Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2589/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “dövlət qulluqçusu kimi 6 il 10 ay əmək stajını nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması və əmək pensiyası təyin olunduğu vaxtdan yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair" qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 2003-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1996-xx.xx.2003-cü illlərdə Azərbaycan Respublikasının Prezidenti Ulu X1 399 №-li 27 avqust 1996-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilmə yolu ilə yaradılmış “Azəravtonəqliyyat” X3 vəzifəsinə təyin edilmiş və həmin Konsernin ləğv edilməsi ilə əlaqədar olaraq Prezidentin 1270 №-li, 27 iyun 2003-cü tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilmişdir. Dövlət Konserninin prezidenti vəzifəsində dövlət qulluqçusu kimi 6 il 10 ay stajı mövcuddur. 2016-cı ilin sentyabr ayında 177 manat əmək pensiyası təyin edilmiş və sonradan həmin pensiyanın məbləği artırılaraq 263 manata çatdırılmışdır. O, əmək pensiyasının düzgün təyin olunmamasını hesab edərək onun təsnifatı dövlət qulluqçusu kimi müəyyən edilməsi və bununla da pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu özünün, 28 fevral 2023cü il tarixli (alınma tarixi xx.xx.2023-cü il) məktubu ilə, əmək pensiyasının yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. İmtinasını onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluqçusu kimi qulluq stajı 15 ildən az olduğundan, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə ziddir. Cavabdehin imtinası qanunsuz və əsassızdır və əmək pensiyasının yenidən hesablanması üçün bir sıra hüquqi əsaslar mövcuddur. Belə ki, xx.xx.2016-cı il tarixdə onun 65 yaşı tamam olmuş, həmin vaxt qüvvədə olan ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəyə əsasən əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -“20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla...təyin edilir”. Cavabdeh qanunun qeyd edilən normalarına zidd olaraq iddiaçının xahişini təmin etməmiş və iddiaçının pensiya yaşına çatdığı vaxt qüvvədə olan qanunvericilik normalarını nəzərə almayaraq əmək pensiyasını düzgün hesablamamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün dövlət qulluğu stajı olmadığından, İddiaçı imtina cavabı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilmiş və bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Həmin qərar müvafiq maddi hüquq normaların tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallara düzgün qiymət verilməməsi ilə çıxarılmışdır. Belə ki, “Azəravtonəqliyyat” Dövlət Konserni, Azərbaycan Respublikasının həmin dövrdəki prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanı əsasında, Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilməsi yolu ilə yaradılmışdır və beləliklə də Konsern Nazirliyin hüquqi varisi olaraq, Nazirliyin avtomobil nəqliyyatı sahəsində funksiyalarını icra edirdi. “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni, prezidentin fərmanına uyğun yaradılan, avtomobil nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və bununla da mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərini icra edən dövlət orqanı idi. “Azəravtonəqliyyat” X2 müddəalarını “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin müddəaları ilə müqayisə edərək müəyyən etmək olar ki, Konsern mərkəzi icra hakimiyyəti orqanının funksiyalarını və elementlərini özündə ehtiva edir. ... Məhkəmənin digər arqumenti ondan ibarətdir ki, «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi xx.xx.1998-ci il tarixdə (Konsernin fəaliyyətinin davam etdiyi dövrdə) yaradılmışdır, 10 iyun 2003-cü il tarixdə "Azəravtonəqliyyat" Dövlət Konserni ləğv edilərkən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə Konsernin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaradılması tapşırılmışdır. Belə olan halda, Konsern ləğv edilərkən onun fəaliyyətini tənzimlədiyi sahələrin fəaliyyətini müvafiq hüquqi şəxslərin tənzimləməsi nəzərdə tutulmuşdur» bununla bağlı qeyd edilməlidir ki, Nəqliyyat Nazirliyi 1998-ci ildə yəni Konsernin fəaliyyətinin davam etdiyi dövrdə yaradılsada, Nazirliyin Əsasnaməsi yalnız 2003-cü ildə, Konsern ləğv edildikdən sonra təsdiq edilmiş və qeyd edilən vaxtadək həmin Nazirliyin funksiyalarını “Azəravtonəqliyyat” Dövlət Konserni yerinə yetirmiş, iddiaçı isə, Nəqliyyat Naziri təyin olunmadığına görə, faktiki olaraq nazirin funksiyalarını icra edirdi. Həmin Nazirlik məhz Dövlət Konserninin əsasında yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 104 nömrəli Qərarının 4-cü hissəsinə əsasən, "Azəravtonəqliyyat" Dövlət Konserninə verilən səlahiyyətlər Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə şamil edilmişdir. O ki qaldı, Məhkəmənin “Konsernin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslərin yaradılması və belə olan halda, Konsern ləğv edilərkən onun fəaliyyətini tənzimlədiyi sahələrin fəaliyyətini müvafiq hüquqi şəxslərin tənzimləməsi” yəni Nəqliyyat Nazirliyi yox digər hüquqi şəxslərə həvalə edilməsi qənaətinə, bununla bağlı qeyd edilməlidir ki, yuxarıda sözügedən “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 10-cu bəndinə əsasən, Orqanın mərkəzi aparatı və onun strukturuna daxil olan qurumlar (dövlət agentlikləri, dövlət xidmətləri, yerli bölmələr və sair) və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Yəni, mərkəzi icra hakimiyyəti oraqnının tabeliyində olan hüquqi şəxslər, orqanın vahid sistemini təşkil edir və konsernin funksiyalarını birbaşa Nazirliyə yox, onun tabeliyində yaradılan hüquqişəxslərə verilməsi, Nazirliyə verilməməsi anlamına gəlmir. Məhkəmənin “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni ilə eyni dövrdə yaradılmış – "xxxx" Dövlət Konserni və dövlət siyasətinin həyata keçirilməsini təmin etmək vəzifəsi nəzərdə tutulmuş müxtəlif publik hüquqişəxslər (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ,Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi PHŞ və s.) ilə müqayisəsi ilə bağlı qeyd edilməlidir ki, "xxxx" Dövlət Konserni Nazirliyin çevrilməsi yolu ilə yaranmayıb və ya onun səlahiyyətləri Nazirliyə verilməyib, hər hansı siyasəti həyata keçirmir, hal hazırda da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir və əsas funksiyalarımilliaviadaşıma ilə bağlıdır. Publik hüquqi şəxslərə gəldikdə isə, 1992-ci – 2003-cü illərdə belə növ hüquqi şəxlər mövcud deyildilər və hazırda publik hüquqi şəxslərin fəaliyyəti ayrıca qanunla tənzimlənir, onun anlayışı verilir və qanunda həmin şəxslərin dövlət siyasətinin müəyyən edilməsi nəzərdə tutulmayıb. Bununla bağlı Məhkəmə nəzərə almalıdır ki, qanunvericilikdə verilən anlayışlar, hüquq münasibətləri yaranan dövrün tələblərinə uyğun olaraq tətbiq edilməlidir. Hazırki iş üzrə hüquq münasibətlər yaranan dövrdə publik hüquqi şəxslər anlayışı və belə bir təşkilatlar mövcud deyildi, ona görə də konsern və publik hüquqi şəxslər arasında Məhkəmə tərəfindən analogiyanın tətbiqi uğursuzdur. Nazirliyin Konsernə çevrilməsinin yeganə səbəbi, dövlət budcəsinə qənaət etmək idi və Nazirliyin özü özünü maliyyələşdirilməsi üçün həmin dövrdə, hazırki dövrdən fərqli olaraq, başqa qanuni və institusional mexanizmlərin və imkanların olmamasısəbəbi ilə, nazirlik konsernə çevrilmişdir. Yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, İddiaçı 1996-cı ildən 2003-cü ilədək faktiki olaraq avtomobil nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanın rəhbərinin funksiyalarını həyata keçirmişdir...» Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətin əsassız olması səbəbi ilə təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsində iş müddətilə bağlı Siyahıda dövlət konserni və dövlət konsernində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanının 1 -ci hissəsinə əsasən Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyi “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninə çevrilmişdir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı müəssisələrinin (təşkilatlarının) təsis konfransı şurasının Qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” Azərbaycan X2 2-ci hissəsinə əsasən Konsern müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş və fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. ...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri isə iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan 15 il dövlət qulluğu stajının olmadığını, həmçinin onun Konsern direktoru vəzifəsində işlədiyi dövrün isə dövlət qulluğu stajına aid edilmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Konkret halda, iddiaçı mübahisələndirir ki, vaxıtilə, xx.xx.1996-xx.xx.2003-cü illlərdə, Azərbaycan Respublikasının Prezidentinin 399 №-li 27 avqust 1996-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyininin çevrilmə yolu ilə yaradılmış “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin Prezidenti vəzifəsində çalışmış, faktiki olaraq nazir funksiyalarını icra etmiş, dövlət əhəmiyyətli Sazişlər imzalamışdır. Odur ki, həmin dövr onun dövlət qulluğu stajı kimi nəzərə alınaraq ona dövlət qulluqçusu pensiyası təyin olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. “Dövllət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunan anlayışlarına görə: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı kimi – töfsifləri verilmişdir. Qeyd olunan anlayışlar nəzərə alınmaqla, dövlət qulluqçusunun mənasına vardıqda, bu statusa malik olmaq üçün şəxsin - dövlətin məqsədini və funksiyalarını həyata keçirən və qanunla müəyyən edilən hallarda büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən dövlət orqanında çalışıb dövlət məvacibi alan, inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olması gərəklidir ki, onun dövlət qulluqçusu kimi qiymətləndirilməsi mümkün olsun. Burada, xüsusilə nəzərə çarpan hal ondan ibarətdir ki, dövlət qulluqçusu ilk növbədə dövlət düdcəsindən maliyyələşən və dövlət orqanından məvacib alan bir şəxs olmalıdır. Qeyd olunmalıdır ki, şəxsin çalışdığı qurumun inzibati orqan statusuna malik olması, heç də onun dövlət orqanında çalışması anlamını vermir. Çünki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinin tələbinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər sayılır. Konkret halda da, iddiaçı Prezidenti olduğu, “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni “inzibati akt qəbul etmək səlahiyyətinə malik olan bir, hüquqi şəxs meyarlarına uyğun gəlmiş olsa belə, həmin Konsern dövlət büdcəsindən maliyyələşməyən, təsərəfat hesablı bir qürüm kimi fəaliyyət göstərmişdir. olmuşdur. Belə ki, işə əlavə olunmuş “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin Nizamnaməsinə əsasən:
1. “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserni, bundan sonra “Dövlət Konserni” adlanacaq, Konsernə könüllü olaraq təsisçi kimi daxil olan, bundan sonra “Dövlət Konserninin iştirakçıları adlanacaq, avtomobil nəqliyyatı birliklərinin, müəssisə və təşkilatlarının təsis konfransının qərarı əsasında, Azərbaycan Respublikası Avtomobil | Nəqliyyatı Nazirliyinin bazasında yaradılmışdır və dövlət əmlakının mülkiyyətçisi məsələlərində onun hüquqi varisidir.
2. Konsern öz fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirməklə müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərir.. ...;
6. Dövlət, onun orqanları və təşkilatları Dövlət Konserninin öhdəliklərinə görə məsuliyyət daşımır, eynilə X8in, onun orqanlarının və təşkilatlarının öhdəliklərinə görə cavabdeh deyil. X8 Konserninin iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. ...;
13. Dövlət Konserninin ali idarəetmə orqanı X4, Şuraya təsisçilərdən və vəzifə üzrə bir nümayəndə - prezident və vitse-prezidentlər daxildir. 14. Dövlət Konserninin prezidenti və vitse-prezidentinin vəzifə maaşlarının təsdiq edilməsi X9 tərəfindən həll edilir. Göründüyü kimi, iddiaçı təsərrüfat hesabı prinsipi əsasında öz fəaliyyətini həyata keçirən bir müstəqil istehsalat-təsərrüfat kompleksinin rəhbəri olmuş, demək, elə həmin qurumdan da vəzifə maaşı almışdır. İddiaçının təəbirincə, keçmiş SSRİ dövründə fəaliyyət göstərən təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən bütün iri müəssisə və istehsalat birlikləririnin dövlət tərəfindən təyin edilən rəhbərləri dövlət qulluqçuları hesb edilməlidirlər. Məhkəmə kolegiyası hesab edir ki, bu anlam əsla qəbul edilməzdir. Ən azından, ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır ki, burada da 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsi adının adıçəkilən Siyahıda dövlət konserni və dövlət konsernində mövcud olmuş vəzifələr sırasında nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, iş üzrə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9-3/2-1917/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda ifadə olunan rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli 559 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyi “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninə çevrilmişdir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı müəssisələrinin (təşkilatlarının) təsis konfransı şurasının Qərarı ilə təsdiq edilmiş “Azəravtonəqliyyat” Azərbaycan X2 2-ci hissəsinə əsasən Konsern müstəqil istehsalat-təsərrüfat kompleksi kimi fəaliyyət göstərmiş və fəaliyyətini təsərrüfat hesabı prinsipi əsasında həyata keçirmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1996-2003-cü illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin prezidenti vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Beləliklə də, qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsində işlədiyi müddət (6 il 10 ay) onun dövlət qulluğu stajı kimi nəzərə alına bilməz. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Odur ki, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarında müvafiq maddi hüquq normaların tətbiq edilmədiyini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallara düzgün qiymət vermədiyini, əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.