Məhkəmə qərarları › İş №2-1(103)-2579/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2579/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2579/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “imtinanın qanunsuz hesab ediməsi mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(112)- 2909/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 “A” saylı evin 22A saylı mənzilinə mülkiyyət hüququnun qeydə alınmasından imtinasının qanunsuz hesab edilməsi və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həmin mənzilə mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 22 aprel 2016-cı il tarixli, 117 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 "A" saylı evin, ümumi sahəsi 29 kv.m olan, 1 otaqdan ibarət 22 "A" saylı mənzili onun daimi istifadəsinə verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən həmin mənzilə dair iddiaçının adına texniki pasportun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən sözügedən mənzil sahəsinə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Həmçinin, müraciətə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 150A saylı evin 22A nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2016-cı il tarixində verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən bu barədə iddiaçıya **********84 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedıci sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(112)-2909/2023 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinə oxşar məzmunda əsaslanıdırlmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(112)-2909/2023 saylı qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023cü il tarixli, 2-1(112)-2909/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 “A” saylı evin 22A saylı mənzilinə mülkiyyət hüququnun qeydə alınması barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 150A saylı evin 22A nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2016-cı il tarixində verildiyi üçün imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq sərəncam xx.xx.2016-cı il tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri dairəsinə düşmür və sərəncamda həmin mənzilin iddiaçının istifadəsinə verildiyi müəyyən olunur. Odur ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 117 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 “A” nömrəli evin ümumi sahəsi 29.0 kv.m, yaşayış sahəsi 12,5 kv.m olan 1 otaqlı 22A nömrəli mənzilində ailə tərkibi 1 nəfər olmaqla (özü) vət. İddiaçı adına kirayə müqaviləsi bağlanmış və o həmin mənzilin icarədarı hesab edilmişdir. - Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 000533 nömrəli arayışda bildirilmişdir ki, İddiaçı həqiqətən Azadlıq küçəsindəki 150 “A” nömrəli evin 1 mərtəbəli evin 1 mərtəbəsində 12.5 kv.m sahəsi olan 1 otaqlı 22A nömrəli mənzilində yaşayır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci tarixindən 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyir və həmin tarixdən etibarən Azadlıq prospekti, ev 150a, mənzil 22a ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. İşlədiyi müddət ərzində o özünü müsbət tərəfdən göstərmiş və verilmiş tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. Nümunəvi işçi olduğunu və uzun illərdir həmin ünvanda yaşadığını nəzərə alaraq, onunla yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: -139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin qanunvericiliyin tələblərinə və işin hallarına əsasən yoxlayıb qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 "A" saylı evin 22 "A" saylı mənzili Nərimanov İcra Hakimiyyəti Başçısının 22 aprel 2016-cı il tarixli, 117 saylı sərəncamına əsasən İddiaçı daimi istifadəsinə verildiyindən və bu Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən, yəni 2009-cu il oktyabrın 1-dən sonra olduğu üçün qeyd olunan yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsaslar yoxdur, o cümlədən apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 150 “A” saylı evin 22A saylı mənzilinə mülkiyyət hüququnun qeydə alınmasından imtina etməkdə cavabdeh inzibati orqan və bununla əlaqədar birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla iddia tələbini rədd edərkən haqlı olmuşlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(112)-2909/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar