Məhkəmə qərarları › İş №2-1(103)-2589/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2589/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2589/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakılar barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir: - ona təyin edilən əmək pensiyasının 7 fevral 2006-cı il tarixli qanunda 10 mart 2017-ci il tarixli qanunla edilən dəyişikliklər edilənə kimi mövcud qaydada, yəni müvafiq əmək haqqının 80 faizi qədər məbləğlə yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi; - 27 fevral 2018-ci il tarixdən məhkəmə qərarının qanuni qüvvəsini aldığı günə qədər ona təyin edilən əmək pensiyasının düzgün hesablanmaması nəticəsində az ödənilmiş pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması. İddianın əsaslarına görə iddiaçı 11 iyun 1997-ci ildən 27 fevral 2018-ci il tarixə qədər prokurorluq orqanlarında xidmət etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin və ya son 2 ilin əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməlidir. 10 mart 2017-ci il tarixdə qanuna edilmiş dəyişiklik nəticəsində o, almalı olduğu pensiya məbləğindən az məbləğdə yəni son 2 ilin orta aylıq əmək haqqısının 80 faizi əvəzinə, həmin məbləğin 68 faizi məbləğində pensiya alır. Halbuki əmək fəaliyyətinə başladığı vaxt və sonrakı 20 ilə yaxın müddətdə prokurorluq işçilərinin əmək pensiyaları qeyd edilən qaydada hesablanmamışdır və əmək fəaliyyətinə başladığı vaxt gələcəkdə pensiyanın hazırkı qaydada hesalanacağı ona məlum olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşından prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra, 25 fevral 2018-ci il tarixdən həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuşdur. Onun əmək pensiyası 20 il 8 ay 16 gün qulluq stajı nəzərə alınmaqla, Qanunun qüvvədə olan 20.8.2-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının (3675,58 manat) 67 faizi miqdarında (2462,69 manat) pensiya məbləği hesablanraq onun pensiya kartına köçürülür. Xidmət illərinə görə yaşa görə iddiaçının pensiya hüququ 25 fevral 2018-ci il tarixdə yarandığı halda, ona münasibətdə Qanunun 20.8-ci maddəsinin 01 iyul 2017-ci il tarixə qədər qüvvədə olan əvvəlki redaksiyası tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır ki, pensiyasının “Əmək pensiaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə edilən və 01 iyul 2017-ci il tarixdən qüvvədə olan dəyişiklər əsasında hesablanması nəticəsində almalı olduğu pensiya pensiya məbləğindən az məbəğdə, yəni son 2 ilin orta əmək haqqı məbləğinin 80 faizi əvəzinə, həmin məbləğin 68 faizi qədər pensiya alır. Halbuki, o, 20 ilə yaxın müddətdə prokurorluq orqanlarında çalışmışdır. Pensiyasının qeyd edilən qaydada hesablandığı ona məlum olmamışdır. Dəyişiklik qüvvəyə minənə qədər onun artıq müvafiq əmək haqqının 80 faizi qədər pensiya alması üçün tələb olunan stajı yaranmışdır. Birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarına istinad etsə də, həmin qərarda müəyyən edilmiş hüquqi mövqe üzrə səhv nəticəyə gəlməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qeyd edilən qərarla ziddiyyət təşkil edən qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçı ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının qeyd olunan iddia tələblərindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə qanunda 10 mart 2017-ci il tarixli qanunla edilən dəyişikliklər edilənə kimi qüvvdə olan normalara müvafiq əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanmasının və yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə olunmasını tələb etmişdir. Qanunun sözügedən 20.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixinə qədər və həmin tarixdən qüvvədə olan redaksiyası isə aşağıdakıları nəzərdə tutur. Əvvəlki redaksiyada deyilirdi: “ 20.8. Bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxan prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.” 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya deyilir: “20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.” Birinci instansiyaməhkəməsinin qəraından görünür ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdr ki, iddiaçının ümumi prokurorluq stajı 20 il 8 ay 16 gün olmuş və o, yaşa görə pensiya hüququnu 60 yaşının tamam olduğu 25 fevral 2018-ci il tarixdə qazanmışdır ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən prokurorluq işçilərinin əmək pensiyasının hesablanması qaydasına uyğun olaraq ona pensiyanın hesablanması həyata keçirilmişdir. İddiaçı qanunvericiliklə edilən dəyişikliklərə görə prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmə hüququna malik olmamış, ona həmin hüquq 25 fevral 2018-ci il tarixdən verilmişdir ki, həmin hüququn yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq da pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinin 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olan və həmin tarixdən qüvvdə olan redaksiyası aşağıdakıları nəzərdə tuturdu. 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiya: “ 9.4.Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya: “ 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.” Hər iki redaksiyasından göründüyü kimi, istər 1 iyul 2017-ci ilə qədər, istərsə də həmin tarixdən qüvvədə olan 9.4.2-ci maddənin redaksıyanda - “müvafiq ümumi və həmin orqanlarda qulluq stajına malik olan və yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduqları təsbit olunur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsi isə nəzərdə tutur ki, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. İş materiallarından da görünür ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçının 60 yaşının tamam olduğu tarixdən prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra, xx.xx.2018-ci il tarixdən onun güzəştli şərtlərlə pensiya hüququ yaranmış və həmin tarixdən də ona cavabdeh tərəfindən güzəştli şərtlərələ əmək pensiyası təyin olunmuşdur. Ümumiyyətlə, Qanunun Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlanan 9-cu maddəsində hansı hallarda şəxslərin güzəştli pensiya hüququna malik olduqları müəyyən edilir. Qanunun 9.8-ci maddəsi isə yalnız, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edildiyini nəzərdə tutur. Konkret halda isə iddiaçıya Qunun 9.4.2-ci maddəsinə əsasən güzəştli şərtlərələ 60 yaşından əmək pensiyası təyin edilmişdir. Belə olan halda, ona münasibətdə Qanunun 1 iyul 2017-ci il tarixə qədər qüvvədə olan 20.8-ci maddəsi tətbiq olunmaqla, orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin edilə bilməz. Qeyd edildiyi kimi onun prokurorluq işçisi kimi güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdən yaranmış, həmin tarixdən də ona Qanunun həmin vaxt qüvvədə olan normalara uyğun olaraq əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün, işin hallarına, qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də, gəstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin səhv nəticəyə gəldiyini və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar