Məhkəmə qərarları › İş №2-1(103)-2590/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2590/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2590/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 saylı 04 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəlldülüdür. NZ seriyalı 29144884 saylı xx.xx.1975 il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Kürdəmir "xxxx" müəssisəsinin yük parkında “Qaz 53” markalı avtomaşına sürücü təyin edilmiş, xx.xx.1988-ci il tarixdə yük parkından yüngül minik markalı avtomaşınına sürücü keçirilmiş, xx.xx.1993-cü il tarixdə müəssisədə idarə rəhbərinin xidməti maşınına sürücü keçirilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından **********4 saylı xx.xx.2021-ci il tarixli məktubla imtina olunmuşdur. Belə ki, həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 46 saylı aktına əsasən Kürdəmir rayon "xxxx" ASC-nin şəxsi heyətə dair sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Onun xx.xx.1979-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti ilə məşğul olması faktını araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən sosial sığorta stajı təsdiqlənmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək X1 işləməsi barədə arxiv sənədlərinin olmaması səbəbi ilə ona pensiya təyin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 02 il 01 aydır. Mübahisəli sosial sığorta stajı isə 26 il 03 ay 17 gündür. ******* nömrəli xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1979- cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtonəqliyyat müəssisəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, AR Milli Arxiv İdarəsinin Kürdəmir rayon Dövlət Arxivinə sorğu göndərilmiş, Kürdəmir rayon Dövlət Arxivinin 104 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən "xxxx" Avtonəqliyyat müəssisəsinin ilkin sənədləri təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 saylı 04 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə tərəfindən sorğu göndərilmiş, cavab məktubuna əsasən “Kürdəmir" Avtonəqliyyat ASC 21.01 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, cavab məktubuna əsasən xx.xx.1998-ci il tarixdə "Kürdəmir” Avtonəqliyyat ASC yaradılmışdır. AR Dövlət Statistika Komitəsinə sorğu göndərilmiş, cavab məktubuna əsasən "xxxx" Avtonəqliyyat ASC xx.xx.1996-cı il tarixdən qeydiyyatdadır. Qeyd olunan normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Göründüyü kimi, həmin müəssisə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən 1979-cu il tarixdən 1999-cu il tarixədək müəssisənin fəaliyyət göstərməsi, məcburi dövlət sosial sığorta haqları ödəməsi (1992-ci ildən sonra) öz təsdiqini tapmamışdır. Beləliklə, təqdim edilmiş sübutlardan aydın olur ki, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Avtonəqliyyat müəssisəsində işləməsi digər sənədlərlə sübuta yetirilmir. "xxxx" Avtonəqliyyat müəssisəsinin xx.xx.1979-cu il tarixdən xx.xx.1999-cu il tarixədək fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Dövlət qeydiyyatından keçməmiş müəssisənin fəaliyyəti qanunsuz hesab edilir. Lakin, məhkəmə İddiaçı dövlət qeydiyyatından keçməmiş fəaliyyət göstərən müəssisədə işləməsini qanunsuz olduğu halda heç bir əsas olmadan əmək stajına daxil etmişdir. Məhkəmə 1979-cu il tarixdən 1999-cu il tarixədək X5 qeydiyyatdan keçmədən fəaliyyət göstərən "xxxx" Avtonəqliyyat müəssisəsində işləməsini əsaslandırmadan qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 17 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az olması, yəni xx.xx.1979-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti ilə məşğul olması faktının araşdırılmasının mümkün olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdə Kürdəmir "xxxx" müəssisəsinin yük parkında “Qaz 53” markalı avtomaşına sürücü təyin edilmiş, xx.xx.1988-ci il tarixdə yük parkından yüngül minik markalı avtomaşınına sürücü keçirilmiş, xx.xx.1993-cü il tarixdə müəssisədə idarə rəhbərinin xidməti maşınına sürücü keçirilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu müddət (1975-1977) də nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən artıq təşkil edir. İddiaçının xx.xx.1979-cu ildən xx.xx.2005-ci ilədək işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1979-2005-ci illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci tarixinədək işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması, bu səbəbdən onun ümumi iş stajının 25 ildən az olması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğularına cavab olaraq cavab olaraq məhkəməyə daxil olmuş Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon "xxxx" ASC (əvvəlki: X3) tərəfindən şəxsi heyyətə dair sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli,1059 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin X3nin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində Kürdəmir”Avtonəqliyyat” ASC (köhnə adı: X3) 17 iyun 1996-cı il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və X2 sistemi yarandıqdan sonra xx.xx.2004-cü il tarixdə ********** nömrəli on rəqəmli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış, bu müddət başa çatdıqdan sonra vergi ödəyicisinin xx.xx.2019cu ildə fəaliyyətinin dayandırılması üçün etdiyi növbəti rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə barədə davamlı olaraq sonrakı sənədlərinin dövlət qeydiyyatı 1996-cı ildən sonrakı dövrə təsadüf etsə də, bu fakt həmin müəssisənin 1979-cu ildən 1996-cı ilədək olan dövrdə də mövcud olması faktını inkar etmir. Belə ki, yuxarıda adı çəkilən sənədlərin məzmunundan, o cümlədən "xxxx" ASC-nin təqdim etdiyi əmək haqqı barədə cədvəllərdən görünür ki, iddiaçı uzun illər- 1979-2005-ci illərdə yalnız bir müəssisədə işləmiş, həmin müəssisənin adı əvvəllər "xxxx" müəssisəsi olsa da, sonradan hüquqi şəxsin təşkilati forması dəyişmiş, ASC olmuş və iddiaçı həmin müəssisədə işlədiyi dövrlərdə əmək haqlarını almışdır ki, bu da həmin müəssisənin qeyd olunan dövrlərdə mövcud olması anlamına gəlir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, sorğuya cavab məktublarının məktublarının və iddiaçının işlədiyi müəssisənin bəzi illər üzrə təqdim olunan illik əmək haqqı cədvəllərinin məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1979-2005-ci illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (1979-2005) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının 1979- 1993-cü illərdən sonrakı işlədiyi dövr, yəni 1993-cü il tarixdən 2005-ci il tarixədək təyin olunmuş əmək haqqı tabeli 2010-cu il tarixdə yağan güclü yağışlar nəticəsində Cəmiyyətin arxiv hissəsini su basdığından həmin sənədlər tələf olmuş, bu səbəbdən də digər əmək haqqı cədvəlini təqdim etmək mümkün olmamışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “ona 65 yaşdın əmək pensiyası təyin olunması” ilə bağlı tələbi əsaslı olduğu üçün onun digər “pensiya hüqüqunun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi” ilə bağlı tələbi də əsaslı olub, təmin olunmalıdır. Kollegiya hesab edir ki, hər iki tələbin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 saylı 04 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2026/2022 saylı 04 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar