Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2587/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: mənzil və ya fərdi yaşayış evi ilə təmin olunma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1876/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən etibarən ikinci qrup əlildir. Əlilliyin səbəbi isə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar işlərdə aldığı xəsarətlərdir. xx.xx.2012-ci ildən isə iddiaçıya müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021- 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İddiaçı ( həyat yoldaşı və 2 oğlu) Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı (ailəsi) mənzillə təmin olunmur. İddiaçı mənzil və ya fərdi yaşayış evinin verilməsi üçün ƏƏSMN-e müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Həmin məktubla imtinanın səbəbi kimi güya istifadəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsi ünvanında ümumi sahəsi 190 kv.m olan mənzilin olduğunun aşkar olunması göstərilmişdir. Halbuki həmin mənzil iddiaçıya məxsus deyildir, X2 məxsusdur. İddiaçı və ailəsi həmin evdə müvəqqəti məskunlaşmışdır, iddiaçı və ailəsi gec və ya tez həmin evi tərk etməlidir. Cavabdehin isə mövqeyindən belə çıxır ki, sərəncamın təsir dairəsinə düşən şəxslər yalnız ailələri ilə birlikdə küçədə qaldığı halda, istifadələrində heç bir yaşayış sahəsi olmadığı halda mənzillə təmin oluna bilərlər. Halbuki Xəzər rayon İH tərəfindən iddiaçı (ailəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Bu o deməkdir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı vardır. Digər tərəfdən cavabdehin göstərilən əsasla imtina vermək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına əsasən şəxsin sərəncamda göstərilən kateqoriyalardan birinə aid olması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması faktı onun mənzillə təmin edilməsinə kifayət edir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması isə ƏƏSMN və ya Nazirliyin digər qurumlarının deyil, yerli icra hakimiyyətlərinin səlahiyyətində olan məsələdir. İmtina məktubundan da görünür ki, cavabdeh iddiaçının və ailəsinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını və iddiaçının Çemobil AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs kateqoriyasına aid olmasını mübahisələndirmir. Odur ki, cavabdeh mübahisəsiz qaydada mənzil və ya fərdi yaşayış sahəsi ilə iddiaçını təmin etməlidir. İddiaçının istifadəsində yaşayış sahəsinin olmasına cavabdehin istinad etməsi isə əsassızdır. Çünki istifadə etmək mülkiyyət hüququ və ya sərəncam hüququ əldə etmək deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021- 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməli olması barədə tapşırıq verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Bildiririk ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 01 iyul 2022-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və iki oğlu) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsində ümumi sahəsi 190 kv.m olan mənzilin olduğu aşkar edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1876/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Qədirxan oğlunun (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmasından imtinası qanunsuz hesab edilərək iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı müddətsiz İİ qrup əlildir, diaqnoz: radiasiyadan sonrakı toksiki ensefalopatiya. Vegeto-damar distoniya, qarışıq tip tez-tez krizlərlə. Xr.pielonefrit. Xr.xolesistit. Kəskin ifadə olunmuş ANS. Əlilliyin səbəbi: Çernobal AES-də qəzanın ləğvi ilə əlaqədar; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestirndən arayışlara əsasən İddiaçı, övladları X3, Nümayəndə3, arvadı X1 adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir; - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən adambaşına düşən minimum yaşayı sahəsinə malik olması səbəbi ilə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsindən imtina edilmişdir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş İddiaçı mənzil uçot qovluğunda olan: Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 147 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən iddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə Çernobal AESdə qəzanın ləğvi ilə əlaqədar İİ dərəcəli əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və Çernobıl AES əlili və iştirakçılarının mənzil növbəlilik siyahısına daxil edilmişdir; Binə bələdiyyəsinin arayışlarına əsasən iddiaçıya Binə bələdiyyəsi tərəfindən icarəyə, istifadəsinə və mülkiyyətinə torpaq sahəsi verilməmişdir; Xəzər rayon İcra Başçısının Binə ərazi qəsəbə nümayəndəliyinin 058 nömrəli arayışına əsasən iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1, ev 65-in sahəsi 84 kv.m təşkil edir, evdə 19 nəfər qeydiyyatdadır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
12. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
15. .”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrinin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır.
16. Yuxarıda göstərilənlərə əsasən iddiaçının yuxarıda qeyd edilən sərəncamın tələblərinin şamil edildiyi şəxs kimi mənzillə təmin edilməsi üçün iki şərtin mövcud olması zəruridir: 1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və şəhid ailəsi, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs (ailəsi) olması; 2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması. Hal-hazırda inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, hər iki şərt iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlil olmuş şəxsdir və xx.xx.2022-ci ildən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Xəzər rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Qeyd edilən hallar cavabdeh tərəfindən də mübahisələndirilmir.
17. Cavabdehin etirazından və imtina məktubundan görünür ki, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən mənzil ilə təmin edilməsindən imtinasının əsası kimi cavabdeh iddiaçının mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsində ümumi sahəsi 190 kv.m olan mənzilinin olmasına istinad etmişdir ki, qeyd edilən əsası təsdiq edə biləcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən arayışlara əsasən İddiaçı, övladları X3,Nümayəndə3, arvadı X1 adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilmir.Göründüyü kimi cavabdehin etirazında və imtina məktubunda göstərilən hallar inzibati iş materiallarında olan heç bir sənədlə təsdiqlənmir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - M a d d ə 7. Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları üçün kompensasiya və güzəştlər: 1986-1990-cı illərdə bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilən işlərdə iştirak etmiş şəxslər 6-cı maddənin 1—3, b, 7, 12, 14—20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, həmçinin aşağıdakı hüquqlara malikdirlər:
1. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı əmələ kələn xəstəlik və ya xəsarət nəticəsində dəymiş və əmək qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarmış zərər fəhlə və qulluqçulara öz əmək vəzifələrini yerinə yetirərkən dəymiş zərərin ödənilməsi halları üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
2. (Çıxarılıb)
3. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilmək.
4. İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla).
19. Bakı Apellyasiya Məhkəmsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 03 iyun 2024-cü il tarixli məktubundan da görünür ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən imtina əsaslı sayıla bilməz.
20. Beləliklə, cavabdeh qanunvericiliklə məhz onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, iddiaçının və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmamasını, onların hal-hazırda yaşadıqları yaşayış sahəsinin mülkiyyətçisinin kim olmasını, həmin yaşayış sahəsinin hansı əsaslarla iddiaçının və ailəsinin istifadəsində olmasını, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb alınmamasını araşdırmadan, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərilən şəxslər kateqoriyasına aid olmasını və mənzil uçotinda mənzil sahəsinə ehtiyacı olan şəxs kimi dayanmasını nəzərə almadan qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur. 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
23. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 24.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1876/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov