Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-259/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2516/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək B seriyalı, 168233 nömrəli diplom blankının hüquqi əsası olan kimi tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2516/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2516/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinixahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı Məhkəməyə ərizə göndərərək iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati prosessual məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası ərizəni təmin etməmişdir. Cavabdehin nümayəndəsi izhaat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş - Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialı tərəfindən verilmiş B seriyalı 168233 saylı (qeydiyyat nömrəsi 2/1602) tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 19 mart 2009-cu il tarixli qərarı ilə İddiaçı maarif ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Müəllimlər İnstitutu Gəncə Filialı tərəfindən verilmiş B seriyalı 168233 saylı (qeydiyyat nömrəsi 2/1602) diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı təhsil aldığı müddətdə keçirilən fənnlər, kurs işi, pedaqoji təcrübə və döblət imtahanlarından məqbul, yaxşı qiymətlər almışdır. - X2 diplomun tanınması ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 19 aprel 2019-cu il tarixli, Ş-5402 saylı müraciətə cavab olaraq inzibati orqan 25 aprel 2019-cu il tarixli, Ş-5402/31-24 saylı məktubla bildirmişdir ki, onun adına yazılmış B seriyalı 168233 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər birvətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 21.1-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrıayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Həmin Qanunun 26.1-ci maddəsinə görə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.1-1-ci maddəsinə görə orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 8-ci maddəsinə görə təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Həmin Qanunun 11-ci maddəsinə görə təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşəixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında» Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi: - (8.5-ci bənd) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir; - (8.26-cı bənd) mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müəssisəyə qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi müsabiqə (imtahan) yolu və başqa təhsil müəssisəsindən köçürmə ilə qəbul olunmasını təsdiqləyən sübut məhkəmə icraatınada təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təhsil müəssisələrinə dövlət nümunəli diplom blanklarını oraya qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul olmuş və ya köçürülmüş və təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə verə bilər. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən ünvanlanmış 23 sentyabr 2019-cu il tarixli, 05-26/640 saylı məktubdan görünür ki, İddiaçı adına yazılmış diplomun təsdiqi ilə bağlı müraciəti əsasında daha öncə ADPUda müvafiq araşdırma aparılmış və adıçəkilən şəxsin adının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) “Diplom verilməsi barədə" 13.04.2009-cu il tarixli 02/38 nömrəli əmrində institutun Gəncə filialı üzrə məzunlarının siyahısında aşkar edilmədiyi, həmçinin AMİ-nin diplomların verilməsinin 2009-cu il üzrə qeydiyyatı kitabında B seriyalı 168233 nömrəli (qeydiyyat nömrəsi - 2/1602) diplomun qeydə alınmadığı müəyyən edilmiş və İddiaçı bu barədə cavab verilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı adı AMİ-nin Gəncə filialının direktoru tərəfindən imzalanmış “Diplom verilməsi barədə” 30.04.2009-cu il tarixli 39/1- Ə nömrəli əmrdə yer almışdır. Lakin yuxarıda göstərilənləri, həmçinin əmrdə adları qeyd edilən şəxslərin heç birinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı DİM) keçirdiyi qəbul imtahanlarında iştirak etmədiyini nəzərə alaraq, həmin əmrin hər hansı hüquqi əsasının olmadığını söyləmək mümkündür. Əlavə olaraq qeyd edir ki, bu qəbildən olan işlərlə bağlı o zaman AMİ Gəncə filialının direktoru vəzifəsində işləmiş Ramiz Məmmədova qarşı cinayət işi açılmış, həmçinin filialda ayrı-ayrı şəxslərə verilmiş diplomların tanınmaması barədə ADPU-ya 30-a yaxın məhkəmə qətnaməsi daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti isə təmin olunmamalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2516/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2516/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Valeh Ağayev Hakimlər imzalar: Afaq Nuriyeva Cahangir Yusifov Əsli ilə düzdür: Hakim Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-259/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-259/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver