evi təqdim edilən layihəyə uyğundur. Torpaq sahəsi 51.8 kv.m artıqdır. Baş plan faktiki vəziyyətə uyğun tərtib edilmişdir. Torpaq sahəsi mişar daşı hasarı daxilindədir. 3 tərəfdən qonşu bir tərəf yol ilə əhatələnib. Arxiv texniki pasportundakı B və C tikilisi faktiki mövcud deyil. “A” tikilisinin 2.4 kv.m hissəsi əlavə torpaq sahəsinə düşür. xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən yeni layihələndirilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan başqa, sözügedən torpaq sahəsi digər hüquqi şəxsə (ADEC Məhdud Məsuliyyətli Cəmiyyəti) ayrılmış ərazinin hüdudları daxilində yerləşməklə fərdi yaşayış evinin bir hissəsi (2.4 kv.m) təqdim olunan texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Həmçinin idarənin arxivində mövcud olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Yeni layihələndirilən fərdi yaşayış evinin bir hissəsi neft kəmərinin mühafizə zonasında yerləşməsi

2. Torpaq sahəsinin digər hüquqi şəxsə (ADEC Məhdud Məsuliyyətli Cəmiyyəti) ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi

3. Torpaq sahəsinə aid olan texniki pasportla faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olması

Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərə münasibətdə mübahisə açmamışdır. Məhkəmə kollegiyası “fərdi yaşayış evinin bir hissəsinin mühafizə zolağında yerləşməsi” dəlili ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1998-ci ildən iddiaçıların mərhum atalalarına, onun vəfatından sonra isə vərəsəlik hüququ əsasında iddiaçılara məxsus olmuşdur. Fərdi ev üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar onlara məxsus evdə uzun müddət fasiləsiz və etirazsız yaşayırlar, evin və evin yerləşdiyi torpaq sahəsinin mübahisəli ərazi mühafizə zonasında yerləşməsi barədə müvafiq dövlət orqanları tərəfindən rəsmi xəbərdar edilməmişlər. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə protokolundan görünür ki, iddiaçılara məxsus yaşayış evi və torpaq sahəsi 3 tərəfdən digər vətəndaşlara məxsus fərdi yaşayış evləri ilə əhatə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin sıx yerləşdiyi köhnə yaşayış məntəqəsidir. Həmçinin nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mərhum atasının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1998-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçıların daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeyd alınmasından cavabdehin imtinası əsaslı hesab edilə bilməz. “Sözügedən torpaq sahəsinin digər hüquqi şəxsə (ADEC MMC) ayrılmış ərazidə yerləşməsi” ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosesə 3-cü şəxs qismində ADEC MMC-i cəlb etmiş, ADEC MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasından iştirak edərək izahatında həmin torpaq sahəsinin onların ərazisinə və maraq dairəsinə aid olmadığı bildirmiş, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir mübahisənin olmadığını qeyd edərək hazırki iddia və ya iş üzrə qəbul ediləcək qərarın şirkətin heç bir hüququna toxunmadığını diqqətə çatdırmışdır. ADEC MMC-nin səlahiyyətli nümayəndəsinin fikrini öyrəndikdən sonra məhkəmə qərardadı ilə MMC-nin iş üzrə icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası həmçinin bir daha diqqətə çatdırır ki, cavabdeh inzibati orqan sözügedən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin başqa MMC-yə ayrılmış torpaq sahəsinə aid olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, torpaq sahəsin üzərindəki yaşayış evinə dair hələ 1998-ci ildən reyestrdə iddiaçıların atalarının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası “texniki pasportla faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqinin olması” dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçılara məxsus evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, 1998-ci ildən torpaq sahəsinə etirazsız sahiblik edilir, torpaq sahəsi üzrə qonşularla hər hansı bir mübahisəsi mövcud deyildir. İddiaçılar faktiki olaraq texniki pasportda qeyd edilən 1016.7 kv.m olan torpaq sahəsindən istifadə və sahiblik etməklə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarına malikdilər. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçılara məxsus evin yerləşdiyi torpaq sahəsi evin həyətyanı sahədir. Hazırda qanunvericilik normalara əsasən iddiaçılar mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə texniki sənədi- plan ölçünün əldə edilməsi hüququna malikdir. Göstərilənlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçıların müraciətlərindən imtina etməsi qanunvericiliyin qaydalarına ziddir və cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, mülkiyyətdə olan fərdi yaşayış evinin mövcud vəziyyətdə və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1597/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar