Məhkəmə qərarları › İş №2-1(103)-2587/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2587/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2587/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2- 1(112)-1696/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin sizə dair 9 fevral 2024-cü il tarixli, SH-01/7-03 nömrəli arayışında xx.xx.1998-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Bakı kanalizasiya şəbəkələrinin istismarı müəssisəsinin qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunub. Mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdiirlməsi zamanı çalışdığınız sahə və vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahə və peşələrə aid olmadığı müəyyən edilib. BU fakt Suraxanı rayon Sukanal İdarəsinin 4 aprel 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. BU səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu tarixdən (xx.xx.2022-ci il) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. Hazırda 62 yaşı tamam olub. Əmək fəaliyyəti, hərbi xidmət dövrü də, daxil olmaqla xx.xx.1981-ci ildən hal-hazıradək olan illəri əhatə edir. Ümumilikdə iş stajı 43 il 1 ay 10 gün təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiyanın təyin edilməsi xahiş olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, ona məxsus olan əmək kitabçasına əsasən qanunla müəyyən edilmiş həm ümumi - 25 il sosial sığorta stajına, həm də, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli, SH01/7-01 nömrəli arayışında xx.xx.1998-xx.xx.2004-cü il və xx.xx.2007-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya İstehsalat Birliyinin Kanalizasiya şəbəkələrinin istismarı müəssisəsinin qəza-xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Bakı Sukanal İdarəsi 2 saylı qəza-bərpa və quraşdırılma sahəsinin qəza xidməti sahəsində yeraltı kanalizasiya şəbəkələrində, xx.xx.2014-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində isə Suraxanı rayon Sukanal İdarəsində yeraltı kanalizasiya şəbəkələrində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda iddiaçının qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçıya yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışını təqdim etdikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-1(112)-1696/2025 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2- 1(112)-1696/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daimməşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Məhkəmə icraatı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı X2 Xidməti publik hüquqi şəxsi Suraxanı rayon Sukanal İdarəsinə sorğu göndərilmişdir. Məhkəmə qərarında sözügedən sorğuya cavaba istinad edilərək qeyd edilmişdir ki, “Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş TR01/7-04 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı həqiqətən xx.xx.2012-ci il tarixdən bu günədək aşağıda göstərilən peşələrdə işləyir. Bu ixtisas Azərbaycan Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 5 ay 17 gün hesabalanmışdır. Yuxarıda qeyd olunmuş bu ixtisas əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinə aiddir. Onun bu işlərin aparılmasında 22 il 10 ay 16 gün iş stajı hesablanmışdır”. Qeyd edilənlərdən də göründüyü kimi nə iddiaçının təqdim etdiyi arayışda, nə də məhkəmə sorğusuna verilən cavabda iddiaçının çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmamağı barədə məlumat dəqiq göstərilməmişdir. Müvafiq vəzifənin əks olunduğu bölmənin adında (35) da birbaşa olaraq qeyd edildiyi kimi, bütün qəza-bərpa işlərinin çilingərləri və ustalarının deyil, yalnız sözügedən vəzifədə daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustalarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranır. Digər tərəfdən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin Suraxanı rayon Sukanal idarəsinin 9 fevral 2024-cü il tarixli SH01/7-03 nömrəli arayışında xx.xx.1998-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Bakı kanalizasiya şəbəkələrinin istismarı müəssisəsinin qəzaxidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçının çalışdığı sahə və vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahə və vəzifələrə aid olmadığı müəyyən edilmişdir. Bu fakt Suraxanı rayon Sukanal idarəsinin 4 aprel 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iddiaçının güzəştli iş stajı dövrü ətraflı araşdırılmadan, məhkəmə sorğusuna ətraflı və mahiyyəti üzrə cavab verilmədən, eyni zamanda iddiaçının işlədiyi peşənin xüsusiyyətləri müəyyənləşdirilmədən iddia təmin edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-1(112)- 1696/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-1(112)- 1696/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının hüqunun yarandığı vaxt qüvvədə olan redaksiyada) Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23200000 – XXXİİİ. Ümumi peşələr 23200000—18447 – yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı:

35. Ümumi peşələr yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavə – Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı (13 may 2022-ci il tarixli, **********1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə ləğv edilmişdir) 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 60 yaşının tamam olması; - ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüddür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçıya məxsus əmək kitabçasına və hərbi biletinə əsasən əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. İşin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 35 nömrəli bölməsində nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 22 il 10 ay 16 gün təşkil etməsi və arayışda qeyd olunmuş ixtisasın əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinə aid olması bildirilmiş, bununla da, cavabdehin imtinasında və etirazında göstərilən dəlillər iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təkzib edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır (iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən 22 il 10 ay 16 gün). Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... sözügedən arayışda iddiaçının qəza-bərpa işləri üzrə çilingər vəzifəsində çalışdığı müddətdə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, apelyasiya baxışı zamanı bir daha iddiaçının işlədiyi Azərsu ASC-nin X5 idarəsinə sorğu verilmiş, həmin sorğuya alınan xx.xx.2025-ci il tarixli cavabda iddiaçının işlədiyi ixtisasın əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aid olduğu qeyd edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iş materiallarındakı sənədlərdən müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı aşağıdakılardan ibarətdir: xx.xx.1998-xx.xx.2004 - Bakı Kanalizasiya İstehsalat Birliyinin Kanalizasiya şəbəkələrinin istismarı müəssisəsi qəza-xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli iş stajı ixtisasa əsasən, 6 il 5 ay 1 gün hesbalanmışdır; xx.xx.2004-xx.xx.2004 - "xxxx" ASC Bakı Kanalizasiya Xidməti, kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən 1 ay 20 gündür; xx.xx.2007-xx.xx.2011 - "xxxx" ASC Bakı Kanalizasiya Xidməti, kanalizasiya şəbəkələrinin istismarı sahəsinin 1 saylı qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 3 il 9 ay 30 gün hesablanmışdır; xx.xx.2011-xx.xx.2012 – Bakı Sukanal İdarəsi, 2 saylı qəza-bərpa və quraşdırılma sahəsinin qəza xidmətində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli iş stajı ixtisasa əsasən, 7 ay 30 gün hesablanmışdır; xx.xx.2012-xx.xx.2013 – "xxxx" ASC Bakı Sukanal İdarəsi, Suraxanı rayon Sukanal Departamenti, Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 3 ay hesablanmışdır; xx.xx.2013 – xx.xx.2014 – Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 9 ay 2 gün hesabalanmışdır; xx.xx.2014-xx.xx.2022 – Suraxanı rayon Sukanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 8 il 4 ay 8 gün hesabalanmışdır; xx.xx.2022-xx.xx.2023 - Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tullantı suların axıdılması üzrə qəza-bərpa işləri üzrə çilingər. Güzəştli əmək stajı ixtisasa əsasən, 1 il 5 ay 17 gün hesabalanmışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı ümumilikdə 22 il 10 ay 16 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sına əsasən iddiaçının işlədiyi peşə (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) güzəştli şərtlərlə pensiya təyin edilə bilən peşələrə aiddir. Bununla bağlı, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Qeyd etmək lazmdır ki, hazırkı iddianın predmeti ilə eynilik təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2150/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2-1(112)-1696/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar