Məhkəmə qərarları › İş №2-1(103)-2591/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2591/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2591/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işdən azad edilmə və sərəncama götürülmə haqqında əmrin qanunsuz hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, onun sərəncama çıxarılmasının qanunsuz sayılması və əvvəlki vəzifəsinin icrasına bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin onu sərəncama çıxarması əmək qanunvericiliyinin tələbinə uyğun deyil. Müraciətə dair cavablandırmada sərəncama çıxarılma barədə heç bir əsaslandırıcı fikir yoxdur. Onun hal-hazırda sərəncamda saxlanılması maddi və mənəvi baxımından ona təsir edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə qərardad qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Onun heç bir əsaslandırma olmadan, hətta təlimatda nəzərədə tutulan müddətdən də çox artırılmış və o, sərəncamda olduğu müddətdə bir çox maneələr aradan qalxdıqdan sonra məhkəməyə müraciət etmişdir. Sərəncamda olduğu müddətdə ona yenə də cavabdeh tərəfindən qanunvericilyin tələbləri qəsdən pozularaq 3 ay istisna olmaqla əmək haqqı ödənilməmişdir. O, xx.xx.2020-ci il tarixdə COVİD-19 xəstəliyinə yoluxmuş və xx.xx.2020-ci ildə ona verilən əmək qabiliyyəti olmaması haqqında vərəqəsində isə xəstəliik davam edir göstərilmiş, sərəncama isə xx.xx.2021-ci il tarixdə çıxarılmışdır. Cavabdehlə xeyli danışıqlardan sonra ona verilən vədlərdən nəticə olmayacağını görmüş və məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə yazılı surətdə müraciət edərək onun xx.xx.2021-ci il tarixli məktubu ilə onun ərizəsinə verilən formal cavab xx.xx.2021-ci il tarixində ona təqdim olunmuşdur. Məhz həmin tarixdən sonra o, hüquqlarının pozulduğunu və aldadıldığını bilərək məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin ötürülməsi tamamilə obyektiv səbəbdən baş vermiş və həmin müddətin bərpa olunması və işə mahiyyəti üzrə baxılması tamamilə qanunauyğundur. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan, hazırkı prosessual məsələyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova iddiaçı tərəfindən onun sərəncama çıxarılması barədə qərar qəbul olunduqdan 8 ay sonra həmin səməncamı mübahasiləndirməklə qanunla müəyyən olunan 30 günlük iddia müddətini buraxdığını bildirərək, birinci instansiya məhkəmədən birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Birincisi, iş materiallarından və iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən görünür ki, onun tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmədən, həmin əmrin qanunsuz olduğunu mübahisələndirərək, birbaşa xidmətə bərpa edilməsini məhkəmədən tələb etmişdir. Halbuki, qüvvədə olan həmin əmrin qanunsuz sayılması heç də iddiaçının xidmətinə bərpa olunmasına gətirib çıxarmır, yəni, iddiaçı arzuladığı məqsədinə nail olmur. Başqa sozlə, bu ifadə tərzində qaldırdığı iddianın, onun arzu və məqsədini ehtiva etmədiyindən, mümkün iddia kimi qəbul edilməsi istisna olunur. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Məcəllənin 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hər bir halda, Qanun qeyd olinun tələbləri nəzərə alınmaqla, eləcə də, iddiaçının iddia əizəsinin və onun apellyasiya şikayətinin məzmunundan irəli gələn istəyi baxımından, iddiaçının tutduğu vəzifəsindən azad edilməsi və sərəncama götürülməsi barədə cavabdehin əlverişsiz inzibati aktının (xx.xx.2021-ci il tarixli əmrinin) qanunsuz hesab edilməsini tələb etməklə, əslində, onun bu tələbi faktiki olaraq cavabdehin sözügedən həmin əmrinin ləğv olunması tələbini ehtiva etməklə, İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddianın növünü təşkil edir. Mübahisələndirmə haqqında iddia növlərinə münasibətdə isə qanunvriciliklə iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsi isə nəzərədə tutur ki, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, 73.2-ci maddəsinə əsasən isə nzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Eyni zamanda, İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsini nəzərdə tutur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının və cavabdehin əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş 02 fevral 2021-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı, onun tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülməsi barədə xx.xx.2021-ci il tarixli əmrinin icrası ilə əlaqədar, “siyahıda qeyd olunmuş sənədləri iddiaçı təhvil vermiş və həmin aktın bir nüsxəsi ona təqdim edilmişdir. İddiaçının da imzaladığı həmin akta əlavə olunan siyahıdan isə görünür ki, iddiaçının xidməti vəsiqəsi, icrada olan sənədlər, komputer dəsti təhvil alınmış, bundan əlavə əmrlə tanış edilməsi həyata keçirmiş, əmrlə tanış olma qrafasıonun imzası ilə təsdiq edilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı, ən azından, təhviltəslim aktını 02 fevral 2021-ci il tarixində imzalayarkən cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə sərəncama götürülməsindən məlumatlı olmuşdur. İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi nə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunun qeyd olunan tələbindən də göründüyü kimi, maraqlı şəxsə inzibati akt barədə məlumat həmin aktın birbaşa elan edilməsi ilə də verilə bilər. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “...Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...” Qeyd olunanlar baxımından, iddiaçıya 02 fevral 2021-ci il tarixində cavabdehin xx.xx.2021-ci il tarixli əmri barədə məlumat verilmiş hesab olunur. İşin qeyd olunan halları onu deməyə əsas verir ki, iddiaçı, 02 fevral 2021-ci il tarixdə təhvi-səlim aktını imzaladığı andan hüquqlarının pozulduğunu bilməli idi. Lakin iş materiallarından görünür ki, o, həmin əmri xx.xx.2021-ci il tarixində, yəni, 8 ay 26 gün keçdikdən sonra məhkəmə qaydasında mübahisələndirmişdir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə bağlı şikayətinin cavabdehə orqana xx.xx.2021-ci il tarixdə daxil olduğu bildirilir. Göründüyü kimi, iddiaçı həm “İnzibati icraat haqqında Qanunun 73.1-73.2-ci maddələri, həm də İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan iddia müddətlərini ötürmüşdür. Belə olan halda, iddiaçının hazırkı mübahisələndirmə haqqında iddiası, İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olan əsaslandırılmış iddia kimi, qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunvericiliyə zidd olduğunu mübahisələndirən, habelə, xəstə olduğunu və cavabdehlə məsələyə aydınlıq gətirilməsi üçün danışıqlar apardığını, hüquqlarının pozlumasından xəbəri olmadığını vurğulayan, formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar