Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2583/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “bağçaya bərpa edilmə” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadından iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “övladı 23 may 2017-ci il təvəllüdlü X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarının 2-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (Bakı şəhəri üzrə Təhsil İdarəsinə) həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 may 2017-ci il təvəllüdlü (6 yaş) X5, Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya gedirdi. Cari ilin may ayında, 6 yaşı tamam olduğu üçün bağçadan qeyri-qanuni olaraq xaric olundu. Bağça rəhbərliyi tərəfindən bildirildi ki, 2023-2024-cü tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu Elm və Təhsil Nazirliyinin (Bakı şəhəri üzrə Təhsil idarəsi) qərarına əsasən bağçaya qəbul 5 yaşadək müəyyən edilmiş və 6 yaşı tamam olan uşaqlar Elm və Təhsil Nazirliyinin https://www.bq.edu.az/ sistemindən avtomatik olaraq çıxarılmışdır. Elm və Təhsil Nazirliyinin sözügedən qərarı qanunaziddir. Elm və Təhsil Nazirliyinin qərarı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarının 2-ci bəndi ilə ziddiyyət təşkil edir. Belə ki, “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər, yəni, 6 yaş tamam olsa belə uşaqlar bağçaya qəbul edilir, qəbul edilirsə demək 1 il bağçada tərbiyə alır. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.8-ci maddəsinə əsasən (Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi) mərkəzi icra hakimiyyəti orqanlarının, nazirliklərin normativ hüquqi aktları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Bundan sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı şəhəri üzrə Təhsil İdarəsinə gedib rəsmi ərizə ilə qanunun tələbini bildirdi və övladının bağçaya bərpa olunmasını xahiş etdi. Cavab olaraq, kobud şəkildə bildirildi ki: “bir tək sənin uşağına görə 6 yaş qrupu açmayacağıq, Elm və Təhsil Nazirliyinin qərarı belə verilibsə demək qanun belə də icra olunmalıdır”. Həmin günü rəsmən ərizə ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdi. Sözügedən ərizədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarının 2-ci bəndindi əsas gətirib övladı 23 may 2017-ci il təvəllüdlü X4, Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyevadan cavab məktubu gəlmişdir. Sözügedən məktubda qeyd olunmuşdur ki, “Sizin ünvan 1 ünvanlanmış eyni məzmunlu müraciətlərinizə aidiyyəti üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir”. Cavab məktubundan da görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özü vurğulayır ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. X2 23 may 2017-ci il təvəllüdlüdür, yəni 6 yaşı var. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər, yəni 6 yaş tamam olsa belə, uşaqlar bağçaya qəbul edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir məhkəmə qərardadı ilə övladı X1 ilə təsbit edilmiş hüquqlarından məhrum olmuşdur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlsə də, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi- 23 may 2017-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, 240 saylı bağçaya bərpa edilməsi ilə bağlı olsa da, iddiaçı qismində İddiaçı çıxış etmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən hal işin birinci instansiya icraatı zamanı nəzərə alınmamışdır. Göstərilənlərə uyğun olaraq işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı əsli iddiaçı X5 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə kollegiyası iddianın mümkünsüz hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-29/2-M-10997/2-11/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ““Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir”. -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-29-59/2-3993/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iş üzrə xx.xx.2017-ci il təvəllüdlü X4 240 nömrəli bağçadan xaric edilməsi ilə bağlı inzibati icraat materialları təqdim edilmişdir. -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-29-59-1-M-5736-4-2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sözügedən elektron sistem üzərindən qeydiyyatdan keçməsi mümkün deyil. Övladı üçün 2024-2025-ci tədris ili üçün mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə sorğu yerləşdirə bilər”. -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı TN-M-1882 saylı xx.xx.2023-cü il tarixli və TN-M- 1889 saylı xx.xx.2023cü il tarixli ərizələrinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sistem üzərindən məktəbəqədər təhsil müəssisəsinə qəbulu mümkün deyil. Övladını 2024-2025-ci tədris ili üzrə birinci siniflərə qəbul başlayan zaman mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə qeydiyyatdan keçirə bilər. -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı TN-M-1628 saylı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış məktubda bildirilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul bq.edu.az elektron sistemi vasitəsi ilə həyata keçirilir. 2017-ci il təvəllüdlü uşaqların sistem üzərindən məktəbəqədər təhsil müəssisəsinə qəbulu mümkün deyil. Övladını 2024- 2025ci tədris ili üzrə birinci siniflərə qəbul başlayan zaman mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə qeydiyyatdan keçirə bilər. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. 8.2. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.3. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. 8.4. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. 13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. 13.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı Qərarına əsasən: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1 Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2 İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.4 Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ilə müraciət edilərkən 2023-2024-cü tədris ilinin artıq başlamış olmasını, hazırda iddiaçının 7 yaşının tamam olmasına və tədris ilinin yekunlaşmasını da nəzərə alaraq iddia təmin olunacağı halda belə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər nəzərə alınmaqla qərarın icrası mümkün olmayacaqdır. Belə olan halda iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən hazırkı tələbə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İddiaçıya çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq səlahiyyətli quruma (imtina edilməsi halında müvafiq tələblə inzibati məhkəməyə) müraciət edilməsi hüququ izah edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3154/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “bağçaya bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev