Məhkəmə qərarları › İş №2-1(103)-2590/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2590/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2590/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Üçüncü şəxs ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı (ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB və X3 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3856/2022 saylı, 11 may 2022-ci il tarixli qərarına əsasən iddia təmin edilərək “Lexus GS 300” minik markalı, Az **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3856/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3856/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ləğv edilərək LPO QSC Bank Standard KB inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı ““Lexus GS 300” minik markalı, Az **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixdə verdiyi apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi ilə əlaqədar prosessual müddət üzrlü səbəblərdən buraxıldığı üçün, həmin müddətin üzrlü hesab edilərək bərpa edilməsi xahiş olunur. Belə ki, uzun müddətdir ki, iddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından məlumatı olmamış, bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddəti tərəfindən ötürülmüşdür. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizəsini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil izahatında LPO QSC Bank Standard KB-nin iddiasının nəticəsini gözlədiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarı barədə iddiaçıya məlumat vermədiyini bildirib, apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X4 ərizə ilə razılaşmayıb, iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən ötürlmədiyini bildirib, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamaqla qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallarına əlavə olunur. Maddə 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.https://e-qanun.az/framework/46956 Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. https://e-qanun.az/framework/46956Maddə 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən inzibati məhkəmə icraatının iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə 24.1.Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.https://eqanun.az/framework/46956 Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür.https://eqanun.az/framework/46956 Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İş materiallarında olan SX002747855AZ nömrəli “Poçt göndərişlərinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvana, yəni ünvan 1arı xx.xx.2023-cü il tarixdə həmin ünvanda “Abdullayeva N.” adlı şəxs xəbərnaməni şəxsən imzalayaraq qəbul etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə üç il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə nümayəndənin elektron kabinetinə yerləşdirilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı iddiaçının məhkəməyə bildirdiyi ünvan üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilməklə, iddaçının səlahiyyətli etdiyi nümayəndəsinin elektron kabinetinə isə xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə iddiaçının və nümayəndəsinin bu məhkəmə aktı barədə məlumatı olmuş, iddiaçı rəsmi qaydada məhkəmə aktını aldıqdan 9 ay sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, həmin aktdan qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verə bilməməsinin səbəbini Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əsaslandırmış və bu halın üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçının, yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarda olması halı onun məhkəmə aktından qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti vemək imkanını istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi vasitəsi ilə iddia qaldıran iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu halda belə öz nümayəndəsi və vəkilinə onu qane etməyən məhkəmə aktını yuxarı instansiya məhkəməsində mübahisəlndirmək, yəni apellyasiya şikayəti vermək tapşırığını da vermək imkanı olmuşdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikasını nə vaxt, hansı zəruri məqsədlə tərk etməsi və nə vaxt geri qayıtması barədə hər hansı bir sübutunu vəsatətinə əlavə etməmiş, ərizəyə baxıldığı müddətdə də məhkəməyə təqdim etməmiş, səlahiyyətli nümayəndəsi vasitəsi ilə apellyasiya şikayəti vermək hüququndan istifadə etməməsinin səbəbini izah edə bilməmişdir. Ona görə də kollegiya iddiaçının vəsatətində qeyd etdiyi əsası (Azərbaycan Respublikasının hüdudlarından kənarda olması) qanunla müəyyən olunan müddətin buraxılmasının üzrlü səbəbdən baş veməsi və buraxılmış müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. İstinad olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından xx.xx.2023-cü il tarixdə məlumatı olan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən, ərizəyə məhkəmə baxışı zamanı buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi öz təsdiqini tapmadığından iddiaçının apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi əsassız hesab edilərək təmin edilməməli, apellyasiya şikayəti isə qəbul edilməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən, İPM-in 80, 83, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-531/2023 saylı, 02 iyun 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar