Məhkəmə qərarları › İş №2-1(103)-2576/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2576/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2576/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007 təvəllüdlü oğlu İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, X2 Elman Aydın oğlu ilə xx.xx.2001-ci il tarixdə rəsmi nigaha daxil olmuş, nigahları xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. Birgə nigahlarından xx.xx.2007-ci il təvəllüdlü Əli adında oğulları doğulmuşdur. Əhmədov Elman Aydın oğlu xx.xx.2021-ci ildə ölmüşdür. xx.xx.2007-ci il təvəllüdlü Əliyə pensiya təyin olunması üçün mərhum Əhmədov Elman Aydın oğlunun əmək kitabçasını və lazım olan sənədləri Xətai rayon DSMF-ə təqdim etmiş və bunun əsasında əmək kitapçasının surətinə əsasən müavinət təyin edilmiş və xx.xx.2007-ci ildən hazırki vaxtadək əvvəlcə 80 manat sonradan xx.xx.2022-ci ildən 100 manat müavinət ödənilmişdir. Cavabdehə ailə başçısını itirməyə görə əmək pensiyasının təqdim etdiyi sənədlər əsasında yenidən hesablanmasını xahiş olunsa da və xx.xx.2021-ci il tarixdə **********67 nömrəli məktubla mərhum Əhmədov Elman Aydın oğlunun hərbi bileti və əyani təhsil aldığı diplomunun surəti təqdim edildikdən sonra əmək hüquqununa yenidən baxıla biləcəyi bildirilmişdir. Məktubu aldıqdan sonra yəni mərhumun əyani təhsil aldığı diplomunun surətini Xətai rayon DSMF şöbəsinə təqdim etmiş, xx.xx.2022-ci il **********6 nömrəli məktubla təqdim etdiyi sənədlərə əsasən əmək pensiyası hüququna yenidən baxıla biləcəyi bildirilmişdir. Lakin hazırki vaxtadək ailə başçısının itirməyə görə müavinət 100 manat təşkil edir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4036/2023 saylı qərardadı ilə əsl olmayan iddiaçı X5 əsl iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları, 14.1.1.3-cü maddəsinə əsasən isə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1, 2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, ailə başçısını itirmiş şəxsə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən ailə başçısının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Mərkəzi filiala təqdim edilən Əhmədov Elman Aydın oğlunun əmək kitabçasının surətinə və X1 Sisteminin Pensiya aitsistemi proqram təminatına əsasən onun əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 5 il 5 ay 29 gün təşkil edir və bu qanunvericiliklə ona münasibətdə tələb olunan müddətdən (10 ii 4 ay) azdır. E.Əhmədovun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. İddiaçının mərhum atasının işlədiyi “Rafiq Caniyev” firmasının sənədləri (xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək) X7 filialına təhvil verilməyib və bu səbəbdən həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı E.Əhmədovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ailə başçısını itirməyə görə sosiai müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən və qanunvericiliklə tələb olunan 10 il 4 ay sığorta stajı olmadığından (faktiki sığorta stajı 5 il 5 ay 29 gün) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərar ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və bildirilmişdir ki, məhkəmə tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən "xxxx" Firmasının təqdim edilmiş arayışında əmək kitabçasındakı uyğunsuzluğun texniki səhv olduğu bildirilmişdir. Məhkəmə arayışa istinad edib iddianı təmin etməklə işin hallarının araşdırılması prinsipini pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı qanuni nümayəndəsi xx.xx.2021-ci ildə atası Əhmədov Elman Aydın oğlunun vəfat etməsi ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat etmiş Əhmədov Elman Aydın oğlunun sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən azdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: İddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: -14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: -14.1.1.1. 18 yaşına çatmamış; -14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; -14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; -14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; -14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Eyni Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4.1-ci bəndinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, vəfat etmiş şəxsin övladına ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur: - yaşı 18-dən aşağı olmalı, - vəfat etmiş ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddində olması işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İşin mübahisəli halı vəfat etmiş şəxsin tələb olunan sığorta stajına malik olması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1975-ci il tarixdə doğulmuş və xx.xx.2021ci ildə vəfat etmiş 46 yaşlı sığortaolunan üçün 10 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (46 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 31) x 4 ay = 124 ay/12 = 10 il 04 ay) sığorta stajı tələb olunur. Cavabdehin pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin əsas dəlili vəfat etmiş sığortaolunanın əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi "xxxx" Firmasının arxiv sənədləri əsasında təsdiqini tapmadığından və əmək kitabçasında uyğunsuzluq (işə daxil olma tarixinin 1997-ci il, əmr tarixinin xx.xx.1977-ci il olaraq qeyd edilməsi) olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası vəfat etmiş şəxsin tələb olunan sığorta stajına malik olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 132 №li arayışında qeyd olunmuşdur ki, Əhmədov Elman Aydın oğlu 1995-ci ildən bakalavriat səviyyəsində Lənkəran Özəl Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtiasına əyani təhsilalma forması üzrə qəbul olmuş, 1997-ci ildə qəbul olunduğu ixtisas üzrə Lənkəran Dövlət Universitetinə köçürülmüş və əyani təhsilalma forması üzrə təhsilini davam etdirmişdir. E.A.Əhmədov təhsilini 2000-ci ildə bitirmiş və ona A № 048520 seriyalı nömrəli (232 qeydiyyat nömrəli) bakalavr diplomu verilmişdir. Lənkəran Dövlət Universiteti tərəfindən 2000-ci il tarixdən verilmiş A № 048520 saylı diplomun surətindən müəyyən olunur ki, xx.xx.2000-ci il tarixli Dövlət Attestasiya Komissiyasının qərarı ilə Əhmədov Elman Aydın oğluna İnzibati idarəetmə Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə 232 qeydiyyat nömrəli ilə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi ilə verilmişdir. Əhmədov Elman Aydın oğluna məxsus xx.xx.2001-ci il tarixdə doldurulmuş AZ-İ № seriyalı 028134 №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, Əhmədov Elman Aydın oğlu; xx.xx.1997-ci il tarixdə “Rafiq Caniyev” firmasında ekspeditor vəzifəsinə qəbul edilmiş və xx.xx.2001-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə “Rafiq Caniyev” firmasında ekspeditor vəzifəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə işdən azad edilmişdir. Əhmədov Elman Aydın oğluna məxsus xx.xx.2005-ci il tarixdə doldurulmuş № ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, Əhmədov Elman Aydın oğlu xx.xx.2005-ci il tarixdə “Neon” firmasında adminstrator vəzifəsinə qəbul edilmiş və xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı ******* №li “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Əhmədov Elman Aydın oğlu xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin iyul ayının 30 günündə 543 №-ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminatı Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********5 №-li arayışında qeyd olunmuşdur ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İddiaçı üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi ailə başçısını itirməyə görə aylıq 100 (bir yüz) manat məbləğində sosial müavinət təyin edilmişdir. “Rafiq Caniyev” firması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15 №-li arayışda qeyd olunmuşdur ki, mərhum Əhmədov Elman Aydın oğlu xx.xx.1997-ci ildə 1 №-li əmrə əsasən "Rafiq Canıyev” firmasına ekspeditor vəzifəsinə təyin edilmişdir. Lakin əmək kitabçasında gün, ay, il yerində xx.xx.1997-ci il əmr hissəsində mexaniki səhv olaraq xx.xx.1977-ci il yazılmışdır. Əhmədov Elman Aydın oğlu xx.xx.1997-ci ildə işə qəbul olunmuş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2001ci ildə yenidən əmrlə işə qəbul edilmiş və xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Birinci instansiyada araşdırma zamanı məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********029100 №li məktubu ilə məhkəməyə təqdim edilmiş “Rafiq Caniyev” firmasına aid qeydiyyat iş qovluğunda mövcud olan təsis sənədlərinin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, “Rafiq Caniyev” firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və xx.xx.1995-ci il tarixdə 26224 №-ilə Şəhadətnamə verilmişdir. İşin hallarından müəyyən olunur ki, Əhmədov Elman Aydın oğlunun təhsil dövrü (təhsil dövrünün başladığı xx.xx.1995-ci il tarixdən işə daxil olduğu xx.xx.1997-ci il tarixədək olan 1 il 7 ay 29 gün) və əmək kitabçalarında qeydlər əsasında (xx.xx.1997xx.xx.2001; xx.xx.2001-xx.xx.2002; xx.xx.2005-xx.xx.2010) 9 il 9 ay 16 gün nəzərə alınmaqla, ümumillikdə 11 il 5 ay 15 gün təşkil edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, mərhum ailə başçısının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmiş və mərhumun əmək kitabçasında sonuncunu işə götürən (işdən azad edən) kimi əmrləri imzalamış şəxs həmin sənədlərdə müəssisənin rəhbəri kimi qeyd olunmuşdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən mübahisələndirilən dövrün də E.Əhmədovun ümumi iş stajına hesablanması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlər Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar