Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2588/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Məmmədli bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “məxsusluq arayışının verilməsi” tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və bundan sonra mətndə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0,10 ha torpaq sahəsinin daşınmaz əmlaka dair müvafiq qeydiyyatın aparılması və Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Məhəmmədi Bələdiyyəsinin 1/23 №li, 15 fevral 2005-ci il tarixli qərarı ilə X5 istifadəsinə verilmiş Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0,0832 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum əri X6 məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X5 adına Abşeron rayonu Məmmədli kəndində ayrılmış 0,10 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin mərhum ərinə məxsus olmasını təsdiq edən Məhəmmədi kənd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1/23 saylı qərarı, Abşeron rayon Dövlət Arxivi idarəsinə məxsus xx.xx.2021-ci il tarixli, 1064 №-li arxiv təsdiqləməsinə görə torpaq sahəsinin 0,10 ha olmasını təsdiq edən Bələdiyyənin yerquruluşu planından çıxarışı da mövcuddur. X10 2005-ci ildə ölmüş və onun vərəsəsi kimi Ordubad rayon notariat kontorunda vərəsəlik şəhadətnaməsi ilə arvadı qismində o, tanınmışdır. Mövcud torpaq sahəsinin DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinə müvafiq qeydiyyatın aparılmaqla çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi **********90 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ona bildirmişdir ki, Məhəmmədi Bələdiyyəsi tərəfindən X6 0,10 ha torpaq sahəsi 15 fevral 2005-ci il tarixdə, 1/23 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunvericiliyinin tələbinə uyğun tərtib və təsdiq edilmədiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin 08 oktyabr 2021-ci il tarixdə verildiyi, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmiş, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin 616.26 kv. metr hissəsinin yüksək gərginlik elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, Məhəmmədi Bələdiyyəsinin 1/23 №li, 15 fevral 2005-ci il tarixli qərarı ilə X6 ayrılmış Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0,0832 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum əri X6 məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən X6 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olmuş, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Məhəmmədi Bələdiyyəsi tərəfindən X6 0.10 ha torpaq sahəsinin 15 fevral 2005-ci il tarixində, 1/23 nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktının qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilməmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 08 oktyabr 2021-ci il tarixində verilmiş, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyi ərizəyə əlavə edilməmiş, Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin 616.26 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan : -Məhəmmədi kənd Bələdiyyəsinin “X5 ev tikmək üçün torpaq sahəsinin istəməsi barədə” 15 fevral 2005-ci il tarixli 1/23 №li qərarından çıxarışdan və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli F 10164 №li arxiv arayışından görünür ki, qeyd olunan qərarla X6 bələdiyyə fondundan (Abşeron rayonu, Məhəmmədi kəndində) 0,10 ha torpaq sahəsinin ayrılması və ev tikib yaşaması üçün verilməsi qərara alınmışdır. -Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X7 tərəfindən həyətyanı torpaq sahəsi üçün 840000 (səkkiz yüz qırx min) manat bələdiyyəyə ödənilmişdir. -Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən 24 avqust 2021-ci il tarixdə verilmiş 541 №li arayışın surətindən görünür ki, X7 24 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Ordubad rayon Gilançay kəndində ölmüşdür. Bu barədə 10 fevral 2006-cı il tarixdə Ordubad rayon Gilançay kənd İcra nümayəndəliyi tərəfindən 01 №li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Məmmədli kənd Bələdiyyəsi (sədr X2) tərəfindən 10 yanvar 2017-ci il tarixdə tərtib olunmuş “Torpaqların alqı-satqısına dair Akt”dan görünür ki, X1 rayon Məmmədli Bələdiyyəsinə 17 yanvar 2005-ci il tarixdə həyətyanı torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Məmmədli Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi satılması barədə 2005-ci il 15 fevral tarixli 1/23 saylı qərar qəbul edilmişdr. Bunun müqabilində X7 tərəfindən dəyəri Məmmədli bələdiyyəsinin xəzinə mədaxil qəbzi ilə 840000 (səkkiz yüz qırx min) manat dövlət rüsusmu ödənilmişdir. Ordubad rayon dövlət Notariat ofisinin adından (Ordubad rayon dövlət Notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən Culfa rayon dövlət notariat ofisinin notariusu X11) DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış 17 №li 24 avqust 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Ordubad rayonu, Gilançay kəndində qeydiyyatda olan İddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək, xx.xx.2005-ci ildə vəfat etmiş əri X3 miras qalmış Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X6 məxsus olan, qeyd edilən torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Ordubad rayon notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti (Memarlıq və tikinti şöbəsi) tərəfindən tərtib olunmuş “Məmmədli bələdiyyəsinin 30 avqust 2021-ci il tarixli 335 nömrəli müraciətinə əsasən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasına dair” 6/X/1549 №li xx.xx.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Məmmədli bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0,0832 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0,0832 ha olan torpaq sahəsinin satılmasına aşağıdakı şərtlər daxilində etiraz olunmadığı bildirilmişdir: - Sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində mühəndis kommunikasiya xətlərinin keçib-keçməməsinin dəqiqləşdirilməsi məqsədilə planda göstərilən torpaq sahəsi aidiyyatı təşkilatlarla razılaşdırılsın; - Qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinin ayrılmasına dair ƏMDX-nin rəyi alınsın; - Sənədləşdirilən torpaq sahəsində kommunikasiya xətti keçərsə və möcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa həmin xətt Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırıldıqdan sonra sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılsın. İddiaçı adından DƏDRX-yə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, o, Məmmədli Bələdiyyəsinin 336 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən adına olan Abşeon rayon Məmmədli Bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin azaldılaraq 0,0832 ha olmasına və çıxarış verilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, Məhəmmədi kənd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1/23 saylı qərarı ilə, X5 adına Abşeron rayonu Məmmədli kəndində 0,10 ha torpaq sahəsi ayrılmışdır. X7 vəfat etdikdən sonra mərhumun yoldaşı hazırkı iş üzrə iddiaçı olan İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı cavabdehə müvafiq tələblə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İşin hallarına tətbiq edilən hüquq normaları : Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Beləliklə, yuxarda qeyd edilən hüquq normalarını iş materialları ilə birlikdə nəzərdən keçirən Kollegiya hesab edir, vətəndaşın xeyrinə qəbul edilən və bugünədək qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməyən əlverişli inzibati akt (Məhəmmədi kənd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1/23 saylı qərarı) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət: 1) Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, alqı-satqı aktı qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilməmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi 08 oktyabr 2021-ci il tarixində verilmiş, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyi ərizəyə əlavə edilməmiş, Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış, müvafiq icra hakimiyyətindən razılıq alınmış, nəticə də vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmişdir. Həmin inzibati aktsa münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin birdaha qeyd edilir ki, sözügedən qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından həmin qərar mötəbər sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda cavabdehin də qeyd etdiyi kimi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin sonradanda olsa tərtib olunmuşdur. Bu hal iddiaçının əleyhinə deyil, lehinə qəbul edilməlidir. 2) Cavabdehin apellyasiya şikayətində göstərdiyi “torpaq sahəsinin 616.26 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (35 KVT) mühafizə zolağında yerləşir” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı nə birinci, nədə apellyasiya instansiya məhkəmələrinə sübut təqdim etmişdir. Həmçinin iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 01/02/12-13/R-290/2/514 №li xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 №li Qərarı ilə təsdiq edilmiş “Gərgiliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən torpaq sahəsi elektrik xətlərinin mühafizə zonasında yerləşmir. Göründüyü kimi, cavabdeh qeyd etdiyi dəlilini sübuta yetirə bilməmiş, əksinə həmin dəlil iş materiallarında olan arayışla təkzib olunmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.....elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər Belə ki, iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır”. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən Kollegiya hesab edir ki, X6 ayrılmış mübahisəli torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüquqları yaranmışdır. Lakin, X7 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadan vəfat etdiyindən, hazırda onun vərəsəsi olan İddiaçı hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X6 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2588/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2588/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver