Məhkəmə qərarları › İş №2-1(103)-259/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-259/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-259/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun zərərli istehsalat sahəsində işləməyilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququnun yarandığı gündən, yəni 21.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.01.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 21 may 1976-cı il tarixdən 19 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01.09.1978-ci il tarixdən 17.04.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil almışdır. 23.04.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 19.05.1998-ci il tarixdə "Azneftyağ" X12 işə qəbul edilmişdir. 17.06.2015ci il tarixdən halhazıradək X13 X10 işləyir. 16.05.2007ci il tarixdən süzücü-tökücü (doldurucu) işinə keçirilmişdir. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə 15.01.2021-ci il tarixdə cavabdeh tərəfindən imtina edilmişdir və verilmiş cavabda onun əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlətdikləri neft məhsullarının tərkibinin etil və kükürdlü olmaması və bu səbəbdən də bu peşənin zərərli hesab edilməməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericilik baxımından mümkün hesab edilməməsi göstərilmişdir. Bu, tamamilə əsassızdır, belə ki, onun işlədiyi sahənin zərərli istehsalat sahəsi olması və qanunvercilikdə də belə hallarda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. X13 X14 tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli arxiv arayışında da onun qeyd edilən illərdə zərərli iş şəraitində işləməyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında İddiaçı 16.05.2007- 05.06.2007-ci illər və 24.01.2008-ci il tarixindən bugünədək “Azərneftyağ” X10 süzücü-tökücü (doldurucu) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki 24.01.2008-17.05.2015-ci il tarixlər arasındakı dövr ərzində iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun 53 və 54 nömrəli sexlərdə süzücüqablaşdırıcı vəzifəsində neft məhsulu kimi yağların (T-115) avtositernalara doldurulması ilə məşğul olduğu müəyyən olmuşdur. Neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələr zərərli hesab edilir. Lakin əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlətdiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Qeyd edilən faktlar “X13 X14” tərəfindən 17 dekabr 2020-ci il tarixli Akt ilə (aktın surəti şikayətə əlavə edilir) təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifəyə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - 31.08.1988-ci il tarixli “Familiyanın, adın, ata adının dəyişilməsi haqqında” şəhadətnamənin surətinə əsasən X4 adını Kamal adına dəyişdirmiş, bu barədə familiyanın, adın, ata adının dəyişilməsi haqqında akt qeydləri kitabında 31.08.1988-ci il tarixdə 39 nömrəsi ilə qeyd edilmişdir. - ГЛ 091562 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 21.05.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, 12.05.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - ИТ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 03.01.1974-cü ildə Azərbaycan SSRİ-nin 50 illiyi adına sovxoza fəhlə qəbul edilmiş, 17.05.1976-cı ildə həmin vəzifədən azad edilmişdir. 23.04.1979-cu ildə tornaçı vəzifəsinə qəbul edilmiş, 01.06.1990cı ildə işdən azad edilmişdir. 01.06.1990-cı ildə Sərdarov adına maşınqayırma zavoduna tornaçı vəzifəsinə qəbul edilmiş, 01.02.1993-cü ildə 5-ci dərəcəli tornaçı vəzifəsinə qəbul edilmiş, 24.08.1993-cü ildə işdən azad edilmişdir. 25.08.1993-cü ildə Azərnəqliyyattikinti Dövlət İdarəsi anbara yükləyici vəzifəsinə təyin olunmuş, 23.09.1993-cü ildə işdən azad edilmişdir. 27.09.1993-cü ildə Bakı Poladtökmə zavoduna 5 nömrəli sahəyə beşinci dərəcəli tornaçı işinə qəbul edilmiş, 01.09.1995-ci ildə işdən azad edilmişdir. 04.09.1995-ci ildə 1 nömrəli Tikintiqurşadırma İdarəsinə 4-cü dərəcə çilingər peşəsinə qəbul edilmiş, 06.07.1996-cı ildə işdən azad edilmişdir. 08.07.1996-cı ildə 2 nömrəli Bakı Tikintiquraşdırma İdarəsinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, 30.09.1996-cı ildə işdən azad edilmişdir. 10.10.1996-cı ildə Kənd Təsərrüfatı Nazirliyi Əsaslı Baş Tikinti İdarəsinin Quraşdırma Sazlama İdarəsinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, 14.02.1997-ci ildə işdən azad edilmişdir. 17.02.1997-ci ildə Maye Qaz üzrə X2 Təmir- Tikinti Sahəsi 3-cü dərəcəli çilingər/santexnik işinə qəbul edilmiş, 16.12.1997-ci ildə işdən azad edilmişdir. 05.01.1998-ci ildə X1 Təmir-Tikinti Sahəsinə 3-cü dərəcəli çilingər/santexnik işinə qəbul edilmiş, 12.05.1998-ci ildə işdən azad edilmişdir. 19.05.1998ci ildə yanacaqdoldurma stansiyasına 3-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, 16.05.2007-ci ildə zavodun 53 nömrəli sexinin avtosisternlərinin doldurulması sahəsinə süzücü-qablaşdırıcı peşəsinə təyin olunmuş, 05.06.2007-ci ildə həmin sexdə gözətçi peşəsinə təyin olunmuş, 24.01.2008-ci ildə zavodun 54 saylı sexinin doldurucu estakadasında 3-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 17.06.2015-ci ildə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 nömrəli sahənin neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsinə 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 01.04.2016-cı ildə neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 nömrəli sahənin neft məhsullarının dəmiryol yüklənməsi estakadasının 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsində sayılmış, 13.01.2017-ci il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 nömrəli istehsalatın 4 nömrəli əmtəə parkına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 01.11.2017-ci ildə neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 nömrəli sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 28.11.2017-ci ildən 19 nömrəli texnoloji sahənin 103 saylı qurğusuna (yağların, turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranın regenerasiyası 4-cü dərəcəli texnoloji qurğuların operatoru peşəsinə keçirilmiş, 12.12.2017-ci ildə neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 nömrəli sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, hal-hazıradək həmin vəzifədə işləyir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 00- 25-127/12 nömrəli, 12.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı (əvvəlki adı Fərəməz) Qəzənfər oğlunun peşə təhsili müəssisəsində təhsil alması ilə bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanlanan müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, İddiaçı həqiqətən 01.09.1978-ci il tarixində 31 №-li Texniki Peşə Məktəbinin “Tornaçı” ixtisası üzrə əyani olaraq təhsil almış, 20.04.1979-cu ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. - SOCAR-ın 28 yanvar 2020-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı müvafiq olaraq: 1)19.05.1998-ci ildən (işə qəbul əmri 98/şh. 19.05.1998-ci il) 16.05.2007-ci ilədək "Azərneftyağ” İstehsalat Birliyinin yanacaq doldurma stansiyasında əməliyyatçı peşəsində işləmişdir. 2)16.05.2007-ci ildən (işə qəbul əmri 424/k. 16.05.2007-ci il) 05.06.2007-ci ilədək “Azərneftyağ” X11 53 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin avtosisternilərin doldurucu sahəsində süzücü-qablaşdırıcı peşəsində işləmişdir. 3)05.06.2007-ci ildən (işə qəbul əmri 492/k. 05.06.2007-ci il) 24.01.2008-ci ilədək “Azərneftyağ” X11 53 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin 14 və 26 saylı rezervuar sahəsində gözətçi peşəsində işləmişdir. 4)24.01.2008-ci ildən (işə qəbul əmri 50/k. 24.01.2008-ci il) 17.06.2015-ci ilədək “Azərneftyağ” X11 54 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin doldurucu estakadasında süzücü-tökücü peşəsində işləmişdir. 5)17.06.2015-ci il tarixli SOCAR/15-1700/8-04-001719 saylı əmrlə Azərbaycan Respublikasının ƏM-nin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 saylı sahənin neft məhsullarının dəmiryol yükləməsi üzrə xidmət sahəsinə süzücü-tökücü doldurucu peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, Qərar № 12 "Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. - SOCAR-ın X13 X11 20 fevral 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 19.05.1998-ci ildən 16.06.2015-ci ilədək “Azərneftyağ” X10, 17.06.2015-ci ildən indiyədək X13 X10 işləyir. 17.06.2015-ci ildən (köçürülmə barədə SOCAR/15-1700/08-04-00170019 424k saylı 17.06.2015-ci il tarixli əmr) indiyədək neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 N-li sahənin neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsində, neft məhsullarının yüklənmə estakadasında hazır məhsulun doldurub-boşaldılmasında məşğul olan süzücüqablaşdırıcı, süzücü-tökücü (doldurucu), əmtəə benzinləri üzrə 7 N-li istehsalatın 4 N-li əmtəə parkında neft məhsulları üçün qablar parkına xidmət üzrə əmtəə operatoru, 19 N-li texnoloji sahənin 103 saylı qurğusunda (yağların turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranin regenerasiyası) texnoloji qurğuların operatoru və halhazıradək neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 N-li sahənin neft məhsullarının yüklənməsi estakadasında hazır məhsulun doldurub-boşaldılmasında məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 04 il, 08 ay, 02 gün təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********3 nömrəli, 05.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23542,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29989,36 manat olmaqla cəmi pensiya kapitalı 53532,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 30 il 10 ay 22 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 23542.88 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 29989,36 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 30.400,00 manat məbləğində hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 15.01.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri yarımbəndində (10.5.1); xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçanızda sizin 16.05.2007-05.06.2007-ci illər və 24.01.2008-ci il tarixindən bugünədək “Azərneftyağ” X10 süzücü-tökücü (doldurucu) vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki 24.01.2008-17.05.2015-ci il tarixlər arasındakı dövr ərzində iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sizin 53 və 54 nömrəli sexlərdə süzücüqablaşdırıcı vəzifəsində neft məhsulu kimi yağların (T-115) avtositernalara doldurulması ilə məşğul olduğunuz müəyyən olmuşdur. Neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilir. Lakin əmək fəaliyyəti ilə məşğul olduğunuz iş zamanı işlətdiyiniz neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Qeyd edilən faktlar “X13 X14” tərəfindən 17 dekabr 2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifəyə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 21.1-ci maddələrini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.1, 3.1.2, 3.2.1, 3.2.2ci maddələrini, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsini, həmin Qanunun 67-ci maddəsinin “v” və “ğ” bəndlərini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı hüququnun yarandığı gündən, yəni 21.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normanın tələbinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün o, 60 yaş həddinə çatmalı, 25 il sığorta stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan verməlidir. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, 60 yaşını 03.01.2017-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qeyd olunan normaların məzmununa əsasən müəyyən olunur ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən o, ümumilikdə 45 ildən çox sığorta stajı toplamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarında olan SOCAR-ın X13 X14 tərəfindən SOCAR**********80020123X00039 nömrəli, 18.03.2021-ci il tarixli məktubu ilə xx.xx.1957ci il təvəllüdlü vətəndaş İddiaçı 19982015-ci illər üzrə “Azərneftyağ” X10 işləməsini təsdiq edən güzəştli iş stajı barədə arxiv arayışı təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş SOCAR**********80020123X00040 nömrəli, 18.03.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, arayış verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ona görə ki, o, aşağıda göstərilən dövrlərdə, qeyd olunan zərərli peşə və vəzifələrdə çalışmışdır: 1) 19.05.1998-16.05.2007 (Əmr 98/şh, 19.05.1998) - “Azərneftyağ” İstehsalat Birliyinin yanacaq doldurma stansiyasında əməliyyatçı; 2) 16.05.2007-05.06.2007 (Əmr 424/k, 16.05.2007) - “Azərneftyağ” NEZ-da 53 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin avtosisternlərin doldurulması sahəsində süzücü-qablaşdırıcı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 №li Qərarı; 3) 05.06.2007-24.01.2008 (Əmr 492/k, 05.06.2007) - “Azərneftyağ” NEZ-da 53 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin 14 və 26 saylı rezervuar sahəsində gözətçi; 4) 24.01.2008-17.06.2015 (Əmr 50/k, 24.01.2008) - “Azərneftyağ” NEZ-da 54 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin doldurucu estakadasında süzücü tökücü (doldurucu). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 №-li Qərarı. Qeyd: ƏMR SOCAR/15-1700/8-04-001719 17.06.2015-ci ildə Azərbaycan Respublikası ƏM-nin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 №-li sahənin neft məhsullarının dəmiryol yükləməsi üzrə xidmət sahəsinə süzücü-tökücü doldurucu peşəsinə keçirilib. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın X13 X14 tərəfindən SOCAR**********30490075X00133 nömrəli, 09.06.2021ci il tarixli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayış təqdim edilmişdir: 1) 16.05.2007-05.06.2007 (Əmr № 424/k, 16.05.2007) - 53 N-li (NMQ və G) sex, avtosisternlərin doldurulması sahəsi, süzücü-qablaşdırıcı; 2) 24.01.2008-18.03.2014 (Əmr № 50k, 24.01.2008) - 54 N-li sex, doldurucu estakadası, süzücü-tökücü (doldurucu); 3) 18.03.2014-17.06.2015 (Əmr № 63-i, 02.04.2014) - 54 N-li sahə, doldurucu estakadası, süzücü-tökücü (doldurucu); 4) 17.06.2015-01.04.2016 (Əmr № Socar/15-1700/8-04-001719, 17.06.2015) - 11 Nli sahə, neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsi, süzücü-tökücü (doldurucu); 5) 01.04.2016-13.01.2017 (Əmr SOCAR**********70010020A00105, 17.06.2015) 11 N-li sahə, neft məhsullarının dəmiryol yüklənməsi estakadası, süzücütökücü (doldurucu); 6) 13.01.2017-01.11.2017 (Əmr SOCAR**********70010020B00036, 13.01.2017) 7 Nli istehsalat, 4 N-li əmtəə parkı, süzücü-tökücü (doldurucu); 7) 01.11.2017-28.11.2017 (Əmr SOCAR**********70010020B00857, 01.11.2017) - 10 N-li sahə, neft məhsullarının yüklənməsi estakadası, süzücü-tökücü (doldurucu); 8) 28.11.2017-12.12.2017 (Əmr SOCAR**********0010020B00903, 28.11.2017) - 19 N-li sahə, 103 saylı qurğu (yağların turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranın regenerasiyası) texnoloji qurğuların operatoru; 9) 12.12.2017-hal-hazıradək (Əmr SOCAR**********70010020B00992, 12.12.2017) 10 N-li sahə, neft məhsullarının yüklənməsi estakadası, süzücü-tökücü (doldurucu). Adı çəkilən vəzifələr üzrə zərərli iş səraitinin müəyyən edilməsinə əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5-ci bəndi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın doldurub-boşaldılması, qablaşdırılması ilə məşğul olan fəhlələr X13 X10 mövcud ştat cədvəlində olan süzücütökücü (doldurucu) peşəsi ilə eynilik təşkil edir. Həmin məktubla əlavə edilmiş arayışda göstərilmişdir ki, İddiaçı zavod tərəfindən verilmiş arayışda qeyd olunduğu kimi sahələrdə əmək funksiyasını yerinə yetirdiyi peşələrin süzücü-tökücü (doldurucu) peşəsinin işinin icrasının izahını açıqlanmış şəkildə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabça”sında qeyd olunduğu kimi: Neft məhsullarının qəbulu və yüklənməsi sahəsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın qaz doldurma estakadasında və hazır neft məhsulunun doldurub-boşaldılması ilə məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyən müddətdə aşağıdakı funksiyaları həyata keçirir: Benzin, kerosin, asfalt-bitum yağlarının, turbin yağlarının (T- 46), transformator yağlarının (T-1500), kənd təsərrüfatı üçün mühərrik yağlarının (TK-15), Asidol və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emusiyasının, piyli spirtlərin, heksaxlorun, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların parohitpoxlorbenzolun, dihitroxlorbenzolun müxtəlif anbarlara qəbulu; məhsulun avtomatik və yanmavtomat maşınlardan müxtəlif taraya süzülməsini; vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi; süzücü şlanqların ağzına keçirilməsi; sürgülərin açılması və bağlanması, vaqon-çənlərinin məhsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən, doldurulan və yola salınan neft məhsulların uçotunu aparır. Uyğunluğa gəldikdə isə bu süzücü-tökücü (doldurucu) peşəsi əmtəə operatoru peşəsi ilə yaxın təmasda olan peşədir. Beləliklə, iddiaçının 16.05.2007-05.06.2007-ci il və 24.01.2008-ci ildən hal-hazırkı dövrədək işlədiyi süzücü-tökücü (doldurucu) peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq göstərilməsə də həmin vəzifələrin əmək funksiyaları adıçəkilən Siyahının 10.5-ci bəndində Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi: xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etdiyindən zərərli iş kimi qəbul olunmalıdır. Həmçinin, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 30.400,00 manat məbləğində hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23.542,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29.989,36 manat olmaqla cəmi pensiya kapitalı 53.532,24 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı qanunla tələb olunan ümumi sığorta stajı və yaş həddini daha əvvəl tamamlamış olsa da, qanunla tələb olunan 12 il 06 ay zərərli iş stajını 21.06.2020-ci il tarixdə tamamlandığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da həmin tarixdən yaranmış hesab olunur. Beləliklə, iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərtlər (60 yaşına çatmaq, azı 25 il sığorta stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmaq və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi) 21.06.2020-ci ildə tamamlandığından onun həmin tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar