Məhkəmə qərarları › İş №2-1(103)-259/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-259/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-259/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ona 52 yaşdan, yəni pensiya hüququnun yarandığı 03.10.2013-cü ildən pensiya təyin edilməsi və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən geriyə 3 ilin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan, yəni pensiya hüququnun yarandığı 03.10.2013-cü ildən pensiya təyin edilməsi və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən geriyə 3 ilin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-479/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il tarixdə Rusiya Federasiyasının Dyatkovo şəhərində anadan olmuşdur. İddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 12.10.1977-ci il tarixdən 14.06.1979-cu il tarixədək “Arzu” tikiş sexində paltar dərzi ustası, 16.10.1980-ci il tarixdən 22.07.1991-ci il tarixədək X1 Kommutator sexində 2-ci və 3- cü dərəcəli telefonçu, 16.04.1992-ci il tarixdən 10.02.1994-cü il tarixədək “Rziobitprom” Ticarət İstehsal Birliyində xadimə vəzifəsində, 02.03.1994-cü il tarixdən 05.03.1999-cu il tarixədək “Rəşad-92” kiçik müəssisəsində anbar müdiri vəzifəsində, 03.01.2005-ci il tarixdən 01.05.2014-cü il tarixədək X7 İdarəsində müxtəlif vəzifələrdə, 02.06.2014-cü il tarixdən 01.09.2014-cü il tarixədək “xxxx” MMC-də çayçı vəzifəsində, 01.10.2014-cü il tarixdən 03.06.2019-cu il tarixədək “Caspian Wireline Services” LTD şirkətində xadimə vəzifəsində, 03.06.2019-cu il tarixdən X7 İdarəsində texnik-operator vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş MA-166 saylı, 15.05.2019-cu il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən Hüseynova (Abişeva) Esmira Məmmədovna 16.10.1980-ci il tarixdən (17.10.1980-ci il tarixli, kş/85 “a” №li əmr) Bakı Şəhərlərarası Telefon Stansiyasının kommutator sexinə 3-cü dərəcəli telefonçu vəzifəsinə işə qəbul olunmuşdur. 11.06.1981-ci il tarixdən (22.06.1981-ci il tarixli, kş/40 №li əmr) xətt xidmətinə 3-cü dərəcəli telefonçu vəzifəsinə təsdiq edilmişdir. 22.07.1991-ci il tarixdən (20.06.1991-ci il tarixli, kş/86 №li əmr) öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olmasına istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********3 saylı 26 iyul 2019-cu il tarixl imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun 16.10.1980-22.07.1991-ci il tarixləri arasındakı dövr ərzində Bakı Şəhərlərarası Telefon Stansiyasında əmək fəaliyyəti ilə məşğul olduğu telefonçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni pensiya hüququnun yarandığı 03.10.2013-cü ildən pensiya təyin edilməsi və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən geriyə 3 ilin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı qüvvəyə minənə qədər onun artıq 10 il xüsusi zərərli və ağır olan və 20 ildən çox ümumi sığorta stajı var idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı Qərarı qüvvəyə minənə qədər “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qüvvədə idi. Həmin qərarın 2 nömrəli siyahısında göstərilən “XXİX Rabitə” bəndinin 23100000-19093 nömrəli koduna əsasən “şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu əldə edirlər. Onun əmək stajı, yaşı və zərərli işdə iş stajı əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminat haqqında” Qanun ilə təmzimlənir və həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa” əmək peniyası təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.” Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Lakin göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-479/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmış, qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun işləmiş olduğu peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir. Belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqda” Qanun tətbiq edilə bilməz. İddiaçı ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını da təqdim etməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşdan, yəni pensiya hüququnun yarandığı 03.10.2013-cü ildən pensiya təyin edilməsi və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən geriyə 3 ilin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixə ümumi iş stajı 20 ildən artıq, yəni 20 il 3 ay 04 gün təşkil edir. İddiaçının 01.01.2006-cı il tarixə tələb olunan 10 il xüsusi stajı ilə bağlı isə qeyd olunur ki, onun 16.10.1980-ci il tarixdən 22.07.1991-ci il tarixədək olan dövrdə telefonçu vəzifəsində işlədiyi dövr 10 ildən artıq, yəni 10 il 09 ay 06 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1-2-17/85-20 saylı 10.01.2020-ci il tarixli məktubundan görünür ki, Hüseynova (Abişeva) Esmira Məmmədovnanın Bakı Şəhərlərarası Telefon Stansiyasının kommutator sexində çalışdığı telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısının (2 nömrəli əlavə) XXİX. Rabitə bölməsinin 23100000- 19093 şifrəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən vəzifələrə uyğundur. Göründüyü kimi, iddiaçının 16.10.1980-ci il tarixdən 22.07.1991-ci il tarixədək olan dövrdə Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XXİX. Rabitə bölməsinin 23100000- 19093 bəndində şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları vəzifəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçıya 52 yaşının tamam olduğu 03.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının təyin edilmiş pensiyanın cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən geriyə 3 ilin ödənilməsi ilə bağlı tələbinə münasibətdə də hesab edir ki, həmin tələb də əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiyasının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində 3 il əvvəlki dövrün məhz hansı dövr olmasını dəqiq göstərməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə cavabdeh inzibati orqana 30.05.2019-cu il tarixdə müraciət etmişdir. Bu fakt iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqanın verdiyi 26.07.2019cu il tarixli imtina məktubu ilə də təsdiq olunur. Belə olan halda iddiaçıya pensiyanın ödənilməsi onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən 3 il əvvəlki, yəni 30.05.2016-cı ildən 30.05.2019-cu ilədək olan dövr üzrə həyata keçirilməlidir. Bu halın məhkəmə qərarının nəticə hissəsində dəqiq göstərilməməsi isə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-479/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı İddiaçı 52 yaşının tamam olduğu 03.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməli olduğu 3 il əvvəlki dövr 30.05.2016-cı ildən 30.05.2019-cu ilədək olan dövr hesab edilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-479/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı İddiaçı 52 yaşının tamam olduğu 03.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməli olduğu 3 il əvvəlki dövr 30.05.2016-cı ildən 30.05.2019-cu ilədək olan dövr hesab edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar