Məhkəmə qərarları › İş №2-1(103)-2586/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2586/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2586/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, X1, Tərcüməçi X8 qızının iştirakları ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə qarşı məhkumun eyni rejimli başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2021 saylı, 06 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2021 saylı, 06 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə qarşı məhkumun eyni rejimli başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7347/2014 saylı, 14 dekabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 75000 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, cəmi 75030 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Suraxanı rayon İcra və Probasiya şöbəsinin 24.09.2018-ci il tarixli qərarı ilə Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-7347/2014 saylı, 26.01.2015-ci il tarixli icra sənədi icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi məktublardan görünür ki, məhkum X9 tərəfindən ödənişin aparılması məqsədi ilə o, 01.02.2021-ci il tarixdən 11 saylı cəzaçəkmə müəssisənin təsərrüfat briqadasında əməyə cəlb edilmişdir. Məhkum A.Məmmədov ödənişin edilməsi üçün ərizə ilə müraciət edərək aylıq əmək haqqından hər ay tutularaq zərəçəkmiş X3 ünvanına göndərilməsini xahiş etmişdir. Məhkumun ərizəsinə əsasən 2021-ci ilin fevral ayından tələbkar S.İmanquliyevanın “Rabitəbank”da açdığı şəxsi kart hesabına hər ay ödənişlər aparılır və növbəti aylarda həmçinin davam ediləcəkdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək məhkum A.Məmmədov tərəfindən nümayəndəsi olduğu S.İmanquliyevaya olan borcun ödənmədiyini, bunun səbəbinin məhkumun cəza çəkdiyi müəssisənin rəhbərliyi olmasını əsas gətirərək S.İmanquliyevanın hüquqlarının müdafiəsi üçün A.Məmmədovun eyni rejimli digər cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələbi irəli sürərkən S.İmanquliyevanın maraqlarının müdafiəsindən çıxış etsə də, öz adından iddia qaldırmış, həm də iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmamışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Yuxarda qeyd edilən norma nəzərə alındıqda inzibati mühakimə icraatı zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı iddia qaldırmaq üçün belə bir hüquq qanunda nəzərdə tutulmalı, həm də iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir. Azərbaycan Respublikası Cəzaların İcra Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər bir qayda olaraq cəzalarının bütün müddətini bir cəzaçəkmə müəssisəsində, həbsxanada və ya tərbiyə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir. Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilmə qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən müəyyən edilir. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10.04.2002-ci il tarixdə təsdiq edilmiş “Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan müxtəlif iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, habelə cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi ilə əlaqədar olaraq məhkumlar eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə Penitensiar xidmətin təqdimatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin qərarı (əmri) ilə keçirilir. Həmin Qaydanın 4-cü bəndinə əsasən məhkum aşağıdakı hallarda bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə, bir həbsxanadan digərinə keçirmə Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilmiş qərara və həmin qərara müvafiq olaraq tərtib edilmiş fərdi naryada əsasən həyata keçirilir: a) məhkumun xəstəliyi ilə əlaqədar; b) məhkumun təhlükəsizliyi ilə əlaqədar (həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa): c) aşağıdakı müstəsna hallarda: - Bir cinayət işi üzrə gedən təqsirləndirilən şəxs, şahid və ya zərərçəkmiş şəxsləri, həmçinin cinayətin iştirakçılarını bir - birindən ayırmaq məcburiyyəti olduqda; - Əməliyyat - axtarış, rejim və profilaktika tədbirlərini keçirdikdə; - İstehsalatla əlaqədar, təsərrüfat və məişət xidməti işi ilə əlaqədar məhkumların başqa iş sahəsinə və ya başqa yerlərə göndərilməsi zərurəti olduğu hallarda; - məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda. Həmin Qaydanın 5-ci bəndinə əsasən Qaydanın 4-cü bəndində göstərilən hallarda keçirilmə məsələsinə aşağıdakı əsaslarla baxılır: • Məhkumların və onların qohumlarının ərizəsinə və ya şifahi müraciətinə əsasən; • Cəzaçəkmə müəssisələrinin tibbi - sanitariya hissəsinin təşəbbüsü ilə; • X17 Komitəsinin təşəbbüsü ilə; • Səhiyyə İdarəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında; • Cəzaçəkmə müəssisəsinin əməliyyat hissəsinin təşəbbüsü ilə; • Cəzaçəkmə müəssisəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında. Göründüyü kimi məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə keçirilməsinə müstəsna hallarda və konkret şəxslərin təqdimat, təşəbbüs və ya müraciəti əsasında yol verilir ki, bu subyektlər arasında məhkumla hər hansı qohumluq əlaqəsi olmayan üçüncü şəxslər mövcud deyil. Kollegiyanın iclasında iştirak edən X10 öz izahatında X7 ilə aralarında qohumluq əlaqəsinin olduğunu bildirsə də, nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına bunu təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi X5 vət.X4 mənafeyi naminə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamasına dair düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir və həmin dəlillər qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X5 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7552/2021 saylı, 06 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azad İmanov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar