Məhkəmə qərarları › İş №2-1(103)-2586/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2586/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2586/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu doğulub böyüdüyü və faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 19 ünvanına daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-2675/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı faktiki yaşadığı ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum atası X1 vəfat edənədək ünvan 1 ünvanında atası ilə birlikdə yaşamış və həmin ünvanda daimi pasport qeydiyyatında olmuşdur. Bu fakt Sabunçu rayon İH-nın Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərfindən verilmiş arayışı ilə də öz əksini tapmaqdadır. Lakin müəyyən səbəblərdən Sabunçu rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdur. Sonradan həmin ünvandan da qeydiyyatdan çıxarılmışdır. Bu isə onun şəxsiyyət vəsiqəsini etibarsız etməklə yanaşı, həm də hüquq və vəzifələrini yerinə yetirməyə əngəllər yaradır. Belə ki, o, Türkiyə Respublikasında Eskişehr Osman Qazi Universitetinin tələbəsidir. Yay tətillərində Azərbaycan Respublikasına qayıdır. Şəxsiyyət vəsiqəsinin yuxarıda qeyd etdiyi səbəbdən etibarsız olması onun üçün əlavə problemlər yarada bilər. Bu da öz növbəsində təhsilini davam etdirmək üçün gələcəkdə Türkiyə Respublikasına getməyə müəyyən əngəllər yarada bilər. Buna görə də faktiki olaraq daimi yaşadığı ünvana daimi pasport qeydiyyatına alınması zəruridir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişhdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı əassızdır. Buna görə də həmin qərar ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin ediliməməsi əsası kimi ona istinad olunmuşdur ki, «Yaşayış yeri və olduğu yer üzrə» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İddiaçı ünvan 1 ünvan üzrə nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşamasına dair sənədləri cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Göstərilən hallara əsaslanmaqla birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, iddia ərizəsinin və işin digər hallarından aşkar surətdə göründüyü kimi, İddiaçı mərhum atası X1 vəfat edənədək ünvan 1 ünvanında atası ilə birlikdə yaşamasına və həmin ünvanda daimi pasport qeydiyyatında olmasına, lakin sonradan həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda dəqiq göstərilmişdir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Göründüyü kimi, İddiaçı ilk dəfə yaşayış yeri üzrə ünvan 1 ünvan üzrə qeydiyyata alınmasını tələb etmir. O, əvvəllər qeydiyyatda olduğu, lakin cavabdeh tərəfindən qanunsuz olaraq qeydiyyatdan çıxarılmasına və bunun nəticəsində şəxsiyyət vəsiqəsinirn fəaliyyətsizdəşdirilməsinə və beləliklə də hüququnun pozulmasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən göstərilən xüsusat nəzərə alınmamış və bununla da işin həqiqi və faktiki halları araşdırlmamış, nəticədə iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar aşaşdırılmadan işin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən əsassız qərar qəbul edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmadan şəxsin olduğu yer üzrə qeydiyyatına alınmasından imtina əsassızdır. Digər tərəfdən, iddaçı İddiaçı hazırda qeydiyyata alınmasını arzuladığı ünvan 1 ünvan üzrə qeydiyyatda olmuşdur. Lakin qeydiyyat məsələsinə baxan orqan tərəfindən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı biri olmadan və bununla da qanunsuz olaraq həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Odur ki, İddiaçı hazırkı iddia tələbi əvvəllər qeydiyyatda olduğu ünvana qeydiyyata alınmasını tələb etmə yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasından ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir: Sizin qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana (ünvan 5mağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, 19 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin faktiki hallarından görünür ki, iddiaçı faktiki olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 19 ünvanına qeydiyyata alınması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən hüquqi sənəd olmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. Hazırda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək həmin ünvana qeydiyyata alınmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeydiyyata alınmasını xahiş etdiyi evə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədi. İddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən ünvana qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2675/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar