Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2583/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı O.Qocayev izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi J.Bağırova izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş 29 oktyabr 2021-ci il tarixli, № **********8118 saylı Qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etdiyinə görə, 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2021 tarixədək 16.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini vergi xidməti müşaviri X2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə istinad etməklə, barəmdə çıxarmış olduğu qərarı onunla əsaslandırılmağa çalışılmışdır ki,... fərdi sahibkar İddiaçı, (VÖEN **********) Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6319 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ” qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev. 126 ünvanda yerləşən Xəyalə ” iaşə obyektində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi fk minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 005356 nömrəli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsin və vergi ödəyicisinin yazılı izahatları alınmış həmin şəxslər əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişlər. Bununlada fərdi sahibkar İddiaçı (VÖEN **********) Vergi məcəlləsinin 58.10- cu maddəsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işə götürənə, habelə bu məcəllənin 220.10.cu maddəsinə uyğun olaraq aparıcılıq...sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, ’’Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirrilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının fərdi sahibkar kimi işlətdiyi ictimai iaşə müəssisəsi icarə əsasında işlədilmişdir və mülk sahibinin adına olan VÖEN əsasında fəaliyyət göstərmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edərək, bütün hesabatları verdikdən və vergiləri artıqlaması ilə ödədikdən sonra yay mövsümünün başa çatması ilə əlaqədar 13 oktyabr 2021-ci il tarixdən fəaliyyətimizi dayandırdıqlarını bildirmişdir. O dövrə kimi obyektdə fəaliyyət göstərən işçilərlə əmək müqavilələrinə xitam verildiyini də göstərilmişdir. Bu barədə Vergilər Nazirliyinin rəsmi portalında məlumat götürən vergi müfəttişi A.S. Əliyev 19 oktyabr 2021-ci il tarixdə, saat 19-20 radələrində bizim obyektdə olub və həqiqətən də fəaliyyət göstərmədiyimizə əmin olmuşdur. Belə ki, biz müştərilərə xidmət göstərilməsini 13 oktyabrdan dayandırmışdıq. Yeni işçilər götürməklə payız-qış mövsümü qaydalarına uyğun olaraq, işə başlamaq fikrində idik. Abbas Əliyev bizdən nə zaman fəaliyyətə başlayacağımızı soruşmuş və mən bir həftə ərzində işə yeni işçilər cəlb etməklə fərqli fəaliyyətə başlamaq niyyətində olduğumu ona bildirmişdim. Yəni, Abbas Əliyev bildi ki, iaşə müəssisəsinin köhnə işçilərlə əmək müqavilələrinə xitam verilib və yeni kollektiv formalaşdırmaq mərhələsindəyik. Mənim keçmiş işçilərdən yalnız 2-3 nəfərlə əmək müqaviləsini bağlamaq niyyətim var idi. Əlavə 3-4 nəfər də yeni işçi götürmək niyyətində idim. Hələlik isə işə götürəcəyim işçilərlə görəcəyimiz işin şərtləri iş saatları və əmək haqqının miqdarı barədə danışıqlar və söhbətlər aparırdıq. X7 də, bildirmişdim. İaşə müəssisəsi fəaliyyət göstərmirdi. Müştəri qəbul etmir, yemək hazırlanmırdı. Lakin bütün bunlara baxmayaraq, 22 oktyabr 2021-ci il tarixdə Abbas Əliyevin başçılığı ilə 6 nəfərdən ibarət Vergi müfəttişləri briqadası, obyektə gəlmiş, heç kimə, hər hansı xidmət göstərilmədiyi halda orada olan 2-si köhnə işçi, 6-nəfər isə işçi kimi götürmək barədə yalnız danışıqlar apardığım şəxslərin hamısını əmək müqaviləsi bağlamadan işləyən işçilər kimi qələmə almışdırlar. Vergi əməkdaşları axşam saat 19-20 radələrində restorana gəlmişlər və orada heç bir müştəri olmamışdır. Kafedəki kamera görüntüləri bunun əyani sübutudur. Kamera görüntüləri məhkəməyə göstərilsə də, məhkəmə işə əlavə etməmişdir. Əgər kafe fəaliyyət göstərsə idi nə üçün axşam saatlarında heç bir müştəri yox idi. 1-ci instansiya məhkəməsi öz qərarında apelyasiya şikayətində yuxarıda qeyd edilən məsələləri araşdırmağa çalışmış və belə nəticəyə gəlmişdir ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən operativ vergi nəzarəti yoxlaması zamanı İddiaçı sahibkarlıq fəaliyyətini göstərdiyi “Xəyalə” kafesində müştərilər olmuş və onlara qüvvədə olan əmək müqavilələri olmayan kimi myəyyən edilmiş 8 nəfər şəxs tərəfindən kafe xidmətləri göstərilmişdir. Hətta, əgər həqiqətən də, kafedə müştərilər olmasa da, və əmək müqaviləsi olmayan kimi müəyyən edilmiş 8 nəfər şəxs iddiaçının göstərdiyi kimi, yalnız təmizlik işləri ilə məşğul olsalar da, bu o deməkdir ki, kafe fəaliyyət göstərmişdir. 1-ci instansiya məhkəməsi bu nəticəyə gələrkən xx.xx.2021-ci il tarixli oprerativ vergi nəzarəti yoxlamasında bilavasitə iştirak edən vergi orqanının əməkdaşları olan E.Rüstəmovun, N.Paşayevin, E.Niftəliyevin və A.Hacızadənin şahid ifadələrinə istinad etmişdir. Həmin şəxslərdən E.Rüstəmov – kafedə heç bir işin getmədiyini və müştərilərin olduğunu; N.Paşayev – obyektdə sağ tərəfdə olan böyük zalda və kabinet olan hissədə müştərilərin göründüyünü, xadimənin təmizlik işləri apardığını, mətbəxdə və zalda işçilərin iş gördüyünü; E.Niftəliyev – içəridə təqribi 2 masanın müştəri ilə dolu olduğunu; A.Hacızadə - 2 masanın dolu olduğunu göstərmişlər. Eyni zamanda 1-ci instansiya məhkəməsi tərəfindən əmək müqaviləsi olmayan kimi müəyyən edilmiş 8 nəfər şəxsdən A.Mustafayevi, A.Zeynalovanı, X.Usubovanı və T.Yusifovu şahid qismində dindirilmişdir. Həmin şəxslər öz ifadələrində göstərmişlər ki, iddiaçı kafenin açılışı ilə əlaqədar onları iş barəsində söhbətlər etmək üçün dəvət etmiş, eyni zamanda onlar kafedə təmizlik işlərinin görülməsində iştirak etmişlər. Yoxlama günü kafe fəaliyyət göstərmədiyi üçün burada müştərilərə xidmət göstərilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, 1-ci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, mübahisələndirilən yoxlamada iştirak edən vergi orqanın əməkdaşları kafedə müştərilərin olması halını qeyd etsələr də, onların müştərilərin sayı harada olmaları barədə izahatları üst-üstə düşmür. Eyni zamanda 1-ci instansiya məhkəməsi iddiaçı tərəfindən dəvət olunmuş şahidlərin ifadələrinə lazımi diqqətlə yanaşmamış, onları mötəbər hesab etməmişdir, halbuki, bu məsələdə qanun ayrıseçkiliyə əol vermir. Digər tərəfdən iddiaçının təqdim etdiyi videodiskdə kafedə müştərilərin olması görünmür. Məhkəmə kolegiyası onu da qeyd etməyi zərur hesab edir ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə “Xəyalə” kafesində operativ vergi nəzarətini həyata keçirsə də, bu kafenin iddiaçının adı ilə bağlılığı işdən görünmür. İşin materiallarında iddiaçının həmin kafedə hansı qanuni əsaslarla sahibkarlıq fəaliyyətinin keçirməsi ilə bağlı hər hansı hüquqi sənəd (mülkiyyət hüququnu təsdiq edən çıxarış, icarə müqaviləsi və s.) yoxdur. 1-ci instansiya məhkəməsinin qərarına aid iclas protokolundan görünür ki, həmin məhkəmə də bu məsələ ilə maraqlanmış - iddiaçıya, onun kafedə hansı əsaslarla sahibkarlıq fəaliyyətinin göstərməsi barədə sual vermişdir. İddiaçı cavabında göstərmişdir ki, kafenin sahibi R.Əhmədov adlı şəxs olmuş, işçilərlə bütün əmək müqavilələri həmin şəxs bağlamışdır (hal-hazırda da işçilərlə yeni əmək müqavilələri R.Əhmədovla bağlanmışdır – bax i.v. 30-31), iddiaçı kafedə R.Əhmədovdlan aldığı etibarnaməyə (?) əsasən fəaliyyət göstərmişdir. Eyni zamanda işin materiallarında olan, iddiaçıya aid şəxsi hesab vərəqəsindən (bax i.v. – 150-154) görünür ki, iddiaçının aktiv sahibkarlıq fəaliyyəti 2006-cı ildən başlansa da, O, 2012-ci ildən xx.xx.2021-ci ildədək (iddiaçıya 16.000 manat cərimənin hesablanması ilə əlaqədar vergi borcunun yaranması tarixidir) hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, ona hər hansı vergi məbləği də hesablanmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı X. Qocayev barədə qəbul olunmuş "Vergi ödəyicisinn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8118 saylı xx.xx.2021-ci il tarixli qərarı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8118 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2583/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2583/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver