Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2581/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6013/2022 saylı, 26 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli A-18-091 saylı məktubunun əsassız hesab edilərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ilin oktyabr ayınadək ailə üzvləri ilə birlikdə Xocalı rayonu, Kərkicahan qəsəbəsində yaşayıblar. 1991-ci ilin oktyabr ayının 28-də rayonları və qəsəbə işğal olunduqdan sonra o, ailə üzvlərilə birlikdə digər vətəndaşlar kimi öz torpaqlarından didərgin düşmüşdür və məcburi surətdə Bakı şəhərinə gələrək qohumlarının evində məskunlaşmışlar. Həmin vaxt Bakı şəhərində İnşaat Mühəndisləri Universitetində ali təhsil alan X17 təhsilini yarımçıq qoyaraq, cəbhəyə getmiş və Kərkicahan uğurunda gedən döyüşlərin birində şəhid olmuşdur. X17 Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 iyul 2009-cu il tarixdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. 1992-ci ildə o, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli, 7/205 saylı məktubu əsasında hərbi əməliyyatlar zamanı şəhid olmuş hərbi qulluqçunun ailəsi kimi məskunlaşmışlar və həmin dövrdən bu günkü günə kimi həmin mənzildə yaşayırlar. Bu faktı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektorunun 431 saylı, xx.xx.2022-ci il tarixli arayışı da təsdiq edir. O, 2021-ci ilin dekabr ayında məskunlaşdığı mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı AR Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmət ona xx.xx.2021-ci il tarixli, **********45 saylı məktubla imtina cavabı vermişdir ki, qeyd edilən mənzil üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş sənədlər yoxdur. Bundan sonra o, Suraxanı rayon İcra hakimiyyətinə müraciət etmiş və sözügedən mənzilin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, A-18-091 saylı məktubda onun xahişinin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzilin sənədləşdirilməsi” tələbinə dair icraatda olan inzibati işlə bağlı bildirirlər ki, İddiaçı Xocalı rayonundan məcburi köçkün ailəsi kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Eyni zamanda bildirirlər ki, İddiaçı sözügedən mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşdığından, həmçinin həmin mənzilə dair ilkin hüquq müəyyənedici sənədlər olmadığından qaldırılan məsələnin həlli RİH-in səlahiyyətləri xaricindədir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 7-ə dair onunla yəni İddiaçı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsi bağlanması üçün sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarlmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6013/2022 saylı, 26 may 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6013/2022 saylı, 26 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. (hakim: N.Abıyev) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin nəzərinə çatdırırlar ki inzibati işə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, İddiaçı məlum səbəblərdən Xocalı rayonundan məcburi köçkün ailəsi kimi 1992-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1990-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması yol verilməz olduğundan İddiaçı ailə üzvləri ilə birlikdə bu günə kimi sözügedən mənzildə müvəqqəti yaşayır. İddiaçı Xocalı rayonundan məcburi köçkün ailəsi kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzildə müvəqqəti məskunlaşmağına baxmayaraq sözügedən mənzili öz adına rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə RİH-ə müraciət ünvanlamış və həmin mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı və onun adına hər hansı bir hüquqmüəyyənedici sənədlər olmadığından qaldırılan məsələnin müsbət həllinin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Həmçinin bildirirlər ki, məhkəmə İddiaçı Bakı şəhərində müvəqqəti qeydiyyatda olduğunu, onun həmin mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşdığını və sözügedən mənzilin dövlət mənzil fonduna məxsus olmasını nəzərə almadan, həmçinin iddiaçının həmin mənzilə hüquqlarının yaranmasını təsdiq edən müvafiq sənəd olmadan məhkəmənin 2-1(112)-6013/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzilinə daimi kirayə müqaviləsinin İddiaçı adına bağlanması öhdəliyi cavabdeh Suraxanı RİH-ə həvalə etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2005-ci il tarixdə Naftalan ŞPŞ 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə doğulmuş İddiaçı Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1970-ci il tarixli АЗ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.1970-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydində 1970-ci il avqust ayının 4-də 540 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə atası qismində X3, anası qismində İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Ağcabədi VAAQ söbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 302665 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.1992-ci ildə ölmuşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin iyun ayının 15-ci günündə 110 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 096719 №-li “Məcburi köçkün vəsiqəsi”nin surətindən müəyyən olunur ki, 1951-ci il təvəllüdlü İddiaçı 1988-ci ildən Xankəndi şəhərindən məcburi köçkündür. İş materiallarında olan Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2007-ci il tarixdə ömürlük 010073 №li “Şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 419 №-li Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik və şücaət göstərdiyinə görə çavuş X5 “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Suraxanı rayon İcraiyyə Komitəsinə ünvanlanmış 7/205 №li xx.xx.1992-ci il tarixli məktubun surətindən görünür ki, məktubda hərbi əməliyyatlar zamanı həlak olmuş hərbiçi X1 ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata alınmalarına kömək olunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 431 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı Xankəndi şəhərindən məcburi köçkündür, ünvan 5 ünvanında 1993-cü il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: X7, X2, X6, X8. İş materiallarında olan iddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli A-18-091 saylı imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 19 saylı evin 7 saylı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirirlər ki, o, Xocalı rayonundan məcburi köçkün ailəsi kimi sözügedən mənzildə müvəqqəti məskunlaşmışdır və həmin mənzilə dair hüquq müəyyənedici sənədi olmadığından müraciətinin həlli RlH-in səlahiyyətləri xaricindədir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/829 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzili dövlət mənzil fonduna məxsusdur və sözügedən mənzildə İddiaçı Xocalı rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 381 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 19 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin **********50 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 19, 7 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir İşdən görünür ki, iddiaçı ünvan 1, mənzil 7-ə dair onunla Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsi bağlanması üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Həmin Qanunun 5-ci maddəsinə görə, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. İşdən görünür ki, iddiaçı məcburi köçkün və şəhid ailəsi üzvü statuslarına malik olan şəxs kimi, 1992-ci ildən qanuni əsaslarla məskunlaşdığı mənzilin onun adına rəsmilşdirilməsi (onunla mənzil kirayə müqaviləsinin bağlanması) üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün ailəsi kimi sözügedən mənzildə müvəqqəti məskunlaşmışdır və həmin mənzilə dair hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Həmin Məcəllənin 56.2.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilir. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Qanunvericiliyin qeyd olunan müddəalarını, iddiaçının faktiki olaraq 30 ilə yaxın müddət ərzində uzun bir zaman fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşadığını və şəhid ailəsi üzvü olduğunu nəzərə almaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı və qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6013/2022 saylı, 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2581/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2581/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver