Məhkəmə qərarları › İş №2-1(103)-2581/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2581/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2581/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1983/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 1991-ci ildən könüllü olaraq Kəpəz Rayon Hərbi Komissarlığına (hazırkı Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəpəz Rayon Şöbəsinə) müraciət edərək, hərbi xidmət müddətindən əlavə xidmət etmişdir. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bir neçə hərbi hissə və hərbi silahlı birləşmələrin tərkibində xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövrü 1991 – 1994-ci illəri əhatə etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşmüşdür. Dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etsə də, N iyul 2023-ci il tarixdə ona müharibə veteranı adı verilməsindən imtina olunmuşdur. Cavabdeh N iyul 2023-cü il tarixli məktubunda imtinasını əsaslandırmamışdır. İmtina məktubu ona 26 iyul 2023-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Onun hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən şəxslərə hərbi bilet əsasında müharibə veteranı adı verilir. İddiaçı 1991-ci ildən hərbi xidmət keçmiş və xidmət keçməsi sənədlərlə təsdiq olunur. Bundan əlavə, onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmamışdır. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə, İPM-in 2.1, 2.2, 2.2.2, 8.1.3 və 33-cü maddələrinə əsaslanaraq İddiaçı müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinin mahiyyəti “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh qurum hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddianın təmin edilməsini istisna edən hüquqi əsasla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək lazımdır ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. İş materiallarında olan Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin 24 noyabr 2022-ci il tarixli 4/2-8020 nömrəli məktubundan görünür ki, 181 (709) nömrəli Hərbi hissə komandirinin oktyabr – dekabr 1993-cü il, yanvar – dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktubundan da görünür ki, İddiaçı 15 sentyabr 1993-cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM- 14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1983/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 24 noyabr 2022-ci il tarixli 4/2-8020 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin komandirinin N iyul 1993-cü il tarixli 77 nömrəli əmri ilə müddətdən artıq hərbi qulluqçu, baş çavuş İddiaçı (əsas § 6, səhifə 5) 1 iyul 1993-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək manqa komandiri vəzifəsinə təyin olunmuşdur. 709 saylı Hərbi hissə komandirinin 11 avqust 1993-cü il tarixli 106 nömrəli əmri ilə istehkamçı, baş çavuş İddiaçı (əsas § 3, səhifə 71) 10 avqust 1993-cü il tarixindən mühəndis istehkam bölüyünün starşinası vəzifəsinə təyin olunmuşdur. 709 saylı Hərbi hissə komandirinin 15 sentyabr 1993-cü il tarixli 14 nömrəli əmri ilə baş çavuş İddiaçı (əsas § 1, səhifə 49) 1 sentyabr 1993-cü il tarixdən mühəndis- istehkam bölüyünün starşinası vəzifəsinə təyin olunmuşdur. 181 (709) saylı Hərbi hissə komandirinin oktyabr – dekabr 1993-cü il, yanvar – dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilik normalarından göründüyü kimi aidiyyəti qurumlar tərəfindən verilmiş müvafiq təsdiqedici sənədlər əsasında hərbi qulluqçulara “müharibə veteranı” adının verilməsini onların döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi ilə şərtləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müvafiq arxiv materiallarında İddiaçı 1991 – 1994-cü illərdə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar, o cümlədən xidmətini, xidmətdən qanuni əsaslarla tərxis olunmasını və yaralanmasını təsdiqləyən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdehin ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası qanunazidd sayıla və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1426/2021 saylı iş üzrə qəbul etdiyi 28 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “«Müharibə veteranı adı»nın verilməsi 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.” Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1983/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1983/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar