Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2589/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.04.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 05.07.2017-ci il tarixdən-57 yaşının tamam olduğu müddətdən ona əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1960-cı il tarixində doğulub və 60 yaşı tamam olmuşdur. 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda neft-qaz, mədən maşın və avadanlığı ixtisası üzrə təhsil alıb və təhsilini 1983-cü ildə bitirib. 17.11.1983-cü il tarixdən əmək fəaliyyətinə başlayıb. 17.11.1983-cü il tarixdən (əmr № 206/k, 17.11.1983) 23.01.1986-cı il tarixədək “Neft Daşları” NQÇİ-də kompressorların təmiri üzrə 5-ci dərəcəli çilingər kimi işə qəbul edilib. 23.01.1986-cı il tarixdən (əmr №15/k, 22.01.1986) 10.02.1988-ci il tarixədək qaz sahəsi üzrə böyük mühəndis vəzifəsinə keçirilib. 10.02.1988-ci il tarixdən (əmr №41/k, 07.02.1988) 20.08.1989-cu il tarixədək böyük mexanik vəzifəsinə keçirilib. 31.03.1997-ci il tarixdən 01.06.1999-cu il tarixədək Çiraq platformasında texnik köməkçisi vəzifəsinə keçirilib. 01.06.1999-cu il tarixdən 01.11.2008-ci il tarixədək Çiraq platformasında texniki xidmət supervayzeri vəzifəsinə keçirilib. 01.11.2008-ci il tarixdən 01.06.2010-cu il tarixədək həmin platformada texniki xidmət qrupunun rəhbəri vəzifəsinə keçirilib. 11.02.2016-cı il tarixində vəzifəsinin adı Dəniz əməliyyatları departamenti texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilmişdir. 08.08.2018-ci il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01.10.2018-ci il tarixində "xxxx" MMC-yə texniki qulluq üzrə planlama mütəxəssisi vəzifəsinə təyin edilib. Arxiv arayışını cavabdehə təqdim etməkdə əsas məqsəd arayışda göstərilmiş əmək fəaliyyəti illərinin ümumi iş stajına əlavə edilməsi idi. Cavabdeh onun güzəştli iş stajının 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil etdiyini bildirmişdir. Lakin onun 31.01.1997-01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi texnik köməkçi, texnik mexanik və supervayzer vəzifələri, həmçinin 01.10.2018-ci il tarixindən bugünədək işlədiyi planlama mütəxəssisi vəzifəsi müddətləri nəzərə alınmamışdır. Rəhbər işlədiyi müddət güzəştli staja daxil edildiyi halda, dənizdə rütubətdə qalaraq, işlədiyi müddət güzəştli staj hesab edilməmişdir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Nazilər Kabinetinin qərarına əsasən mexanik vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. Təqdim etdiyi güzəştli arayış BP-nin rəhbərliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında razılıq əsasında verilmiş, həmin arayışdan da göründüyü kimi 21 il 4 ay 8 gün güzəştli stajı vardır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən iddiaçıya 05.07.2020-ci il tarixdən yəni 60 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş İddiaçı Niyazi (mətnə uyğun) oğluna 60 yaşdan, yəni 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələb edilən güzəştl iş stajını toplamamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə dair etiraz təqdim edərək apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili nəhkəməyə 14.07.2021-ci il tarixli arayış təqdim etdi. (X4 və mürəkkəb sorğular üzrə rəhbər) Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - iddiaçıya məxsus AZE seriyaı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. - M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun qeydiyyat nömrəli 377 nömrəli 1983-cü il tarixli, KV № 018809 ( ay, gün qeyd edilməmişdir) diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1978-ci il tarixdən 1983-cü il tarixlərdə neft-qaz mədən maşın və avadanlığı ixtisası üzrə təhsil almışdır. - VÇ seriyalı, 054687 nömrəli hərbi bilet iddiaçının adına 27.01.1985-ci il tarixində açılmışdır. - İT-İ seriyalı, ******* nömrəli 16.11.1983-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 17.11.1983-cü ildə Qaz kompressor sexinə kompressorların təmiri və baxılması üzrə 5-ci dərəcəli çilingər kimi qəbul edilmişdir. 23.01.1986-cı ildə həmin sexin qaz sahəsinə baş mühəndis kimi keçirilmişdir. 10.02.1988-ci ildə həmin sexə baş mexanik keçirilmişdir. 01.07.1988-ci ildə İstehsalat Birliyi ləğv edilib, onun əsasında NQÇİ yaradılıb. 01.09.1989-cu ildə işdən azad edilmişdir. 13.09.1989-cu ildə Serebrovski adına Neft-Qaz çıxarma idarəsinin qaz kompressor sexinə qaz kompressorlarının 5-ci dərəcəli çilingər-təmirçisi kimi qəbul edilmişdir. 01.12.1989-cu ildə 1 saylı qaz kompressor sexinin qaz kompressor stansiyasının rəisi kimi təyin edilmiş, 29.05.1990-cı ildə işdən azad edilmişdir. 31.05.1990cı ildə Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu “Gipromornefteqaz” Dənizdəki neft və qaz yataqlarının işlənməsi layihəsi üçün şöbəyə aparıcı mühəndis, layihəçi kimi qəbul edilmişdir. 25.02.1994-cü ildə həmin şöbədə layihənin baş mühəndis vəzifəsinə keçirilmişdir. 01.07.1994-cü ildə əməyin ödənilməsində BTC-ə keçirilməsilə əlaqədar 15-ci dərəcəli layihənin baş mühəndisi vəzifəsinə müvafiqdir. 19.03.1997-ci ildə işdən azad edilmişdir. 31.03.1997-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti X6 (Kaspian Si) LTD Çıraq platormasında texnik köməkçisi vəzifəsinə qəbul edilmişdir. 01.06.1999-cu ildə şirkətin təşkilati formasının dəyişməsi ilə əlaqədar X6 (Kaspian Si) Ltd şirkətinə keçirilərək Çıraq platformasına keçirmə yolu ilə texnik köməkçisi vəzifəsinə qəbul edilmişdir. 01.04.2004-cü ildə Çıraq platformasında texnik-mexanik vəzifəsinə təyin edilmişdir. 01.11.2008-ci ildə Çıraq platformasında texniki xidmət supervayzeri vəzifəsinə təyin edilmişdir. 01.06.2010-cu ildə həmin Platformada texniki xidmət qrupunun rəhbəri vəzifəsinə təyin edilmişdir. 11.02.2016-cı ildə vəzifənin adı Dəniz əməliyyatları departamenti, Texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilmişdir. 01.06.2016-cı ildə Dəniz əməliyyatları departamenti, planlaşdırıcı vəzifəsinə təyin edilmişdr. 08.08.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.10.2018-ci ildə GVL MMC-yə texniki qulluq üzrə planlama mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. - BP şirkətinin Azərbaycan Gürcüstan və Türkiyə üzrə Regional nümayəndəliyinin İnsanlar və Korporativ mədəniyyət üzrə xidmətlər bölməsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Texniki Xidmət üzrə qrup rəhbəri vəzifəsində Çıraq Platformasında № 3184 saylı müqaviləyə əsasən 31 mart 1997-ci il tarixdən avqust 2018-ci il tarixə qədər işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 21 il, 4 ay, 8 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Dəniz şəraitində briqada tərkibində olan fəhlələr ilə birlikdə neft, yağ və kimyəvi sistemlərin bilavasitə xidməti ilə məşqul olmuşdur; Buruqdakı istehsalat sistemlərinin açılması, təmizliyi, təmiri və hasilata qaytarılmasında birbaşa iştirak etmişdir və bu müddət ərzində neft, neft məhsulları və kimyəvi maddələrin istifadəsinə məruz qalmışdır; Peşə vəzifələrin yerinə yetirildiyi müddətdə fiziki (mexaniki), kimyəvi (istehsalat prossesində istifadə olan), bioloji (tullantı və kanalizasiya sistemləri) ağır istehsalat amilləri mövcud olmuş və tutduğu vəzifə gərəyi verilən qərarlar yüksək həssaslıq tələb etmişdir; Daimi istehsalat mövcudluğu səbəbi ilə iş rejimini gecə növbəsi istisna olunmamaqla aparmışdır. - Tutduğu vəzifə üzrə işləri çətin dəniz şəraitində, açıq havada, isti və soyuq hava şəraitində olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) və (b) bəndində (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir yerinə yetirib. -SOCAR “Azneft” İB “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin AR 01-İKK/15-Ə saylı, 02.08.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1983 -1989-cü illər üçün əmək haqlarının şəxsi hesablarında, 1989-cü il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1960-cı il tarixdə doğulmuş, İddiaçı 17.11.1983-cü ildən 23.01.1986-cı ilə qədər Qaz kompressor sexində kompressorların təmiri üzrə çilingər 5-ci dərəcəli (şifr 1100000a18547), 23.01.1986-cı il tarixdən 10.02.1988-ci il tarixədək həmin sexdə qaz sahəsi üzrə böyük mühəndis və 10.02.1988-ci il tarixdən 20.08.1989-cu il tarixədək həmin sexdə böyük mexanik vəzifəsində işləməsi barədə məlumatlar mövcuddur. İddiaçı - 01 sentyabr 1989-cü il tarixindən (01.09.1989-cü ilin 182/k N -li əmrinə əsasən) Azərbaycan SSR ƏQM -nin 36 maddəsinin 1-ci bəndinə (tərəflərin razılığı ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 N-li Qərarına müvafiq olaraq, 1 saylı Siyahının 10-cu bölməsinə əsasən güzəştli şərtlərlə iş stajı 17.11.1983 - 23.01.1986 kompressorların təmiri üzrə çilingərdir 5 -ci dərəcəli. - BP Eksploreyşn (Kaspian Si) LTD şirkətinin AR nümayəndəliyi tərəfindən verilən 28.08.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 31 mart 1997-ci il tarixdən 08 avgust 2018-ci il tarixə qədər BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə işləyib. İşçinin şirkətdə sonuncu vəzifəsi Dəniz əməliyyatları departamentində Planlaşdırıcı olub. İddiaçı Azərbaycan Beynəlxalq Əməliyyat şirkətinin (ABƏŞ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinə 31 mart 1997-ci ildə “Çıraq” Platformasında Texnik köməkçisi vəzifəsinə qəbul edilib. Sonra 01 iyun 1999-cu ildə şirkətin təşkilatı formasının dəyişməsi ilə əlaqədar BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (ABƏŞ-in Operatoru olan) Çıraq platfomasına keçirmə yolu ilə Texnik köməkçisi vəzifəsinə keçirilib. İddiaçı 01 aprel 2004-cü ildən 01 noyabr 2008-ci ilədək “Çıraq” platformasında Texnik - mexanik və 01 noyabr 2008-ci ildən 01 iyun 2010-cu ilədək “Çıraq” platformasında Texniki xidmət supervayzeri və 01 iyun 2010-cu ildən 11 fevral 2016-cı ilədək həmin platformada Texniki xidmət qrupunun rəhbəri və 11 fevral 2016-cı ildən 01 iyun 2016-cı ilədək vəzifəsinin adı Dəniz əməliyyatları departamenti, Texniki xidmət üzrə qrup rəhbəri kimi dəyişdirilir. İddiaçı 01 iyun 2016-cı ildən 08 avgust 2018-ci ilədək həmin departamentdə Planlaşdırıcı vəzifəsində çalışıb. İddiaçı bu illər ərzində onun tutduğu vəzifə üzrə işləri çətin dəniz şəraitində, açıq havada, isti və soyuq hava şəraitində yerinə yetirib və onun vəzifələri Azərbaycan Respublikası “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndinə ( rəhbərlər və mütəxəssislər) uyğundur. Nəsibov X3 xidmət üzrə qrup rəhbəri və Planlaşdırıcı vəzifələri də dənizdə “Çıraq” platformasında icra edib. - İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, **********3 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 16 noyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-nin müraciətçiyə dair 2 avqust 2020-ci il tarixli AR01-ink/15-Ə nömrəli arayışında 17.11.1983-23.01.1986-cı il tarixləri arasındakı dövr ərzində Qaz-kompressor sexində kompressorların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi kompressorların təmiri üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Bundan başqa 31.01.1997-01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi texnik köməkçisi, texnik mexanik və supervayzer vəzifələri, həmçinin 01.10.2018-ci il tarixindən bugünədək işlədiyi planlama mütəxəssisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Hazırkı iş üzrə iş materialları ilə müəyyən edilir ki, iddiaçının 60 yaşının tamam olduğu 05.07.2020-ci il tarixədək 25 il ümumi iş stajı mövcud olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının 17.11.1983- 23.01.1986-cı il tarixləri arasındakı dövr ərzində Qaz-kompressor sexində kompressorların təmiri üzrə çilingər; 31.01.1997- 01.06.2010-cu il tarixləri arasındakı dövr ərzində texnik köməkçisi, texnik mexanik və supervayzer vəzifələri; 01.10.2018-ci ildən hazırkı vaxtadək planlama mütəxəssisi işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (8 il 2 ay 7 gün) təşkil etməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı: 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: təmirçi-çilingərlər; b) rəhbərlər və mütəxəssislər nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapdığından, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən verilmiş güzəştli arayışlarla əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati İcraat Haqqında» AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-5862/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2589/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2589/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver