Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2578/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi (VÖEN **********) qeydiyyatdan keçərək fəaliyət göstərən vergi ödəyicisidir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********351100 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 12583,76 manat əlavə gəlir vergisi hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə faktura ilə 77.218,86 manat dəyərində kömür məhsullarını müxtəlif vergi ödəyicilərinə satmışdır. Həmin malların Quba, İsmayıllı və Göygöl rayonlarının kəndlərindən kənd əhalisindən hissə-hissə nağd qaydada alınmışdir. Malları təqdim edən şəxslər vergi ödəyicisi kimi qeydiyyatda olmadığından, elektron qaimə faktura əldə edə bilməmişdir. Qeyd olunan malların satışına görə iddiaçı tərəfindən bütün dövrlər üzrə sadələşdirilmiş vergi bəyənnamələri təqdim edilərək, vergilər dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh tərəfindən 5 iyul 2023-cü il tarixli kameral uyğunsuzluq məktubu göndərilərək gəlir vergi ödəyicisi olmalı olduğu bildirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 iyul 2023-cü il tarixli, **********901700 nömrəli qərara əsasən bəyənnamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində (bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75%-i gəlir vergisindən azaddır) nəzərdə tutulan 75% güzəşt hüququ nəzərə alınmadan 16.710,85 manat gəlir vergisi hesablanılmışdır. Bundan sonra iddiaçı tərəfindən vergi orqanına təqdim olunan ilk bəyannamədə malın alınmasına dair heç bir xərc nəzərə almadığı üçün 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi ilə xərc sənədlərinin olmamasına görə Nazirlər Kabinetinin 55 nömrəli 2001-ci il 1 mart tarixli qərarı tətbiq olunmuşdur. Lakin cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli **********0546600 nömrəli qərarı ilə iddiaçının malın alınmasına dair heç bir xərcini yenidən nəzərə almamış, bütün satış məbləğini xalis gəlir kimi qiymətləndirərək gəlir vergisinə cəlb etmişdir. Təqdim olunmuş malların dəyərinin 77.218,86 manat olması işin mübahisəsiz halıdır, və cavabdeh tərəfindən də qəbul olunur. Belə ki, 2022-ci il ərzində elektron qaimə faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 36.852,59 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10.950 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2.200 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 16.000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4.274,27 manat dəyərində ağac kömürü təqdim edilmişdir. Cavabdeh tərəfindən 22 sentyabr 2023-cü il tarixli **********596800 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarda bildirilmişdir ki, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində kömür təqdim edilməsi ilə bağlı elektron qaimə fakturaları təqdim edilməmiş, 2022-ci il ərzində malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə faktura və elektron alış aktları əldə edilməmiş, idxal-ixrac əməliyyatları aparmamış, onun kömür məhsullarının saxlanılması üçün təsərrüfat subyekti (obyektinin) olmamış, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlər təqdim edilməmişdir. Bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyinə, vergi ödəyicisinin əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, qeyd olunanlara əsasən vergi orqanının bu hüquqdan istifadə etməsinin məqsədəmüvafiq hesab edilmədiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin 20 sentyabr 2023-cü il tarixli **********546600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən qərarın mətnindən göründüyü kimi, vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 109.9-cu maddəsinin 2-ci hissəsinin tələbinə əhəmiyyət verilmədən, mövcud hala münasibətdə Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab edilməməsi bildirilmişdir. Vergi Məcəlləsinin 3.1-ci maddəsinə görə vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinə görə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən vergilər hesablanarkən qanunun normasına deyil, subyektiv qənaətə üstünlük verilmişdir. Təqdim edilmiş 77.218,86 manat məbləğin tam olaraq gəlir kimi qəbul edilməsi, heç bir xərcin çəkiləməməsinin iddia olunması və 15.157,72 manat gəlir vergisi hesablanmasının heç bir iqtisadi əsası yoxdur, vergitutmanın ümumi, bərabər və ədalətli olması prinsipinə ziddir. Cavabdeh faktiki olaraq qəbul edir ki, iddiaçı satılan malların alınmasına faktiki xərc və bu kimi halda Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergiyə cəlb olunan gəlir müəyyən edilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq göstərilən xərclərin müəyyən olunması üçün ən münasib üsul isə Məcəllənin 67.14cü maddəsinə əsasən xərclərin şərti rentabellik norması ilə hesablanmasıdır. Cavabdeh özü qeyd olunan normanı tətbiq edərək vergiyə cəlb olunan gəliri müəyyən etməli olduğu halda, bunu yerinə yetirmədiyi üçün iddiaçı könüllü şəkildə şərti rentabellik normasına uyğun bəyannamə təqdim edərək 2.573,96 manat gəlir vergisi məbləğini hesablamışdır. Cavabdeh isə, həmin bəyannaməni təsdiq etmək əvəzinə, yenidən xalis gəlir məbləğini gəlir vergisinə cəlb etmiş və 3 oktyabr 2023-cü il tarixli **********837600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək, əlavə olaraq 12.583,76 manat gəlir vergi hesablamışdır. Halbuki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa qaydada həyata keçirmək imkansızdır. Cavabdeh əgər xərcləri qəbul etmirsə, demək ki, gəliri də qəbul etməməlidir. Əgər gəlir qəbul olunursa, demək ki, onun formalaşmasında xərc iştirak edib. Çünki gəliri formalaşdıran əmtəə maldır, xidmət və ya iş deyil. Qanunverici vergi orqanına tək əlavə vergi hesablamaq səlahiyyəti verməmiş, həm də vergi ödəyicisinin xeyrinə olan halları nəzərə almaqla düzgün vergiləri hesablamaq vəzifəsi müəyyən etmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 14, 14-1, 36.2, 58.16, 67, 83.9, 109.9-cu maddələrinə, İPM-in 14.1, 70.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur.
6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmetini təşkil edən 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları» sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı sözügedən Meyarların 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı 6 fevral 2023-cü il tarixli **********351100 nömrəli qərar qəbul olunaraq ona göndərilmişdir. Həmin qərarda vergi ödəyicisi tərəfindən 4 noyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək dövr ərzində ümumilikdə 20.020,47 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “kömür” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı qeyd edilmişdir. İddiaçı öz ərizəsində satdığı kömürü Quba, İsmayıllı və Göygöl rayonlarının kənd sakinlərindən hissə-hissə topladığını və buna görə hər hansı sənəd almadığını etiraf etmişdir. Bununla əlaqədar bildirilir ki, vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (malların təqdim edilməsindən gəlir) sətrində 77.218.86 manat, “Hesabat dövrünün xərcləri” hissəsinin 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 1.430.25 manat qeyd edildiyi, Vergi Məcəlləsinin 102.1,30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin Məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini nəzərə alaraq ona 15.157.72 manat gəlir vergisi məbləği hesablanmışdır. Araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əldə edilmədiyi, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 43.794,59 manat dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10.950 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2.200 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 16.000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 4.274,27 manat dəyərində kömür təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən gəlir və xərc məbləğlərinin göstərilmədiyi, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 5 iyul 2023-cü il tarixli **********523400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16.710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 iyul 2023-cü il tarixli **********901700 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16.710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 avqust 2023-cü il tarixli **********922100 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 avqust 2023-cü il tarixli **********922100 nömrəli qərarla hesablanmış 16.710,85 manat vergi məbləği 1.553,13 manat azaldılaraq dəqiqləşdirilmələr aparılmış və 2022-ci ilin gəlir vergisi üçün 15.157,72 manat hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli **********546600 nömrəli qərar qəbul olunmuşdur. Son olaraq iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, 27 sentyabr 2023-cü il tarixli **********557500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və cavabdeh tərəfindən 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən qeyd olunan qərarın ləğvi ilə əlaqədar inzibati qaydada müraciət edilmiş, vergi orqanının 22 sentyabr 2023-cü il tarixli **********596800 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən hətta əmtəəsiz əməliyyatla bağlı məsələlərdə vergi orqanının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tətbiq edilməli olduğu öz əksini tapmışdır. Nəzərə alsaq ki, iddiaçı məhz əmtəəsiz əməliyyatların həyata keçirilməsində şübhəli hesab edildiyindən bununla bağlı barəsində müvafiq qərar qəbul edilmişdir, bu halda vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Həmçinin iddia ərizəsində qeyd olunanın əksinə, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 37-ci maddələrinə, İPM-in 32, 35, 58.7, 68.1-ci maddələrinə əsaslanaraq, iddiaçının iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 60 iş günü müddətində keçirilməsini nəzərdə tutur, mənfəət vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin fakktiki hallarına görə iddiaçı sadələşdirilmiş verginin ödəyicisi kimi müvafiq bəyannaməni hər hesabat dövrünün, yəni rünün sonunda növbəti ayın 20-dək təqdim etmiş, lakin gəlir vergisinin ödəyicisi kimi 2022-ci il üzrə bəyannaməni 2023-cü ilin mart ayının 31-dək təqdim etməmişdir.
10. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2023-cü ilin mart ayının 31-dən 60 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş 60 iş günü müddəti ötürülməklə (pozulmaqla) keçirmişdir. Belə ki, İşdə olan Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qətrarında vergi orqanı tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubun hazırkı iddiaçıya 5 iyul 2023-cü il tarixdə göndərildiyi qeyd olunmuşdur. halbuki, həmin tarixdə illik gəlir vergisinin bəyannaməsinin verilməsi üçün müəyyənləşdirilmiş 1 mart 2023-cü il tarixindən 60 iş günü ötürülmüşdür. Bununla da, belə nəticə yaranır ki, 21 iyul 2022-ci il tarixli həmin qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur.
11. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin hazırkı iddiaçıya əlavə vergi məbləğləri hesablanan hesabat dövründə qüvvədə olmuş 67.14-cü maddəsi Məcəllədə göstərilən müvafiq hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, mənfəət (gəlir) vergisinin həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, yəni şərti rentabellik qaydasında hesablanmasını nəzərdə tutmuşdur. İşin faktiki hallarına görə iddiaçı özü də sonradan vergiyi hesabatını (bəyannaməni) Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun vermişdir.
12. Belə ki, iddiaçının sadələşdirilmiş vergi ödəyicisi kimi 2022-ci ildə dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 67.14 və 83.9-cu maddələrinə əsaslanaraq 20% şərti rentabellik tətbiq edilməklə gəlirini və ona uyğun gəlir vergisini bəyan etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən onun riskli vergi ödəyicisi qismində qiymətləndirilməsi və ona Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı rəhbər tutularaq, Vergi Məcəlləsinin 103.1.30-cu maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edilməklə 15.157.72 manat gəlir vergisi məbləği hesablanması vergi qanunvericiliyinə ziddir.
13. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
14. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3 oktyabr 2023-cü il tarixli **********837600 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Mübahisələndirilən halda isə vergi ödəyicisi tərəfindən elektron-qaimə fakturalar təqdim edildiyi üçün vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamış, gəlir vergisi bəyannaməsi təqdim etməli olduğu halda isə bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən də vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunan 30 iş günü müddəti mübahisələndirilən hala şamil olunmur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bundan başqa məhkəmə qərarında qeyd edilmişdir ki, "Vergi Məcəlləsinin hazırkı iddiaçıya əlavə vergi məbləğləri hesablanan hesabat dövründə qüvvədə olmuş 67.14-cü maddəsi Məcəllədə göstərilən müvafiq hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, mənfəət (gəlir) vergisinin həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən, yəni şərti rentabellik qaydasında hesablanmasını nəzərdə tutmuşdur. İşin faktiki hallarına görə iddiaçı özü də sonradan vergi hesabatını (bəyannaməni) Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına uyğun vermişdir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi 2022-ci ildə dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 67.14 və 83.9-cu maddələrinə əsaslanaraq 20% şərti rentabellik tətbiq edilməklə gəlirini və ona uyğun gəlir vergisini bəyan etdiyi halda, cavabdeh inzibati orqan tərəfindən onun riskli vergi ödəyicisi qismində qiymətləndirilməsi və ona Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı rəhbər tutularaq, Vergi Məcəlləsinin 103.1.30-cu maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edilməklə 15.157.72 manat gəlir vergisi məbləği hesablanması vergi qanunvericiliyinə ziddir.” Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarım bəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********351100 nömrəli Qərar qəbul olunaraq göndərilmişdir. Həmin qərarda vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 20020,47 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Kömür” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə mövqeyinin əksinə, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddə 14. Bazar qiyməti 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9-cu maddəsinə əsəsən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır(yoxlama dövründə qüvvədə olan norma)
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində birinci instansiya məhkəməsinin aktının əsaslığı tam olaraq yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və əlavə gəlir vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.
33. Cavabdeh vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********523400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci il üçün 16710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********901700 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra vergi ödəyicisi tərəfindən 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16710,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********922100 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra, vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********922100 nömrəli qərarla hesablanmış 16710,85 manat vergi məbləği 1553,13 manat azaldılaraq dəqiqləşdirilmələr aparılmış və 2022-ci ilin gəlir vergisi üçün 15157,72 manat hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********546600 nömrəli Qərar qəbul olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya özü tərəfidən bəyna edilmiş 2 573.96 manat gəlir vergisindən əlavə olaraq 12583,76 manat əlavə gəlir vergisi hesablanmışdır.
34. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 12583,76 manat əlavə gəlir vergisi hesablamışdır.
35. İddiaçı bu halla razılaşmır və hesab edir ki, alınmış malların alış sənədləri təqdim edilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkildiyindən, cavabdeh Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə və digər analoji üsullardan istifadə etməklə vergini hesablamalı idi.
36. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli etirazına və ona əlavə edilmiş qərara əsasən, İddiaçı (**********) xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
37. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur. Baxılan işdə cavabdeh vergi orqanı mikro sahibkar olan iddiaçıya 75% güzəşt tətbiq etməyərək əlavə vergi hesablamışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən fiziki şəxslərin gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi aşağıdakı gəlirləri gəlir vergisindən azaddır.
38. Digər tərəfdən birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olsa da belə, cavabdeh iddiaçıya tətbiq etdiyi vergi məbləğini düzgün hesablamamışdır. Belə ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının riskli vergi ödəyicisi hesab olunması ilə bağlıdır.
40. Elektron qaimə-fakturaların araşdırılması zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərində cəmi 20020,47 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Kömür” qeyd olunduğu müəyyən edilsə də, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir.
41. Cavabdeh apellyasiya şikayətində təsdiq edir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli, **********837600 nömrəli qərar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır.
42. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin riskli hesab edilməsi ilə bağlı qərar qəbul edilərkən Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar) tələbi pozulmuşdur. Belə ki, qanunvercilik əmtəəsiz əməliyyat anlayışını mütləq şəkildə vergi nəzarəti tədbirinin keçirilməsi ilə əlaqələndirdiyi halda iş materiallarında, iddiaçının fəaliyyət göstərdiyi dövr üzrə hər hansı vergi nəzarəti tədbiri keçirdiyi müəyyən olunmamışdır.
43. Məhkəmə kollegiyası cavabdehin qənaətinin əsassız olmasını müvafiq qanunvericilik normalarına istinad etməklə sübuta yetirilməsini qanuni hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan(qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Göründüyü kimi, əmtəəsiz əməliyyat birbaşa nəzarət tədbiri ilə faktiki mal (iş, xidmət) mövcud olmayan əməliyyatları ehtiva edir. Alış sənədinin mövcud olmaması isə əməliyyatın əmtəəsiz hesab olunması üçün vergi nəzarət tədbiri ilə aşkar sübuta yetirilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, əgər əmtəəsiz əməliyyatın aparılması sübuta yetirilsə belə, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 109.9-cu maddəsinin ikinci hissəsi tətbiq edilərək müəyyən olunan məbləğ gəlirdən çıxılmalıdır. Lakin vergi orqanlarının hazırki inzibati praktikasında əməliyyatın əmtəəsiz və ya riskli olması vergi nəzarət tədbiri ilə sübuta yetirilməmiş, gəlir vergisinə münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin ikinci hissəsi ümumiyyətlə tətbiq edilməmiş və gəlir məbləği xalis mənfəət kimi birbaşa 20 faiz dərəcə ilə mənfəət (gəlir) vergisinə cəlb edilir. Halbuki, şəxsin gəliri olduğu kimi qəbul edilirsə (əməliyyatın əmtəəsiz olub-olmamasından asılı olmayaraq) həmin gəlir məbləğini xalis mənfəət kimi qiymətləndirmək Vergi Məcəlləsinin 109.9-cu və 58.16-cı maddələrinin tələbinə ziddir və gəlir qəbul edilirsə həmin gəlirdən xərclərin çıxılması mütləq nəzərə alınmalıdır. Əks halda həm də gəlir məbləği azaldılmalıdır. Belə ki, mal təqdim olunmuşdursa, mütləq şəkildə həmin malın əldə olunması ilə bağlı olaraq hər hansı xərc çəkilmişdir. İddiaçı isə mövcud qanunverciliyə əsaslanmaqla, 77.218,86 manat gəlirin əldə olunması ilə bağlı xərclərinə münasibətdə dövlət büdcəsinə 2 573.96 manat gəlir vergisini könüllü şəkildə hesablamışdır
45. Vergi Məcəlləsinin 14.3.6-cı maddəsinə görə, vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması hallarından biridir.
46. Vergi Məcəlləsinin 58.16-cı maddəsinə görə, bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.
47. Göründüyü kimi, qanunverici malın alış sənədi mövcud olmayan halda vergilərin bazar qiyməti və ya Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun formada müəyyən edilməsini, hətta malın adı dəqiq müəyyən olunmadığı halda belə onun alınmasına çəkilən xərclərin mövcud olduğunu tanıyır və xərclərin 1,2-yə bölünməsi üsulunu, yəni şərti rentabellik normasının tətbiqini bildirir. Sonuncu norma malların alış sənədinin olmamasına görə maliyyə sanksiyasının tətbiqi ilə əlaqədar qanunvericiliyə əlavə edilsə də, mahiyyətcə eyni mənanı ifadə edir. Nəzərə alınmalıdır ki, yoxlamalar zamanı vergi orqanları da xərc sənədlərinin mövcud olmaması halında məhz şərti rentabellik normasını tətbiq edir.
48. Məhkəmə kollegiyası cavabdeh inzibati orqana qarşı olan bir çox məhkəmə işlərinin təhlili nəticəsində belə qənaətə gəlmişdir ki, xüsusi ilə səyyar vergi yoxlamaları zamanı cavabdeh tərəfindən elektron qaimə faktura, yük gömrük bəyənnamələri, forma 2, forma 3, müqavilə, təhvil təslim aktları və s. rəsmi təsdiq olunan xərc sənədləri olduğu halda belə, həmin sənədləri tam kimi qəbul etməyərək Nazirlər Kabinetinin 55 saylı qərarını tətbiq edərək vergilər hesablayırlar. Mövcud halda cavabdeh tərəfindən isə vergi ödəyicisi tərəfindən malları faktiki olaraq alınıb, 3-cü şəxslərə təqdim olunsa da, malların xarakterinə görə rəsmi sənəd(elektron qaimə faktura və s.) əldə edə bilməmişdir. Məhkəmə kollegiyasi hesab edir ki, Nazirlər Kabinetinin 55 saylı qərarı əslində mövcud hala münasibətdə(xərci təsdiq edən sənədlər ümumiyyətlə olmamasına görə) tətbiq olunmalı olduğu halda, cavabdeh inzibati orqan tərəfindən “İnzibatı İcraat haqqında” qanunun 12 və 13-cü maddələrinə (12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.) zidd davaranaraq, iddiaçının vəziyyətini ağırlaşdıran ikili yanaşma nümayiş etdirmişdir. Halbuki, Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən hesablama qaydası məhz mövcud hala münasibətdə tətbiq olunmalı idi.
49. Həmçinin, cavabdeh iddiaçının təqdim etdiyi qaimə fakturalar üzrə satışda öz əksini tapan malların iddiaçı tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onun almadığı malları satdığını müəyyən etdiyini iddia edir. Odur ki, cavabdeh inzibati orqan iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamışdır. Əlavə olaraq cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi bildirmişdir ki, iddiaçı tərəfindən elektronqaimə fakturalar üzrə təqdim edilmiş malların kimdən, hansı qaydada əldə edilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim olunmamışdır. Malları satan şəxslərin qaimə-faktura təqdim etməkdən imtina etməsi isə heç bir halda iddiaçını məsuliyyətdən azad edən hal kimi onun xeyrinə şərh oluna bilməz.
50. Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə gəlir vergisi hesablayan zaman istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə vergilərin hesablanması üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
51. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
52. Həmçinin, cavabdeh iddiaçının aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməmişdir. Bununla yanaşı cavabdeh mənfəət vergisini riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydada hesablamamışdır. Belə ki, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə 64 349,05 manat məbləği xərc olaraq nəzərə almadıqda həmin dövrdə qüvvədə olan VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə gəlir vergisi hesablamışdır.
53. Bununla bağlı cavabdeh inzibati orqan qeyd etmişdir ki, əgər məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması ilə nəticələnərdi.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan həmin dəlillərə münasibətdə heç bir hüquq normasına əsaslanmamış və yalnız onun gələcəkdə ehtimal olunan proqnozundan çıxış etmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsası ola bilməz.
55. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
56. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
57. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edərkən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuşdur.
58. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
59. Belə ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanın bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda, cavabdehin istinad etdiyi məlumatlar Vergi Məcəlləsinin 67.1-ci maddəsinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir.
61. Məhkəmə kollegiyası nəzərə alır ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin müddəalarının məzmunundan aşkar olaraq müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.
62. Vergi Məcəlləsinin (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan normaları) 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
63. Göründüyü kimi qanunvericilikdə riskli və ya əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən mallar üzrə gəlir əldə edildiyi hallarda xərclər yuxarıda qeyd edilən maddələr üzrə nəzərə alınmaldır.
64. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən fiziki şəxslərin gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi aşağıdakı gəlirləri gəlir vergisindən azaddır. Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır.
65. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
66. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir.
67. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 xx.xx.2023-cü il tarixli Qərarında və 2-1(102)-92/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlarnda “Riskli vergi ödəyicisi” konsepsiyası və Riskli və (ya) əmtəəsiz əməliyyatların hüquqi nəticələr dəqiq və aydın izah edilmişdir).
68. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh nə bazar qiyməti, nə də Nazirlər Kabinetinin 55 saylı qərarı, nə analoji, nə də ekspert rəyi əsasında vergiləri hesablamamışdır. Bununla bağlı kameral vergi yoxlaması qərarında da belə bir qanuni əsas müəyyən edilmir. Halbuki Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması qərarı əsaslandırılmalı və Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə aparılmalı idi.
69. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
70. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
71. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
72. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 67.14 və 83.9-cü maddələrində “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
73. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
74. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.