Məhkəmə qərarları › İş №2-1(103)-2592/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2592/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2592/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2inz(81)-7/2013 saylı, 18 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında olan binaya dair verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək ümumi sahəsi 207.2 kv.m olan 3-cü mərtəbənin və binanın 1-ci mərtəbəsində 36.2 kv.m sahənin də çıxarışa və texniki pasporta əlavə edilməsi və yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.01,2013-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin 2inz(81)- 7/2013 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli protokol qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdehlər sırasından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə iddianın həcminin artırılması barədə ərizə icraata qəbul edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cavabdeh qismində cəlb edilmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-7/2013 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının təqdim olunmuş layihə əsasında yenidən qurulmasına icazə verilməsi Bakı şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının istismara qəbul edilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ümumi sahəsi 207.2 kv.m olan 3-cü mərtəbənin və binanın 1ci mərtəbəsində 36.2 kv.m sahənin də əlavə edilməsi və yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)- 1238/2013 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-7/2013 saylı iş üzrə qəbul etdiyi 11 aprel 2013- cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)- 97/14 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 sentyabr 2013-cü il tarixli 2-1inz(103)- 1238/2013 saylı qərarı qismən, yəni birinci instansiya məhkəməsinin 11 aprel 2013-cü il tarixli qərarının ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ümumi sahəsi 207.2 kv.m olan 3-cü mərtəbənin və binanın 1-ci mərtəbəsində 36.2 kv.m sahənin də əlavə edilməsi və yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ümumi sahəsi 207.2 kv.m olan 3-cü mərtəbənin və binanın 1-ci mərtəbəsində 36.2 kv.m sahənin də əlavə edilməsi və yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi haqqında iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)-1238/2013 saylı qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almış 2inz(81)-7/2013 saylı xx.xx.2013-cü il tarixli qərara dair xx.xx.2014-cü il tarixli icra vərəqəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsi və Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 17/74 9014/11 saylı 21,04.2014-cü il tarixli məktubla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-7/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqi və icraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərar dərhal icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 2731 saylı 21,04.2014-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanılmış və Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinə təklif edilmişdir ki, icra sənədini dərhal icra etsin. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanılaraq Bakı Şəhər İcra Hakimiyyətinə 5 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(81)-7/2013 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələbkar olduğu həmin qərarın Bakı şəhər İcra hakimiyyətinə, Xətai rayon İcra hakimiyyətinə həvalə edilmiş hissəsi icra edilməsi üçün müvafiq olaraq Səbail Rayon İcra Şöbəsinə və Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd olunan qərar üzrə icra şöbələri tərəfindən icraat başlanılsa da qərarın icrası bu günədək təmin edilməmişdir. Bildirir ki, məhkəmənin qanuni qüvvəsini almış həmin qərarının qeyri-yaşayış binasının istismara qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi hissəsi ilə bağlı qərarın icrası üçün müvafiq icra vərəqəsi verilməmiş, qərarın icrası həmin hissədə təmin edilməmiş, qərar həmin hissədə icraya yönəldilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan normativ hüquqi aktların tələbindən göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı icraya yönəldilməli və icrası təmin olunmalıdır. Lakin qanunvericiliyin tələbinə baxmayaraq məhkəmə qanuni qüvvəsini almış qərarın bir hissəsini hər hansı bir səbəb olmadan ümumiyyətlə icraya yönəltməmiş, bir hissəsini icraya yönəltsədə icrası inzibati dövlət orqanı tərəfindən bu günədək həyata keçirilməmişdir. Bununla bağlı verdiyimiz əsaslandırılmış ərizənin isə baxılması məhkəmə tərəfindən mümkün hesab edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavadehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(81)-7/2013 saylı qərardadı ləğv edilməli, iş İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda faktiki səbəblərdən həmin məhkəmə aktının icra edilməsi mümkün deyildir. Belə ki, məhkəmənin qərarının qanuni qüvvəsini aldığı vaxtdan 10 ildən artıq müddət keçmiş, bu müddət ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən arzu edilən inzibati akt (ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının istismara qəbul edilməsi) qəbul edilməmişdir, hazırda isə sözügedən inzibati qurumun belə bir səlahiyyətinin olması qanunvericiliklə müəyyən edilmir. Belə ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xx.xx.2018-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyəti, xx.xx.2018-ci il tarixdən sonra isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi həyata keçirirdiyindən və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-7/2013 saylı xx.xx.2013-cü tarixli qərarın hazırda icra etmək səlahiyyəti olmadığından iddiaçının ərizəsi mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə, həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın icrası nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Qeyd edilənlərdən də göründüyü kimi istər daxili, istərsə də beynəlxalq qanunvericilik məhkəmə qərarının hər hansı üzrlü səbəb olmadan icra edilməməsini qadağan etmiş, məhkəmə qərarlarının icrasını məhkəmə icraatının tərkib hissəsi kimi qəbul etməklə qanuni qüvvəyə minmiş və icra edilməmiş məhkəmə qərarının xəyali hüquqa çevrildiyi vurğulanmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə qərarının icrası istiqamətində əsaslı nəticəyə gəlməmiş, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə münasibətdə icranın mümkünlüyü məsələsini müzakirə etməmiş, bu istiqamətdə zəruri tədbirlər görməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(81)-7/2013 saylı qərardadı ləğv edilməli, iş İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(81)-7/2013 saylı qərardadı ləğv edilsin. İş İddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar