Məhkəmə qərarları › İş №2-1(103)-2577/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2577/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2577/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürülməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-899/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453.94 manat məbləği bərpa edərək hesabına köçürməyi, 2013-cü il 1 dekabr tarixdən 2018-ci il 30 aprel tarixədək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2000-ci ilin avqust ayının 1-dən səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinin hakimi vəzifəsindən azad edilmiş və 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona sabiq hakim kimi pensiya təyin edilmişdir. Pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmadığından və qanunla nəzərdə tutulan əmək pensiyasına əlavələr nəzərə alınmadığından iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ali Məhkəmə hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əməkhaqqı məbləğində müavinətin və hakimlik stajının hər 5 ilinə görə, hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) pulun iddiaçının hakim kimi pensiya hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017- ci il 13 noyabr tarixli 2-1(82)-4740/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzıbati- iqtisadi Kollegiyasının 2018-ci il 25 yanvar tarixli 2-1(103)-413/2018 saylı qərarı ilə 2 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2-1(82)-4740/2017 saylı qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiyası yenidən hesablanmış qeyri-qanuni olaraq 24453,94 manat onun pensiyasından tutulmuşdur. 2020-ci ilin oktyabr ayında heç bır xəbərdarlıq edilmədən cavabdeh tərəfindən pensiya köçürülmədiyi üçün iddiaçı tərəfdən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2021-ci il 5 yanvar tarixli ********** nömrəli məktubla onun pensiyasından tutulma barədə cavab məktubu göndərmişdir. Hesablama düzgün aparılmadığından 2021-ci il 1 fevral tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya məbləği xx.xx.2013-cü ildən 30.11 2020-ci ilə qədər düzgün hesablanmamışdır. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına (1992-ci il 25 fevral tarixli 78 nömrəli) uyğun olaraq Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidmətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilirdi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə (1997-ci il 10 iyun tarixli 310-İQ nömrəli) əsasən Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində vəzifə maaşı təyin edilmişdir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa (2013-cü il 17 dekabr tarixli 841- İVQD nömrəli) görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı 2250 manat həcmində müəyyən edilmişdir. Beləliklə iddiaçının vəzifə maaşı 1800 manat təşkil edir (2250 manatın 80% = 1800 manat). Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2013-cü il 1 dekabr tarixindən etibarən hər 5 il üçün 15% məbləğində vəzifə maaşıma 45% artıq olmamaqla 810 manat, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergidən azad olunan 25% miqdarında 450 manat əlavə verilməlidir. Beləliklə əmək haqqının cəmi 3060 manat təşkil edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində, həmçinin 109-cu maddəsinə görə hakimlərə müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Beləliklə məzuniyyət və müalicə üçün verilən məbləğ hər ay üzrə 1020 manat təşkil edir (3060 x 4 : 12 =1020). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məzuniyyətə çıxarkən və tibbi müalicə üzrə verilən əlavələr vəzifə maaşından deyil əmək haqqından hesablanır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və həmin Fondun Xəzər rayon şöbəsi tərəfindən atamın pensiyası hesablanarkən yanlışlığa yol verilmişdir. Faktiki olaraq iddiaçının pensiyası 3264 manat təşkil edir. Əlavə olaraq ona Mərkəzi Filial tərəfindən 13624 manat qaytarılmalıdır (262manat x 52 ay = 13642 manat). Hakimlərin məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün verilən müavinətlər Mərkəzi Filial tərəfindən hesablanmamışdır. Ərizəsinə cavab məktubunda Mərkəzi Filialın göstərdiyi hesablanma qaydası məlum deyil. Həmin məbləğ 1033 manat təşkil etməlidir (3101 x 4 = 12404 : 12 = 1033). İddiaçının pensiya məbləği 3307 manat təşkil etməlidir. Mərkəzi Filialın 2019-cu il 1 sentyabr tarixindən 2020-ci il 30 noyabr tarixədək apardığı hesabat da həqiqətə uyğun deyil. Belə ki, 1980 manat vəzifə maaşının 45% 891 manat, 25% isə 495 manat edir. Ümumi əmək haqqı 3366 manat təşkil edir. Məzuniyyətə çıxarkən verilən müavinət və müalicə üçün verilən məbləğ 1122 manatdır (3366 x 4 12 = 1122). Orta əmək haqqı 4488 manat onun 80 % isə 3590 manatdır. Mərkəzi Filial tərəfindən ona məxsus pensiya 132 manat əskik hesablanmışdır (3590 - 3458 = 132). Göstərilən müddət ərzində 1980 manat qeyri-qanuni tutulmuşdur. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin və pensiyanın düzgün hesablanmaması nəticəsində qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin qaytarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olaraq 2021-ci il 11 iyun tarixdə ixtisas dərəcəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin hesablanaraq ödənilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisə yaranmasının əsas səbəbləri Mərkəzi Filial tərəfindən bəzi hüquqi aktların nəzərə alınmaması, onların düzgün tətbiq edilməməsi və hesab səhvlərinə yol verilməsidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Alı Arbitraj Məhkəməsinin hakimlərinə ali, birinci və ikinci ixtisas dərəcələri verilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 6 dekabr tarixli 766 nömrəli qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 4 noyabr tarixli 364 nömrəli qərarının 1 -ci bəndinə görə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğındə üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, alı ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilir. “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli 1160 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Alı Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hüquqi aktların tələblərinə görə hakimlərə məzuniyyət və müalicə üçün müavinət onların iki aylıq əmək haqqı məbləğində verilir. Göründüyü kimi həmin məbləğlər vəzifə maaşı məbləğində deyil əmək haqqı məbləğindən hesablanır. Bunlar isə başqa başqa məvhumlardır və bir birindən ciddi surətdə fərqlənir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçının pensiyasından qeyriqanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürməyi, eyni zamanda ona pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-899/2022 nömrəli qərardadı ilə iddia iddiaçıya pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması hissəsində mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə Bakı İnzibati Məhkəməsinə 2021-ci ilin iyun ayında təqdim edilmişdir. Baxmayaraq ki, iddia ərizəsinə əlavə təqdim edildikdən sonra 1 ilə yaxın vaxt keçmişdir və hakim tərəfindən heç bir sənəd tələb edilmədən işin baxılması dəfələrlə təxirə salınmışdır. Hansı ki, həmin iclaslarda iddia ərizəsinə əlavənin mümkünlüyü həll edilə bilərdi. Ancaq hakim tərəfindən mübahisəyə baxılmanın uzadılması naminə bu məsələ həll edilməmişdir. Əks təqdirdə iddiaçı hakim tərəfindən göstərilən nöqsanları aradan qaldırıb müstəqil iddia tələbi ilə yenidən Məhkəməyə müraciət edə bilərdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə iddia tələbinin predmetini iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453.94 manat məbləği bərpa edərək hesabına köçürməyi və AR Ali Məhkəməsinin hakimi yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərdə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun hesablanması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “AR Ali Məhkəməsinin hakimi yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərdə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun hesablanması” tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli “Hüquqi yardım haqqında” bildirişdə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddia tələbinin “ixtisas dərəcəsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməsi, cavabdeh inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsinin müəyyən edilmədiyi qeyd edilmiş və iddiaçıya müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən ixtisas dərəcəsinə görə AR Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında əlavə nəzərə alınmaqla pensiyanın təyin olunması barədə inzibatı organa müraciət etməsini təsdiq edən hər hansı bir sübut (ərizə, müraciət) məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)- 899/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar