Məhkəmə qərarları › İş №2-1(103)-2585/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2585/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2585/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8061/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, N.Tusi küçəsi, 16 saylı evin 61 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 25.06.2021-ci il tarixli arayışına əsasən X8, X9 və İddiaçı Pərviz qızı ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçı Nəsirova X1 Dilarə Raifq qızının, X4 və İddiaçı Pərviz qızının ona məxsus Bakı şəhəri, N.Tusi küçəsi, 16 saylı evin 61 saylı mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi Xətai rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 101-15727N-3221 saylı 27.05.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; Öldükdə və ya məhkəmə qətnaməsinə əsasən ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X3, X4 və İddiaçı Pərviz qızının ona məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 16 saylı evin, 61 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ev 16-da olan 61 saylı mənzilin mülkiyyətçisidir. Bu mənzildə qeydiyyatda olan üçüncü şəxs X10 onun qızıdır, digərləri isə oğlu Pərvizin uşaqlarıdır. X21 1999-cu ildə nikaha daxil olaraq ər evinə köçmüş, daha sonra 2006-cı ildə daimi yaşamaq üçün ailəsi ilə birlikdə Kanadaya köçmüş və hazırda orada yaşayır. Digər üçüncü şəxslər İddiaçı Pərviz qızı və X9 anasına məxsus Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi 24 saylı evin 36 saylı mənzilində yaşayırlar. Başqa sözlə, adları çəkilən üçüncü şəxslərin valideynlərinə məxsus mənzil var və yaşadıqları mənzildə qeydiyyatdadırlar. Ona görə də uşaqlar da valideynlərindən birinə məxsus mənzildə qeydiyyatda olmalıdırlar. O, dəfələrlə öz qızından və digər üçüncü şəxslərin valideynlərindən uşaqlarının ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb etsə də, bunu etmirlər. Ona görə də həmin şəxslərin (qızının və oğul nəvələrinin) onun mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Hesab edir ki, hazırda ailə üzvü olmayan şəxslərin heç bir qanuni əsas olmadan mənzilində qeydiyyatda olması onun hüququnu pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8061/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə işdə olan sübutlara və hallara düzgün hüquqi qiymət vermədiyindən qanunların da tətbiqini səhf təfsir etmişdir. İddiaçının qızı D.Babayeva əvvəllər onun ailə üzvü olsa da, 20 ilə yaxındır ailə qurub və bundan sonra da ər evinə köçmüşdür. Hazırda isə 15 ilə yaxındır ki, Azərbaycan Respublkasında yox, Kanadada oranın vətəndaşı olmaqla yaşayır. İş üzrə digər üçüncü şəxslər İddiaçı və F.Nəsirli iddiaçının heç bir halda ailə üzvü hesab oluna bilməz, ona görə ki, adları çəkilən şəxslərin valideynlərinin nikahı rəsmi qaydada pozulmuş və hazırda ayrıayrı ünvanlarda yaşayırlar. Habelə hər iki nəvəsinin valideynləri iddiaçıya məxsus mənzildə qeydiyyatda deyillər. Məhkəmə qərarında hansı səbəbdən adları çəkilən üçüncü şəxsləri iddiaçının ailə üzvü hesab etməsini əsaslandırmalı idi. Uşaqlar valideynləri ayrıldıqdan sonra anasının yanında saxlanılıb və azyaşlı F.Nəsirli hazırda anası ilə, İddiaçı isə xarici ölkədə yaşayır. Məhkəmə iddiaçının oğlu X13 ilə üçüncü şəxslərin anası X11 arasındakı nikahın Bakı şəhəri Xətai rayon məhkəməsinin 30.04.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilib, nikah pozulduqdan sonra 30.11.2002-ci il təvəllüdlü İddiaçı Pərviz qızı və 21.05.2008-ci il təvəllüdlü X4 anası X5 yanında qalmalarını qət etmişdir. Habelə Xətai rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən hazırkı mübahisə predmeti olan mənzilə istifadə hüququnun xitamına görə üçüncü şəxslərin anası K.Nəsirovaya 10.000 manat kompensasiya verilmiş və o, onunla qalan azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildən məhkəmə qaydasında çıxarılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh inzibati orqan tərəfindən 14.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslər X3, X4 və İddiaçı Pərviz qızının iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X14, digər nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “3-cü şəxslər- qızı X3, nəvələri- X4 və İddiaçı Pərviz qızının onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 3-cü şəxslər iddiaçının (mülkiyyətçinin) ailə üzvləri (qızı və nəvələri) olduğundan onların həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər, iddiaçının qızına münasibətdə onun başqa ölkədə yaşayış yeri seçməsi barədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinə istinadən müvafiq məlumatı təqdim etdiyi təqdirdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər. Odur ki, məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bu barədə məhkəmə kollegiyası aşağıdakı əsaslandırmanı diqqətə çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, Bakı şəhəri, N.Tusi küçəsi, 16 saylı evin 61 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və sonuncu hazırda 3-cü şəxslər- qızı və nəvələrinin ona məxsus mənzildə yaşamadıqlarına, formal qeydiyyatda qalmalarına və bunun onun mülkiyyətindən istifadəsinə maneə yaratdığına istinad edərək həmin şəxslərin mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. İddiaçı göstərir ki, qızı- Dilarə Babayeva 15 ildən artıqdır ki, daimi yaşamaq üçün ailəsi ilə birlikdə Kanadaya köçmüş, orada yaşayır, oğlu nəvələri Fərhad və Firəngiz isə oğlu və gəlini boşandıqdan sonra analarının yanında yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 498 saylı Fərmanının 2.4-cü bəndinə görə həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Həmçinin Azərbaycan Respublikasının 773-İQ saylı 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 10-cu maddəsinin “b” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı yalnız şəxsi başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin) məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarır. Burada “müvafiq icra hakimiyyətinin məlumatı” dedikdə, həmin Əsasnaməyə əlavə olunan 6 saylı Əlavə nəzərdə tutulur ki, bu Əlavə formanın da Əsasnaməyə görə məhz Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunması müəyyən edilmişdir. Hazırki işdən görünür ki, iddiaçı X21nın ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edərkən həm də qızının barəsində Dövlət Miqrasiya Xidmətinin verdiyi “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında Ərizə- Anket”i (adı çəkilən Əsasnaməyə 6 saylı Əlavəni) də məhkəməyə təqdim etmişdir. Həmin Ərizə- Anket məlumatlarından görünür ki, 02.05.1973-cü il təvəllüdlü Dilarə Babayevanın vətəndaşlıq mənsubiyyəti və daimi yaşadığı ölkə “Kanada” göstərilmiş və məlum olur ki, o, uzun illərdir ki, həmin ölkədə ailəsi ilə birlikdə yaşayır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etdiyi X21 başqa ölkədə yaşayış yeri seçmiş, adı qeyd olunan ölkənin vətəndaşıdır və işdə bu məlumatları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının (Dövlət Miqrasiya Xidmətinin) rəsmi məlumatı mövcuddur. Belə olan halda iddiaçı qanunvericiliyin tələbinə görə qızı- Dilarə Babayevanın ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin işə baxmış məhkəmə Dilarə Babayeva barəsində iddiaçının təqdim etdiyi məlumatı- Dövlət Miqrasiya Xidmətinin verdiyi Ərizə-Anket məlumatını nəzərə almadan sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcudluğuna istinad etmişdir. Halbuki iddiaçının X21nın mübahisəli mənzilə istifadə hüququ artıq uzun illərdir ki (15 ildən artıq) bu mənzildə yaşamaması və özünə daimi yaşamaq üçün başqa ölkədə yaşayış yeri seçməsi ilə itirilmişdir (xitam verilmişdir). Bundan başqa iddiaçının “nəvələri- Fərhad və Firəngizin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması” barədə tələbinə münasibətdə qeyd olunur ki, işdə olan Xətai rayon Məhkəməsinin 2(011)-1019/2018 saylı 30.04.2018-ci il tarixli qətnaməsi ilə X13 (iddiaçının oğlu) və X11 (iddiaçının gəlini) arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra 30.11.2002-ci il təvəllüdlü İddiaçı Pərviz qızı və 21.05.2008-ci il təvəllüdlü X4 anası X5 yanında qalmaları qət edilmişdir. Həmçinin Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin 17.12.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, X5 Bakı şəhəri, N.Tusi küçəsi 16, 61 nömrəli mənzilindən istifadə hüququna İddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilmiş, bu barədə məhkəmə qətnaməsi icra olunmuşdur. Buna baxmayaraq Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən iddiaçının qızı X2 başqa, nəvələri olan X9 və İddiaçı Pərviz qızı iddiaçının mülkiyyətində olan mənzildə hələ də qeydiyyatdadırlar. İddiaçı nəvələri X9 21.05.2008-ci il təvəllüdlü olmaqla 13 yaşı, İddiaçı Pərviz qızı 30.11.2002-ci il təvəllüdlü olmaqla 19 yaşı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Baxılan iş üzrə üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Beləliklə, hazırki halda iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər olan nəvələri- Fərhad və Firəngiz iddiaçıya məxsus mübahisəli evdə yaşamırlar, onlarının hər ikisi yetkinlik yaşına çatmayan şəxslər kimi qanuni qüvvəsini almış 30.04.2018-ci il tarixli qətnamə ilə anaları Kəmalə Nəsirovanın himayəsinə verilmişlər. Sonuncunun isə iddiaçıya məxsus sözügedən ünvanda istifadə hüququna müvafiq kompensasiya verilməklə məhkəmə qətnaməsi ilə xitam verilmiş, qətnamə ilə ödənilməli olan kompensasiya ona ödənildiyindən icra icraatına da xitam verilmişdir. Bununla yanaşı, iddiaçının gəlini Kəmalə və himayəsinə verilmiş uşaqları iddiaçıya məxsus mübahisəli mənzildə yaşamırlar. Buna görə də hazırki halda uşaqların yaşayış yeri himayəsinə verilmiş anaları K.Nəsirovanın yaşadığı yer sayılır. İşdən müəyyən olunur ki, üçüncü şəxslər (iddiaçının nəvələri) faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadırlar. Kollegiya bu barədə qeyd edir ki, iddiaçıların nəvələri yetkinlik yaşına çatmadıqları dövrdə 30.04.2018ci il tarixli məhkəmə qətnaməsi ilə anaları Kəmalə Nəsirovanın himayəsinə verildiklərindən, analarının isə iddiaçıya məxsus sözügedən ünvanda istifadə hüququna digər məhkəmə qətnaməsi ilə müvafiq kompensasiya verilməklə xitam verildiyindən (bu barədə icra icraatına da 17.12.2020-ci il tarixli qərarla xitam verilmişdir) sonuncu mübahisəli mənzilə olan istifadə hüququnu himayəsinə verilmiş hər iki uşağı ilə birlikdə itirmişdir. Məhkəmə icraatı zamanı iddiaçının nəvəsi Firəngizin yetkinlik yaşına çatması isə qeyd olunanlara əsasən onun hüquqi vəziyyətini dəyişmir. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxslər sırasında göstərdiyi nəvələrinin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə də haqlı olmuş, cavabdeh Xətai rayon Polis İdarəsinin isə həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8061/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8061/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. 3-cü şəxslər X3, X4 və İddiaçı Pərviz qızının İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 16 saylı evin 61 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar