Məhkəmə qərarları › İş №2-1(103)-2578/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2578/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2578/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı (üçüncü şəxs X2) iş üzrə (Açar sözlər: mümkünlük şərtlərinin yoxlanılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi- vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-6355/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının icradan kənar qanunsuz olaraq sökdükləri ona məxsus olan ünvan 1 ünvanında yerləşən çəpərin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 qarşı “Sökülmüş tikilinin bərpa edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh X3 tərəfindən onun istifadəsində olan ünvan 3 ünvanında tikilmiş və cavabdehin əsassız iddiası əsasında sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5627/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsinə görə iddiaçının istifadəsində olan həmin çəpərin sökülməsi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, həmin qətnaməni icra edən icra məmurları qətnamədə göstərilən icra hərəkətlərinin icradankənar icra edilməsi nəticəsində onun istifadəsində olan hasar qeyri qanuni olaraq sökülmüşdür. Artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1287/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin bu qanunsuz əməlləri öz sübutunu tapmışdır o, bu qətnamədən AR Ali Məhkəməsinə kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu faktın özü də bir daha da təsdiq edir ki, bu qanunsuz əməllər icra məmurları tərəfindən həyata keçirilmişdir. O, bunu nəzərə alaraq cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-887/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə xx.xx.2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın mərzin üstünə düşən hissəsinin sökülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsi haqqında bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanı üzrə göndərilmişdir. İcra vərəqəsinin icrası borclu tərəfindən könüllü olaraq təmin edilmədiyindən, dəfələrlə məcburi icra tədbirləri təyin edilmiş və nəticə olaraq mərzin üstünə düşən otağın sökülməsi üçün hasar sökülsə də, mərzin üzərinə düşən hissə üç mərtəbədən ibarət olduğundan və sökülməsi üçün texniki vasitə tələb olunduğundan icra sənədinin icrası tamamlanmadan saxlanılmış, digər vaxta təyin edilməsi tələbkarlarla razılaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8117/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-887/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edildiyindən Qaradağ rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin icraatına xitam verilmişdir.Ərizədə vurğulanmış “icra şöbəsinin əməkdaşının icra vərəqsindən kənar icra hərəkətlər nəticəsində hasarın sökülməsinə” münasibətdə bildirilir ki, mövcud vəziyyətdə mərzin üzərinə düşən hissənin sökülməsi üçün tikilinin digər hissələrinə xəsarət yetirilməməsi və təhlükəsizlik normaları çərçivəsində daha ağır fəsadlarla nəticələnməməsi üçün tikilinin kənar hissələrindən sökülməsi, yəni tikiliylə vəhdət təşkil edən hasar ətrafından sökülməsi labüd idi və hesab edilir ki, həmin şəraitdə icra sənədinin təmin edilməsi üçün zərurət təşkil etdiyindən icra sənədindən kənar tədbir görülməyib. Odur ki, ərizədə istinad edilən müddəalar iddia qaydasında olmadığından və bu barədə rəsmi hüquqi rəy verilmədiyindən müraciəti təmin etmək mümkün deyildir, belə ki, müraciət icra hərəkətlərinə iddiaçının şəxsi yanaşmasıdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(002)- 760/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, X3 tərəfindən İddiaçı istifadəsində olan ünvan 5 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1787/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(002)-760/2021 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin olunmaması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4604/2022 nömrəli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1787/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 3538/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı qanunsuz sökülmüş çəpərin bərpa edilməsi vəzifəsinin cavabdehin (Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin) üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərara əsasən İddiaçı izah edilmişdir ki, onun qeyd olunan iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır.

8. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

9. Qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)- 1714/2023 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Qərardaddan narazı qalan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1591/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)- 2998/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

14. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi” tələbi barədə iddianın mümkün sayılmaması qərara alınmışdır.

16. Qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)- 3635/2024 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş materialları, iddiaçının “ona məxsus çəpərin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-6355/2025 nömrəli qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.

19. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə görə də bu iddia ərazi üzrə inzibati məhkəmədə inzibati icraat qaydasında baxılmalıdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli 2(103)-8117/2018 saylı, habelə, 2(103)-1787/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri, icra işinin materiallarına, sair məhkəmə aktlarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş iddiaçı otağın, mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunduğu halda, icra sənədində göstərilən həmin hissə sökülməmiş, mərz kimi olan hasar qanunsuz olaraq sökülmüşdür.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-(112)-6355/2025 nömrəli qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

28. İşin hallarından göründüyü kimi, iddiaçı konkret halda cavabdehə qarşı öhdəliyin icrası haqqında iddiasında tələb edir ki, cavabdeh icra orqanı tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-760/2021 №li qətnaməsi düzgün icra olunmadığına və icra hədlərindən kənara çıxaraq ona məxsus hasarın qanunsuz olaraq söküldüyünü mübahisələndirərək, həmin hasarın bərpa edilməsi vəzifəsinin cavabdeh həvalə edilməsini tələb etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.

30. Belə ki, işə əlavə olunmuş qanuni qüvvəsini almış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli 2(103)-8117/2018 saylı, habelə, 2(103)- 1787/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri, icra işinin materiallarına, sair məhkəmə aktlarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş iddiaçı otağın, mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunduğu halda, icra sənədində göstərilən həmin hissə sökülməmiş, mərz kimi olan hasar qanunsuz olaraq sökülmüşdür.

31. Konkret halda da, iddiaçı A.Ələkbərpov haqlı olaraq, öhdəliyin icrası haqqında iddia vasitəsilə həmin hasarın bərpa edilməsini cavabdeh icra orqanından tələb edir.

32. Belə ki, İPM-in 34.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

33. Maddənin qeyd olunan məzmunundan göründüyü kmi, öhdəliyin icrası haqqında iddia vasitəsilə inzibati orqana qarşı iddiaçı öz seçimi üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) iki tələbdən birini irəli sürə bilər:

1. İnzibati orqandan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər;

2. inzibati orqantərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

34. İddiaçı, konkret halda, öz seçimini edərək cavabdeh inzibati orqana qarşı iddia ərizəsində məhkəmə qətnaməsinin düzgün icra edilməməsi nəticəsində, icranın hədləri aşılaraq qanunsuz olaraq sökülmüş hasarın bərpa edilməsi tələbini irəli sürmüşdür. Başqa sözlə, sökülmüş əmlakının geri qaytarılmasını cavabdehdən tələb edir.

35. Ən azından, İPM-in 2.2.7-ci maddəsi də nəzərdə tutur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya tələbini dəyişdirərək cavabdeh qarşı kompensasiya tələbini irəli sürməsini təklif etməsi və sonuncu tərəfindən bu təklif qəbul edilmədiyində isə iddianın mümkün sayılmaması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə əvvəlki qərardadlarında da, məhz, məsələ ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: “İcra haqqında” Qanunun 26-cı maddəsidə də məhz, nəzərədə tutur ki, icra məmuru icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etməlidir. Belə olan halda, cavabdeh icra orqanı tərəfindən icranın predmeti çərçivəsindən kənara çıxmaqla, icraatın iştirakçılarının və ya kənar şəxslərin hüquq və azadlıqları pozulduqda, o cümlədən onlara ziyan vurulduğu halda, sonuncuların icra orqanına qarşı yönəlmiş əmlak və ya ziyan tələbinə iddia tələblərinə inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər...”

38. Konkret halda da məhz, icra orqanı “İcra haqqında” Qanunun 26-cı maddəsi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməməsi onunla nəticələnmişdir ki, iddiaçının məhkəmənin icra sənədində sökülməsi nəzərədə tutulmayan daşınmaz əmlakını(hasarı) sökülmüşdür ki, hazırkı iddia tələbində də o, İPM-in 34.1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan qaydada həmin hasarı yerinə bərpa edilməsini, yəni sökülmüş əmlakını tələb edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə düzgün qiymət verilməmişdir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2-1(112)-6355/2025 nömrəli qərardadı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar