Məhkəmə qərarları › İş №2-1(103)-2578/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2578/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2578/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Üçüncü şəxs X4 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxılaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yeni Yasamal, U.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050 kv. mert olan torpaq sahəsini əraziyə atılmış məişət tullantılarından təmizlənib abadlaşdırmışdır. Həmin torpaq sahəsini daş hasara almış, su və kanalizasiya xətləri çəkmişdir. Torpaq sahəsindən, faktiki olaraq o, istifadə edir. Torpaq sahəsinin icarəsinə verilməsi üçün Bakı şəhəri Yasamal bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədrinin 04 aprel 2007-ci il tarixli 30/2 saylı sərəncamına əsasən onun icarəsinə verilmiş, aralarında icarə müqaviləsi bağlanılmışdır. O, sistematik olaraq icarə haqqını bələdiyyə büdcəsinə ödəyir. Bundan sonra o, istifadəsində olan torpaq sahəsinin 0.1 ha hissəsinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı və xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ilə X2 49 il müddətinə icarəyə verildiyi haqqında məlumat almışdır. Hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli sərəncamı qanunvericiliyin tələblərini pozmaqla verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə icraat zamanı COVİD- 19 pandemiyası ilə əlaqədar iddiaçı məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Nümayəndəsinin isə dəfələrlə məhkəməyə gəlməməsi səbəbindən məhkəmə tərəfindən iddia ərizəsinin geri götürülməsi barədə 03 noyabr 2021-ci il tarixli qərardad çıxarılmışdır. Qeyd edilən Sərəncamın ləğv edilməsi və həmin Sərəncamın əsasında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə 21 dekabr 2021-ci il tarixdə poçt vasitəsilə ərizə ilə müraciət edilmişdir. Həmin müraciətin edildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd olunan müddət keçdikdən 21 fevral 2022-ci il tarixdə təkrar məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci istansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli Sərəncamına və xx.xx.2020-ci il tarixli 1600 nömrəli icarə müqaviləsinə əsasən 49 il müddətinə X2 icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0,1 ha torpaq sahəsi üzərində sonuncunun icarə hüquqları qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 30/2 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yasamal rayonu, ünvan 1 ünvanında məskunlaşan məcburi köçkün, İddiaçı tərəfindən Ü.Əkbərov küçəsində 1050 kv. metr torpaq sahəsinin ailəməişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050 kv. metr torpaq sahəsi vətəndaş İddiaçı icarəyə verilmiş və torpaq sahəsinin icarəyə verilməsi şərtlərinin müqavilə əsasında tənzimlənməsi qərara alınmışdır. Yasamal Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 9/16 nömrəli, xx.xx.2007-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1.050.00 kv metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı icarəyə verilmiş və icarəçi torpaq sahəsini qəbul etmişdir. Bakı şəhəri, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 306 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X3 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən torpaq sahəsi üçün icarə haqqının ödəyicisidir, ödənişi etmişdir və xx.xx.2021-ci il tarixədək borcu yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8574/2021 nömrəli qərardadlarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi, eyni zamanda mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş məhkəmənin qeyd olunan qərardadları ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin X1 istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncamın ləğv edilməsi hissəsində geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi; həmçinin İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiasının Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair X1 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin (Çıxarışın) ləğvi hissəsində isə mümkün sayılması qərara alınmışdır. İş materiallarından olan Bakı İnzibati Məhkəməsinin arxivindən götürülmüş 2-1(112)- 8574/2021 nömrəli işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyətinin 70 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş 28 avqust 2020-ci il tarixli, 1600 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 102 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən torpaq sahəsi X2 49 il müddətinə icarəyə vermişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi vətəndaş X1, 0.11 ha torpaq sahəsi isə vətəndaş X5 icarə əsasında istifadələrinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, S-244-091 nömrəli məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən icarə əsasında X1 adına rəsmiləşdirilmiş 0.10 ha torpaq sahəsi “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamları ilə Yasamal Bələdiyyəsinə ayrılmış əraziyə aid deyildir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan müvafiq olaraq, 2 (iki) və 1 (bir) ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırda verilmiş iddia ərizəsi ilə eyni məzmunlu (sərəncamın ləğv edilməsi və s.) iddia ərizəsi ilk dəfə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur ki, bu hal da iddiaçının mübahisələndirilən sərəncamı və müqaviləni həmin tarixdə artıq əldə etmiş olduğunu sübut edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının X2 torpaq sahəsinin icarəyə verilməsi hissəsində və X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması barədə iddiaçının hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan müvafiq olaraq, 2 (iki) və 1 (bir) ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6494/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar