Məhkəmə qərarları › İş №2-1(103)-2579/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2579/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2579/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Müdafiə Naziriyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət çavuşu hərbi rütbəsində xidmət etmişdir. Xidmət keçən zaman sağlamlığında ciddi problemlər yaranmışdır ki, o bu səbəbdən həkimə müraciət etmiş və həkim müayinəsindən sonra xəstəliyinin, ağrılarının intensivləşməsinə görə 2016-cı ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Xəstəliyini hərbi xidmət dövründə aldığına görə Hərbi Həkim Komissiyasının qərarına əsasən o sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Bundan sonra o səhiyyə müəssisəsinə müraciət etmiş, oradan Hərbi Həkim Komissiyasının qərarı və səhiyyə müəssisəsinin göndərişi ilə birlikdə sənədlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Burada ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı ona əlillik təyin edilməsindən imtinanı qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş etirazında göstərmişdir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin komissiyaları tərəfindən göndəriş əsasında aparılır. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmamazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra göstərilən pozuntuların, çatışmamazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlililliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişiliklə bağlı komissiyanın rəyinə əsasən tibbi-soaial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistemi tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyin qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətlənirilməsi məqsədi ilə dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərində və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. Bununla əlaqədar, iddiaçının tibb müəssisələrindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq sənədləri aldıqdan sonra əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. iddiaçı barədə əlillik vəziyyətinin müəyyən edilməsi barədə Sumqayıt 2 nömrəli şəhər poliklinikası tərəfindən 08.07.2019-cu il tarixli göndəriş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir, göndərişin natamam doldurulması – “Xəstənin boy-çəki əmsalının göstərilməməsi, laborator müayinələr əsas diaqnozun ağırlaşmalarını əks etdirmədiyinə görə” imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı öz məqsədinə çatmaq üçün əvvəlcə dövlət səhiyyə müəssisəsinə müraciət etməli idi. Lakin iddiaçı bunu etməmiş, hazırkı cavabdehlərə qarşı iddia qaldırmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verən inzibati orqan deyildir və ona qarşı hansı tələbin irəli sürülməsi də iddia ərizəsində göstərilməmişdir. Buna görə də iddia mümkün sayılmamalıdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olan maddi normanı tətbiq etməmiş, tətbiq etdiyi normanı səhv təfsir etmiş və prosessual qanunvericiliyin tələblərini pozmaqla qərar çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya mıhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin Müdafiə Nazirliyinin nümayəndəsi izahat verərək bildirdi ki, hazırki işlə bağlı bağlı iddiaçının onlara hər hansı müraciəti olmamışdır. Onlar bu iş üzrə cavabdeh qismində iştirak etməməlidirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan 18 iyun 2019-cu tarixli, 0530003AAE0N saylı, Sumqyıt şəhər 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş göndərişdən görünür ki, İddiaçı 2018-ci ildən qeydiyyatda olmaqla onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxma diaqnozu qoyulmuşdur. İş materiallarinda olan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07 may 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, vətəndaş İddiaçı 08 noyabr 2016-cı il tarixdə SQBKH terapiya profilli hopital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda müəyyən olunmuş xəstəlik diaqnozuna əsasən AR NK-nin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edlmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 57 “b” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARASİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi Əsasnamənin 7.2-ci bəndinin ç yarımbəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. AR NK-nin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi və bununla əlaqəli digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0530003AAEN nömrəli göndəriş əsasında 08.07.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Sumqayıt 2 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0530003AAEN nömrəli göndərişdə xəstənin boyçəki əmsalı, laborotor müayinələr əsas diaqnozun ağırlaşmaları əks etdirilmədiyi üçün əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı inzibati orqanın yuxarıda göstərilən imtinasını qanunsuz hesab edərək hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmədən iddianın mümkün sayılmamasına dair gəldiyi nəticə inzibati prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçının tələbi hərbi xidmət ilə əlaqəli olmaqla əlilliyin təyin edilməsindən ibarət olmuşdur ki, həmin tələbə baxılması qanunvericiliyin tələbinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. İş materiallarından göründüyü kimi, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış 13.04.2021-ci il tarixli məhkəmə bildirişində məhkəmənin İPM-nin 13-cü maddəsini (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddia ərizəsində iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi üçün 20 gün müddət təyin edilmişdir. Lakin həmin bildirişin iddiaçıya təqdim olunması, çatdırılması, iddiaçının həmin bildirişi almasını və onun bu bildiriş barədə məlumatlı olmasını təsdiq edən hər hansı sənəd-sübut iş materiallarında mövcud deyildir. Həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən yardım göstərilməsi onun iştirakı ilə keçirilmiş məhkəmə iclas protokollarında da öz əksini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır və əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsini təklif etməklə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2- 1(112)-5479/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(112)-5479/2021 nömrəli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar