Məhkəmə qərarları › İş №2-1(103)-2591/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2591/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2591/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Həmidovun sədrliyi və məruzəsi ilə Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə; İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) çıxarışın verilməsi tələbi barədə iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mübahisə ilə bağlı işin faktiki vəziyyəti: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafi və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Xaşa-Xuna ərazisindəki 321z/25 nömrəli bağın istifadəyə verilməsi haqqında 33742 saylı, 08.12.2004cü il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsi olan 321z/25 №-li bağ İddiaçı istifadəsinə verilmişdir. Mübahisənin predmeti: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qeyd edilən bağ sahəsinə hüquqların dövlət reyestrində onun adına qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İnzibati orqan müraciətdən imtina etmiş və mövqeyini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin sxematik xəritəyə əsasən 321 saylı bağ sahəsinin yerində uyğun gəldiyindən həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmalıdır. Torpaq sahəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda, 321z/325 saylı bağ sahəsinə dair digər fiziki şəxsin – X5 adına Order aşkarlanmışdır. İddia tələbi, cavabdehin etirazı, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli: İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq 08.12.2004-cü il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ massivi Bakı şəhəri İcra Hakimiyyətinin 29 noyabr 2004-cü il tarixli, 276 saylı sərəncamına və X2 və istismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 33742 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən onun istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. Cavabdeh İdarənin onun müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən bağ sahəsinə dair əvvəl hansısa bir şəxsə order verilsə də, həmin şəxs öldüyünə və heç bir vərəsəsi olmadığına görə qeyd edilən bağ sahəsi uzun illər istifadəsiz qalmış və bu səbəbdən həmin bağ sahəsi qanuni surətdə onun istifadəsinə verilmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılarkən X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və 2-1(112)-781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərar ilə iddia təmin edilmişdir. Məhkəmə qərarını bununla əsaslandırmışdır ki, iddiaçının adına olan icarə müqaviləsi mübahisələndirilmədiyindən, etibarsız sayılmadığından mötəbər sübut kimi qiymətləndirilməlidir. "xxxx" ASC tərəfindən verilmiş məktubda bildirilmişdir ki, 6 kv-luq elektrik hava xətti mübahisəli torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən keçdiyi və mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınması həmin elektrik xəttinin istismarına çətinlik yaratmır. Bundan başqa, mübahisəli bağ sahəsinə dair üçüncü bir şəxsin - Taisa Şavolinanın adına order olsa da, sonuncu həmin bağ sahəsindən istifadə etməmişdir. Taisa Şavolina 2011-ci ildə ölmüşdür və vərəsəsi Solmaz Novruzova bağ sahəsinə dair hər hansı iddiasının olmadığı barədə ərizə təqdim etmişdir. Apellyasiya şikayəti və izahatlar: Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, bağ sahəsinin ölçüsü 1200 kv.m olmasına baxmayaraq faktiki ölçü 1066 kv.m-dir. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil bildirmişdir ki, mübahisəli bağ sahəsi 2004-cü ildə müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxt bölgü sxemi verilmirdi. İddiaçı həmin tarixdən bağ sahəsindən daimi olaraq istifadə etmişdir. Eyni zamanda, Taisa Şavolinanın yeganə vərəsəsi olan Solmaz Novruzovanın mübahisəli bağ sahəsinə dair heç bir tələbi yoxdur. Cavabdehin imtinası tam əsassızdır. Göstərilənlərə əsasən, iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh orqana və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və kollegiyanın qərarının əsaslandırılması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 73-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; 93-cü maddəsinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından və iş materiallarından görünür ki, mübahisəli bağ sahəsi iddiaçıya qanuni əsaslarla verilmişdir: Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 321z/25 nömrəli bağ sahəsi X2 və istismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 33742 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. İddiaçı sözügedən bağ sahəsində meyvə və bəzək ağacları əkərək daimi istifadə etmişdir. Qanunvericliyin göstərilən tələblərini işin faktiki halları ilə birgə araşdırdıqda aydın olur ki, iddiaçının mübahisəli bağ sahəsinə hüquqlarının qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan əsas mövcud olmuş, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən əsasla bağlı mötəbər sübutları təqdim etmişdir. Cavabdehin apellyasiya şikayətinin - mbahisəli bağ sahəsinə dair başqa şəxsin adına orderin olması ilə bağlı dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 321z/25 nömrəli bağ sahəsinin X5 istifadəsinə verilməsinə dair 38 nömrəli, 1990-cı il tarixli order və Bakı şəhər XDS İK-ın 19.11.1990-cı il tarixli Qərarı həqiqətən də iş materiallarında mövcuddur. Taisa Şavolina vəfat etmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunda vərəsəlik işi açılaraq X5 vərəsəsi X3 olmuşdur. X3 həmin bağ sahəsini qəbul etmədiyini, istifadə etmədiyini, ona vəsiyyət edilmiş miras əmlaka daxil olmadığını bildirərək həmin bağ sahəsi ilə bağlı hər hansı iddiasının olmadığını bildirmişdir. Taisa Şavolinanın sözügedən torpaq sahəsindən heç vaxt istifadə etməməsi, əksinə torpaq sahəsindən könüllü imtina etdiyini sərgiləyən hərəkətlər etməsi aşkardır. Eyni zamanda, T.Şavolinanın 2011-ci ildə vəfat etməsi və onun vəsiyyət üzrə yeganə vərəsəsi olan Solmaz Novruzovaya Bakı şəhərində yerləşən başqa bir mənzili vəsiyyət etməsi, vəsiyyətnamədə hazırkı iş üzrə mübahisəli bağ sahəsinin miras əmlakın tərkib hissəsi kimi nəzərdə tutulmaması işdə olan AZ-İ №467289 nömrəli Ölüm haqqında şəhadətnamənin və Bakı şəhər 5 saylı Notariat Kontoru tərəfindən təqdim edilmiş X5 miras əmlakına dair notariat işinin surətindən aydın olur. Belə olan halda, Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə, mübahisəli torpaq sahəsi üzərində Taisa Şavolinanın istifadə hüququna xitam verilməsi (torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda əsası ilə) aydın olur. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə üçüncü şəxslərin hüquqlarının olması ilə bağlı cavabdehin etirazının dəlilini araşdırmış, bu məqsədlə Solmaz Novruzovanı iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və sonuncu həmin sahəyə dair hər hansı iddiasının olmadığı barədə yazılı ərizə təqdim etmişdir. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili məhkəmənin qərarının ləğvi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin digər bir dəlili olan - ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin sxematik xəritəyə əsasən 321 saylı bağ sahəsinin yerində uyğun gəldiyindən həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxemi iddiaçı tərəfindən təqdim edilməli olması- ilə bağlı mövqeyini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07.03.2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. İşə baxmış birinci instansiyası məhkəməsi iddia olunan torpaq sahəsinin bölgü sxeminin olmaması barədə cavabdehin etirazının dəlillərini araşdırmış, bu faktın müəyyən olunması üçün 321 saylı bağ sahəsinin sxematik xəritəsinin, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna massivi ünvanında yerləşən 180 nömrəli bağçılıq-tikinti kooperativinin sxematik xəritəsinin lazımi qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə İdarəyə 06.05.2021-ci il tarixli sorğu ünvanlamışdır. Cavabdehin 26.05.2021-ci il tarixli məktubu ilə qeyd edilən sənədlər məhkəməyə təqdim olunaraq məhkəmə tərəfindən araşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağın istifadəyə verilməsi barədə müqavilə bağlanarkən ona X2 və İstismarı Birliyi tərəfindən hər hansı bölgü sxemin təqdim edilməli olması barədə qanunvericlikdə imperativ norma nəzərdə tutulmamışdır. Belə bir sxemin təqdim edilməməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanunun 15-ci maddəsinə əsasən, iddiaçının hüquqlarının qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Bundan əlavə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin bağ sahəsi ilə bağlı imtinasının qanuna zidd olması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar