Məhkəmə qərarları › İş №2-1(103)-2577/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2577/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2577/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən qabaq, hazırkı tələb ilə bağlı cavabdehə müraciət etmişdir.

2. İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletindən görünür ki, o , xx.xx.1999-cu ildən 13 noyabr 2020-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.2000-ci ildə N saylı hərbi hissənin tərkibinə daxil edilmiş, xx.xx.2020-ci ildə hərbi xidmət haqqında əsasnamənin 156 maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdıqda) ehtiyata buraxılmışdır.

3. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqəsində qeyd edilmişdir ki, İddiaçı 051,212 və N nömrəli hərbi hissələrə xidməti zərurətlə əlaqədar 5 gün müddətinə- 22 sentyabr 2020-ci ildən 26 sentyabr 2020ci ilədək ezam olunur.

4. 1-13759 nömrəli vəsiqədən görünür ki, iddiaçı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

5. 1-15359 nömrəli vəsiqədən görünür ki, iddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

6. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqəsindən görünür ki, polkovnik-leytenant İddiaçı 051,212 və N nömrəli hərbi hissələrə xidməti zərurətlə əlaqədar 5 gün müddətinə- 22 sentyabr 2020-ci ildən 26 sentyabr 2020-ci ilədək ezam olunmuşdur.

7. Bundan əlavə iddiaçıya məxsus olan hərbi biletdən də görünür ki, xx.xx.2000-ci ildə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-ci ildə hərbi xidmət haqqında əsasnamənin 156 maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdıqda) ehtiyata buraxılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir.

9. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 2000-ci ilin fevral ayından N nömrəli hərbi hissədə xidmətə başlamış, N sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığından həmin tarixdən 2020-ci ilin oktyabr ayının 09-dan 10-na keçən gecəyədək olan müddət ərzində Füzuli rayonunun Alxanlı, Pirəhmədli, Qaraxanbəyli, Horadiz qəsəbəsi, Şükürbəyli kəndləri, Cəbrayıl rayonu 1-ci Maralyan, Nüzgar, Quycaq, Şeybey kəndləri, habelə Cəbrayıl, Füzuli rayonları və Hadrut qəsəbəsində, eyni zamanda bir sıra döyüş mövqelərində olmuşdur. Ezamiyyətdə olduğuna baxmayaraq və hərbi hissə döyüş əməliyyatlarına cəlb olunduğu üçün, habelə həmin vaxtda müharibənin gərginliyindən ezamiyyət vərəqəsi iddiaçıdan asılı olmayan səbəblərdən məsul şəxslər tərəfindən artırılmamışdır. Bundan sonra da məsul şəxslər ümumiyyətlə bununla bağlı yenə də hər hansı bir addım atmamış, müharibə şəraitində olduğuna görə özü də bu istiqamətdə hər hansı bir addım atmaq imkanında olmamışdır. Xüsusi göstərişə əsasən faktiki ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmasına baxmayaraq bu fakt ezamiyyət vəsiqəsində qeyd edilməmişdir. Həmin müddətdə döyüş əməliyyatlarının icrasının təşkilini və döyüş əməliyyatlarına rəhbərliyi həyata keşirmiş yüksək vəzifəli şəxslərlə bərabər bilavasitə döyüş əməliyyatları aparılan bölgəyə gedərək bölgədə döyüş əməliyyatlarına rəhbərlik edən müvafiq vəzifəli şəxsin döyüş əməliyyatlarının müxtəlif təminat növləri üzrə aidiyyatı tapşırıqlarını və mühafizəsini təşkil etmişdir. 2-4 oktyabr 2020-ci il tarixlərində yaralı hərbi qulluqçuları Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli kəndləri və Cəbrayıl rayonunun Mehdili kəndindən Füzuli rayonunun Horadiz qəsəbəsində açılmış qəbul məntəqələrinə təxliyyə edilməsində, həmçinin həmin ərazilərdə döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin şəxsi heyəti üçün döyüş sürsatı, digər hərbi əmlakın, ləvazimatların çatdırılmasında iştirak etmişdir. Sonra isə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 13 noyabr 2020-ci il taixli 029 gm nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibə bitdikdən sonra isə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı və 2021-ci il 24 iyun tarixli 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçıya veteran adının və veteran vəsiqəsinin verilməsini gözləsə də, Müdafiə Nazirliyi tərəfindən hərəkətsizlik edilmiş, iddiaçıya “Müharibə Veteranı” adı və müvafiq vəsiqə verilməmişdir. Odur ki, göstərilən adın və müvafiq vəsiqənin verilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin həmin müraciəti də cavabsız qalmışdır. Hansı ki, Azərbaycan Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş«Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən «Müharibə Veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

10. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, İddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. İddiaçıya imtina olunmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən: “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

13. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiqləyir.

14. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh tərəfindən hərəkətsizlik göstərilmiş, müraciətin araşdırılmasının yekunlaşmaması səbəbindən iddianın mümkün sayılmaması barədə müraciət edilsə də, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı hər hansı vəsatət qaldırılmamışdır. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti əsasında araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamış, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir.

15. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsinə ilə nəticələnmişdir. Məhkəmə Ali məhkəmənin 2-1(102)-722/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarının 33 və.sair bəndlərini nəzərə almalıdır.Məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarın müddəaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini və “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununu nəzərə almamışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, iddiaçıya “Müharibə veteranı” adının verilməsi ilə bağlı imtina olunub-olunmaması məhkəmə tərəfindən araşdırılmadan iddia təmin edilmişdir. İddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. İddiaçıya imtina olunmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən: "Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbi “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Bununla bağlı bildirmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda "Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçıya isə imtina olunmadığı halda, hansı inzibati aktın mübahisələndirildiyi məlum deyil və Komissiyaların üzərinə düşən vəzifələr üzrə qərarın məhkəmə tərəfindən qəbul edilməsi əsassızdır. Hətta məhkəmə qərarlarında (bənd 13, xx.xx.2020-xx.xx.2020) qeyd olunan tarixlərə də nəzər yetirilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 №-li Qərarı ilə ziddiyyət təşkil olduğunu açıq-aşkar görmək olar. Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə tərəfindən həmin xüsusatların araşdırılmaması, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə- qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; - 2.0.2-ci maddəsinə görə, hərbi xidmət– dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; - 2.0.3-ci maddəsinə əsasən, ehtiyatda xidmət– toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;

22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun - 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun - 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən: - Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə– hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ( Birinci hissəsinin onbirinci abzas) 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. İşin faktiki hallarına əsasən, iddiaçı cavabdehə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmiş, xahişi təmin edilməmişdir, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqəsindən görünür ki, polkovnik-leytenant İddiaçı 051,212 və N nömrəli hərbi hissələrə xidməti zərurətlə əlaqədar 5 gün müddətinə- 22 sentyabr 2020-ci ildən 26 sentyabr 2020-ci ilədək ezam olunmuşdur.

32. İddiaçı bildirir ki, 2000-ci ilin fevral ayından N nömrəli hərbi hissədə xidmətə başlamış, N sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığından həmin tarixdən 2020-ci ilin oktyabr ayının 09-dan 10-na keçən gecəyədək olan müddət ərzində Füzuli rayonunun Alxanlı, Pirəhmədli, Qaraxanbəyli, Horadiz qəsəbəsi, Şükürbəyli kəndləri, Cəbrayıl rayonu 1-ci Maralyan, Nüzgar, Quycaq, Şeybey kəndləri, habelə Cəbrayıl, Füzuli rayonları və Hadrut qəsəbəsində, eyni zamanda bir sıra döyüş mövqelərində olmuşdur. Ezamiyyətdə olduğuna baxmayaraq və hərbi hissə döyüş əməliyyatlarına cəlb olunduğu üçün, habelə həmin vaxtda müharibənin gərginliyindən ezamiyyət vərəqəsi iddiaçıdan asılı olmayan səbəblərdən məsul şəxslər tərəfindən artırılmamışdır. Bundan sonra da məsul şəxslər ümumiyyətlə bununla bağlı yenə də hər hansı bir addım atmamış, müharibə şəraitində olduğuna görə özü də bu istiqamətdə hər hansı bir addım atmaq imkanında olmamışdır. Xüsusi göstərişə əsasən faktiki ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmasına baxmayaraq bu fakt ezamiyyət vəsiqəsində qeyd edilməmişdir.

33. Bundan əlavə iddiaçıya məxsus olan hərbi biletdən də görünür ki, xx.xx.2000-ci ildə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-ci ildə hərbi xidmət haqqında əsasnamənin 156 maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdıqda) ehtiyata buraxılmışdır.

34. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə Ali məhkəmənin 2-1(102)-722/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarının 33 və.sair bəndlərini nəzərə almalıdır.

35. Bununla bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

36. Göstərilən hallar və sübutlar iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiqləyir.

37. Bundan başqa cavabdehin nümayəndəsi Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyət vərəqəsində Polkovnik-leytenant X5 adının yazıldığını bildirmişdir.

38. Həmin dəlil üzrə məhkəmə araşdırması zamanı iddiaçının izahatından aydın olunmuşdur ki, hərbi tapşırıqlarla bağlı məxfiliyin qorunması üçün ezamiyyət vərəqəsində qrup rəhbəri Polkovnik-leytenant X5 adı yazılmış, lakin həmin ezamiyyət vərəqəsinə əlavə olunmuş siyahıya 11 nəfərdən ibarət hərbi qulluqçunun, o cümlədən iddiaçının adı da daxil edilmişdir.

39. Apellyasiya şikayətinin iddiaçıya imtina olunmadığı halda, hansı inzibati aktın mübahisələndirildiyi məlum olmadığı halda Komissiyaların üzərinə düşən vəzifələr üzrə qərarın məhkəmə tərəfindən qəbul edilməsi əsassız olması barədə dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarının 74-75-ci vərəqindən müəyyən olunur ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir.

40. İddiaçının müraciətinə münasibətdə cavabdeh tərəfindən hərəkətsizlik göstərilmiş, müraciətin araşdırılmasının yekunlaşmaması səbəbindən iddianın mümkün sayılmaması barədə müraciət edilsə də, mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı hər hansı vəsatət qaldırılmamışdır. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti əsasında araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamış, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1104/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar