Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2582/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə Neftçala rayonu, Mirqurbanlı kənd tam orta məktəbini bitirib “Günəş Assosiasiyası və X4 X6” daxil olmuşdur. 1995-ci il tarixdə bu Kolleci orta ixtisas təhsilli “İbtidai sinif pedaqoqikası və metodikası” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət imtahan komissiyasının 28.06.1995ci il tarixli qərarı ilə ona, ibtidai sinif müəllimi ixtisasının verilməsi haqqında AH seriyalı, 000211 nömrəli, 203 nömrə ilə qeyd edilmiş diplom verilmişdir. 1996-cı ilin tədris dövrünün başlanılması ilə o E.Həbibov adına 4 saylı Neftçala şəhər tam orta məktəbində əmək fəaliyyətinə başlammışdır. 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş, 2012-2013-cü tədris ilində V sinifdə dərs deyəcək müəllimlər üçün ümumi orta təhsil kurikulumu üzrə təlim proqramı (İİ modul, 60 saat), 2015-ci ilin avqustunda "xxxx" MMC tərəfindən keçirilməsi ümumi orta təhsil səviyyəsi üzrə yeni kurikulumlarının tətbiqi üzrə təlim proqramı (İİ modul, 60 saat) və Azərbaycan Müəllimlər İnstitutu tərəfindən 01.12.2015-24.12.2015-ci il tarixi iləri arasında keçirilmiş, 126 saatlıq “İbtidai sinif müəllimlərinin ixtisasartırma proqramı” üzrə təlim proqramlarında iştirak edib sertifikatlar almışdır. Əmək fəaliyyəti dövründə 2016- cı ilin dekabrınadək təhsili və diplomumla bağlı heç bir problem olmamış, Azərbaycan Respublikası Nazirliyi, Neftçala rayon Təhsil Şöbəsi, eləcə də əmək fəaliyyəti göstərdiyi E.Həbibov adma 4 saylı Neftçala şəhər tam orta məktəbin rəhbərliyi tərəfindən ona nə yazılı, nə şifahi heç bir irad bildirilməmişdir. 2016-cı ilin dekabrında keçirilmiş ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsinə bu səbəblə buraxılmamışdır ki, guya diplomu dövlət nümunəli deyildir. Lakin həmin vaxtı çoxsaylı müraciətlər etdiyi üçün ona bu barədə köməklik göstəriləcəyi bildirildi. Lakin heç bir köməklik göstərilmədi, əksinə 22 iyun 2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün müraciət etdikdə yenə də 2016-cı ildə deyilmiş “diplomun dövlət nümunəli deyilmiş” sözləri deyilərək imtahana buraxılmamışdır. O ərizə ilə Neftçala rayon RTŞ-nin rəhbərliyinə müraciət edərək köməklik göstərilməsini xahiş etmiş, Neftaçala rayon Təhsil şöbəsinin müdiri Cənab Ə.Kərimovun imzası ilə təsdiq edilmiş, 22.06.2018-ci il tarixli 127 nömrəli cavab məktubunda da diplomun guya dövlət nümunəli olmadığı və bu səbəbdən Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmağı qeyd edilmişdir. 1995-ci ildə o Kollecdə təhsilini başa vurarkən qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (07.10.1992-ci il; №-324) 8-ci maddəsində göstərilir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. İddiaçıya verilmiş diplomun bu gün guya dövlət nümunəli olmaması üçün əsas, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 №-li qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” mən diplom alandan 14 il sonra qəbul edilmişdir. Belə olduğu halda 14 il əvvəl verilmiş diplomun, 14 il sonra qəbul edilmiş qanunla dövlət nümunəli, hesab edilməməsi nə qədər qanuna müvafiqdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Təhsil Nazirliyinə qarşı “diaqnostik qiymətləndirmə imtahanına buraxılması öhdəliyinin Təhsil Naziriynə həvalə edilməsi barədə” qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı X1 X5 təhsil almış və ona ibtidai təhsilin pedoqokiası və metodikası ixtisası üzrə diplom verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil. Hesab edirlər ki, Təhsil Nazirliyinin iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qaunun pozuntusuna yol verməmişdir. Belə ki, 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, “təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X12 Komissiyası haqqında” Əsasnaməyə əsasən Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29.07.1993cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı-Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir”. Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Qeyd olunanlardan göründüyü kimi, AR Təhsil Nazirliyində qeyd edilən Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də, hesab edirlər ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdığından, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, gələcəkdə diaqnostik qiymətləndirilmənin keçirilməsi nəzərdə tutulmadığından iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsi qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası şikayət verilən qərarın qanuniliyini bütövlükdə yoxlayır. İş materiallarında olan: - AH seriyalı № 000211 nömrəli, 203 qeydiyyat nömrəli, 28 iyun 1995-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Günəş Assosiasiyası və X4 X9”nin ibtidai sinif pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 28 iyun 1995-ci il tarixli (qərarı) ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Neftçala rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanan Neftçala Rayon Təhsil Şöbəsi tərəfindən iddiaçının 22 iyun 2018-ci il tarixdə müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmağa köməklik göstərilməsi barədə ərizəsi araşdırılmış və cavab olaraq bildirilmişdir ki ki, 1995-ci ildə “Günəş” assosiasiyasının və X2 X7 bitirməyi barədə verdiyi diplom dövlət nümunəli olmadığı üçün iddiaçı Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə hazırki tələbə mahiyyəti üzrə baxaraq prosessual qanunveriliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qərar ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi Kollec Dövlət Reyestrində qeydə alınmamış və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi haqqında” 29 iyul 1993-cü il tarixli 413 saylı Qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından və qanunsuz fəaliyyət göstərdiyindən Azərbaycan Respublikası Təhsil Nazirliyində qeyd edilən Kollecin Fəaliyyəti barədə hər hansı bir məlumat mövcud ola bilməzdi. Odur ki, Təhsil Nazirliyi iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qanunun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeydiyyatdan keçmədən fəaliyyət göstərən təhsil müəssisəsində təhsil alma faktının məhkəmə qaydasında müəyyən edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlarla ziddiyyət təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin pedoqoji kollektivinin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatmış, gələcəkdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmamışdır. Cöründüyü kimi hazırki iş üzrə iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsi mümkün olmadığından iddia tələbi qeyri-mümkün hesab edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi ona cavab vermək səlahiyyəti olmayan cavabdehə qarşı irəli sürüldüyündən və gələcəkdə diaqnostik qiymətləndirilmənin keçirilməsi qanunda nəzərdə tutulmadığından iddia tələbi qeyrimümkün hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2021 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2582/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2582/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver