Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2587/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Ermənistanın Yexeqnadzor rayonunun Qovuşuq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-8434/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı 12 iyul 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Şöbəsinin icra sənədinin qaytarılması barədə 16iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, icra orqanı tərəfindən borclu barəsində qanunvericilikdə nəzərdə tutulan heç bir tədbir görülməmiş, onun tərəfindən 48650 manat pulun ödənilməsi yanlış qeyd edilmiş, borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi üçün cəhd göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-8434/2021 nömrəli qərardadı ilə (hakim S.Salahova) İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli (mətnə uyğun), 2-1(112)-8434/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 27.08.2021-ci il tarixli qərardadın iddiaçıya göndərilməsi barədə müşayiət məktubunun tarixi 31.08.2021-ci il olduğundan iddiaçının apellyasiya şikayətində qərardadın tarixinin 31.08.2021-ci il göstərilməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Eyni zamanda iddiaçı apellyasiya şikayətində qərardadı 06.08.2021-ci il tarixində qəbul etdiyini bildirmişdir, lakin iş materiallarında olan məhkəmə qəbzinə əsasən qərardad iddiaçıya 06.09.2021-ci il tarixində təqdim edilmişdir. Bu hal da məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.06.2017-ci il tarixli 2(001)- 7238/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh X1 borclu olduğu 50000 (əlli min) ABŞ dolları(müqavilənin bağlandığı günün məzənnəsinə uyğun 75000 ( yetmiş beş min) manat) məbləğində vəsait alınaraq İddiaçı ödənilməsi, iddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 54%-i, yəni 16 (on altı) manatının cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, qalan 46%-i, yəni 14 (on dörd) manatının isə iddiaçının özünə aid olunması qət edilmişdir. - Qətnamə 21.12.2017-ci il tarixdə qanuni qüvvəsini almış, bunda sonra həmin məhkəmə tərəfindən 24.09.2018-ci il tarixdə verilmiş icra sənədinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi (bundan sonra – Cavabdeh) tərəfindən 28.09.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən cavabdeh tərəfindən 16.06.2021-ci il tarixdə “İcra sənədinin qaytarılması haqqında” Qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında”Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-8434/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2587/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2587/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver