Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2585/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Nümayəndə1, cavadehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 18 mart 2009-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hessablanaraq ona ödənimləsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu il 18 mart tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Neft sənayesində çalışdığı operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulduğundan ona pensiya 50 yaşından təyin edilmiş və pensiyası əmək haqqı əsasında hesablanmışdır. 2024-cü ildən etibarən cavabdeh tərəf ona məktub göndərərək, artıq ödənilmiş 23619.47 manatın geri qaytarılması və ona pensiyanın 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olduğunu bildərərək 2011-ci ildən yenidən pensiya təyin edilmiş və pensiya məbləği sığorta kapitalı əsasında hesablanaraq azaldılmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona 2009-cu il 18 mart tarixindən təyin edilmiş pensiyanın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 15 avqust 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin, 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Hesab edir ki, Filial Qanunun tətbiqində səhv etmiş və qanunsuz olaraq ona yenidən 2011-ci ildən pensiya təyin etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində deyilir ki, bu Qanunun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində göstərilir ki, yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər dənizdə çalışan neftçilər, istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa həmin şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun tələbinə görə 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılmışdır. Lakin, o, yaş həddi artırılanadək, yəni 1 avqust 1997-ci ilədək həm ümumi, həm də güzəştli iş stajını topladığından Qanunun yaş artımı ilə əlaqədar tələbinin onun pensiya yaşına heç bir aidiyyəti yoxdur. 1997-ci il avqust ayının 1-dək onun 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı olduğundan tam qanuni olaraq ona 2009-cu il mart ayının 18- dən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024- cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2009-cu il tarixdən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edimləsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də, Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilikin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni Qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyildir. Halbuki, iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanun, istərsə də, “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki normaların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına uyğun təyin edildiyi aşkar olunub. Belə ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə iddiaçının əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilib. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixində sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanmışdır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 10 ay 19 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34.10 (28,89 il × 170 manat : 144 ay) manat hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 55.86 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5267,62 manat sığorta kapitalına uyğun 36,58 (5267,52:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 177,44 manat (55,86+36,58+58,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 232,39 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il və daha çox işləməyi ilə əlaqədar xx.xx.2017-ci il tarixindən iddiaçının əmək pensiyası yenidən hesbalanaraq 232,39 manatdan 391,47 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 675,69 manat), xx.xx.2023-cü il tarixindən 675,69 manatdan 1073,66 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1193,91 manat) artırılaraq ona əmək pensiyası ödənilmişdir. Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də, həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçıya xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, onun əmək pensiyası yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının ssayına 78 aya (28653,30:78 ay (65 il – 64 il 6 ay = 6 ay +(144 ay – 72 ay) (6 il və daha çox işlədiyi üçün) bölünməli olduğu halda, 72 aya bölünüb. Belə ki, iddiaçının əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə, işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 28653,30 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına – 78 aya bölünməklə əmək pensiyasının (675,69 manat) üzərinə 367,35 (28653,30:78) manat əlavə edilərək xx.xx.2023-cü il tarixindən iddiaçının pensiya məbləği 1043,04 (675,69+ 367.35) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1159,86 manat) artırılmalı olduğu halda, səhvən 1073,66 manata (indekləşdirilərək xx.xx.2024-cü il tarixinə 1193,91 manat), xx.xx.2024- cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar isə həmin tarixdən qanuni əmək pensiyası 1159,86 manatdan 1197,89 manata artırılmalı olduğu halda, 1193,91 manatdan 1215,01 manata artırılmaqla ona döənilmişdir. Bununla əlaqədar, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya xx.xx.2024-cü il tarixində məktub göndərilmələ 12 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi bildirilib. Lakin, iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 23618,47 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 23618,47 manat pul vəsaitinin iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etmədiyi bildirilib. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1197,89 manat təşkil edir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2009-cu il tarixdən, yəni 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11. “Əmək pensiyaları haqqında” Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.
12.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi – kişilərdə 60 yaş, qadınlarda 58.5 yaş təşkil edir). 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4.Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
13.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mubahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən) 18.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya, 18 mart 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
20. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına uyğun təyin edildiyi aşkar olunub. Belə ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə iddiaçının əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir.
21. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 22 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Babayevə 18 mart 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mərkəzi Filialın 28 mart 2024-cü il tarixli qərarı ilə adıçəkilən şəxsin əmək peniyası yenidən hesablanaraq, 751,37 manat müəyyən edilmişdir. Həmin qərara əsasən vətəndaşın əmək pensiyasından hər hansı tutulma aparılmamışdır.
22. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qeyd olunan əvəzləşdirmə ilə bağlı hərəkətlərinə qanunvericiliyin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə, müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur.
23. Hazırki iş üzrə cavabdeh orqanın dəlili yalnız əmək pensiyasının məbləğinin düzgün hesablanmamasından ibarətdir.
24. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər.
25. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur.
26. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
27. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
28. İddiaçı tərəfindən sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübutu məhkəməyə təqdim olunmamışdır.
29. Eyni zamanda cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı tələbi də pozmaqla 15 ildən sonra iddiaçıya münasibətdə özünün əlverişli inzibati aktını ləğv etmişdir. Halbuki, o, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi. Lakin, inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir.
30. Odur ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-ci il tarixli qərar qanunsuz olduğundan həmin qərarın əsasında iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğininn azaldılmasını məhkəmə əsassız hesab edir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 32.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2890/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.