Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2583/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və s. tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-8533/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)- 559/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən ondan 1550,27 (bir min beş yüz əlli manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-559/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri xx.xx.2016-ci il tarixdə icraya yönəldilərək Cavabdehnə göndərilmişdir. Cavabdeh 893 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun 619 manat miqdarında olan əmək haqqının 50% -i həcmdə tutularaq tələbkar "xxxx" ASC-nin hesabına, bundan əlavə borcun 7%-i miqdarında icra ödənişinin tutulması barədə qərar qəbul olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən borclunun gəlirindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Qərar yalnız bu müddəa rəhbər tutularaq qəbul edilmişdir. Halbuki, borclunun gəlirinin hər hansı hissəsi (o cümlədən, yarısı) yalnız o şərtlə tutula bilər ki, vətəndaşın yaşayış minimumu toxunulmaz qalsın. Bu, ən azı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8.0.9-cu maddəsində təsbit edilmiş “ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi” prinsipindən irəli gəlir. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən yaşayış minimumundan, o cümlədən, “fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılması” məqsədi üçün istifadə olunur. Hər hansı ödəniş könüllü, yaxud icbari ola bilər. Məhkəmə qərarı və ya icra məmurunun qərarı ilə vətəndaşdan tutulan hər hansı ödəniş təbii ki, icbaridir. Buna görə də yaşayış minimumu borclunun gəlirinin sözügedən icbari ödənişə cəlb edilməyən həddinin əsaslandırılmasında istifadə edilməlidir. Həmin hədd təbii ki, borclunun və himayəsində olan şəxslərin yaşayış minimumundan ibarətdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, həmin maddə ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. Məsələn, aliment birinci növbəyə, bank krediti isə sonuncu beşinci növbəyə aiddir. Beləliklə, aliment tutulmamış kredit üzrə borc tutula bilməz. Bu isə o deməkdir ki (yaşayış minimumunun toxunulmazlığını qəbul etməsək), borclu boşananadək gəliri ilk növbədə kreditin ödənilməsinə yönəldilir və yalnız bundan sonra qalan hissəsi övladlarına çatır; boşandıqdan sonra isə gəliri ilk növbədə övladlarına çatır və yalnız qalan hissəsi kreditin ödənilməsinə yönəldilir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-8533/2023 saylı qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8533/2023 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsi, icra məmurunun hərəkətinə hüquqi qiymət verilməsini, əmək haqqından qanuna zidd şəkildə tutulmuş vəsaitin kart hesabına köçürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdeh tərəfin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından görünür ki, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi icra edilməsi üçün cavabdeh orqana göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə borclu olan iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, əmək haqqısından tutulmanın məbləğindən narazı olmaqla yaşayış minimumu nəzərə alınmadığını iddia etməkdədir Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş icra ödənişinin alınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında düzgün olaraq qeyd etmişdir ki, icra xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Belə ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir İddiaçı icra sənədi üzrə müvafiq tədbirlərin görülməsi ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, həmçinin icra sənədi üzrə icraatın dayandırılmasına zərurət yarandıqda, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı müvafiq əsasların mövcudluğuna istinad etməklə icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırkı iddianı inzibati icraat qaydasında qaldırmışdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə, “İcra haqqında” Qanununda qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Qeyd olunur ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın qeyd olunan əsasla mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-8533/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2583/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2583/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver