Məhkəmə qərarları › İş №2-1(103)-2593/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2593/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2593/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiаçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-1533/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən adına verilmiş 28.02.2020-ci il tarixli, M20 №063742 magistr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbayan Respublikası Təhsil Nazirliyininin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin hüquqi əsaslarını dəqiqləşdirərək, Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən adına verilmiş 28.02.2020-ci il tarixli, M20, 063742 nömrəli magistr diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik şəhadətnaməsi verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsinə daxil olaraq 2004-cü ildə həmin Universiteti bitirmiş və Dövlət Attestasiya Komissiyasının 16 iyun 2004-cü il tarixli qərarı ilə ona ali peşə istiqaməti üzrə bakalavr dərəcəsinin verilməsinə dair diplom verilmişdir. O, 2018-ci ildə “əczaçı” ixtisası üzrə magistr təhsili almaq üçün Ukrayna Republikası Milli Əczaçılıq Universitetinə qəbul olmuş və 2020-ci ildə, yəni iki il altı ay sonra həmin Universitet tərəfindən ona magistr pilləsi üzrə diplom verilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq magistr diplomunun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) məqsədilə cavabdeh inzibati orqan olan Agentliyə müraciət etmişdir. Cavabdeh orqan onun aldığı ixtisasın ölkə ərazisində tanınmasını mümkün hesab etməyərək imtina vermiş və imtinasını onunla əsaslandırmışdır ki, Ukrayna Milli Əczaçılıq Univerisitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi mümkün deyil. İmtina qeyd olunan hala və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsaslanmışdır. İmtina əsassızdır və müvafiq qaydada əsaslandırılmamış, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Onun tərəfindən müvafiq sənədlər təqdim edilərkən eyni zamanda ümumivətəndaş pasportunun surəti də təqdim edilmiş və həmin pasportda mövcud olan qeydlər təsdiq edir ki, o tədris müddətində tədrisin aparıldığı Univerisitetin yerləşdiyi ölkədə olmuşdur. Ancaq bununla bağlı inzibati orqan tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qaldığına dair konkret fakta istinad olunmamışdır. O, müvafiq hərəkətin edilməsi, yəni diplomun ekvivalentliyinin tanınması ilə bağlı zəruri sənədləri təqdim etməklə üzərinə düşəni, yəni qanunla tələb olunan sənədləri təqdim etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb aparılmamasına dair heç bir mövqe nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun Universitetdə tədris prosesində olub-olmadığını müəyyən etmək üçün əlavə sübutların (buna zərurət olarsa) əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Bundan başqa onun ilə eyni müddətdə həmin Universitetdə magistr təhsili almış və onun ilə eyni vaxtda diplomun ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı müraciət etmiş X6 məxsus magistr diplomu nostrifikasiya edilmiş, lakin eyni müddətdə Universitetdə təhsil almış ona yuxarıda göstərilən səbəblərdən imtina verilmişdir. İnzibati orqana və iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim olunmuş pasportun surətindən müəyyən olunur ki, 2018-2020-ci illər üzrə onun hərəkət marşurutu onun tədris müddətində məhz Universitetin yerləşdiyi ölkədə olduğunu təsdiq edir. Lakin bununla belə Ruhlan Şükürovun diplomu tanınır, ancaq ona münasibətdə imtina verilir. Qeyd edilən faktı təsdiq etmək üçün Ruhlan Şükürov və onun giriş çıxışını təsdiq edən pasportun surətləri əlavə edilməklə giriş çıxış barədə qeydlər məhkəmənin diqqətinə çatdırılır: İddiaçı giriş 28.01.2018, çıxış 03.02.2018; Rulan Şükürov giriş 28.01.2018, çıxış 03.02.2018; İddiaçı giriş 25.05.2018, çıxış 02.06.2018; Rulan Şükürov giriş 25.05.2018, çıxış 02.06.2018; İddiaçı giriş 20.01.2019, çıxış 25.01.2019; Rulan Şükürov giriş 20.01.2019, çıxış 26.01.2019; İddiaçı giriş 28.05.2019, çıxış 04.06.2019; Rulan Şükürov giriş 28.05.2019, çıxış 04.06.2019; İddiaçı giriş 24.01.2020, çıxış 08.02.2020; Rulan Şükürov giriş 24.01.2020, çıxış 08.02.2020. Qeyd olunanlar əsasən inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz hesab edilməli, diplomun tanınması və ekvivalentlilik şəhadətnaməsi verilməsi inzibati orqana həvalə edilməlidir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı “Əczaçılıq” ixtisasının (qiyabi) ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert rəyində qeyd edilmişdir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 14 gün, İİİ il - 16 gün) Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xaric; ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri - təhsil alanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 4.1-ci bəndinə əsasən: Bakalavr dərəcəsi almış məzunlar: təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına əsasən: Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə İmtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: məcburi və ardıcıl öyrənilən fənlər üzrə; məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Hesab edirlər ki, sözügedən müddət ərzində tədris yükünün mənimsənilməsi qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-1533/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş, 04.08.2004-cü il tarixli, AN 14816 №-li ali təhsil haqqında diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 16.06.2004-cü il tarixli qərarı ilə X7 əczaçılıq ixtisası istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi M20 № 063742 olan, 28.02.2020-ci il tarixli diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi, təhsil müddəti 2 il 6 ay, 120 AKTS kredit, tədris dili rus dili olmaqla 2020-ci ildə Ukrayna Milli Əczaçılıq Universitetinin tam kursunu bitirərək “Əczaçılıq və sənayə əczaçılıq” proqram sahəsi üzrə peşəkar ixtisas əczaçı magistr dərəcəsi əldə etmişdir. İddiaçı məxsus Azərbaycan Respublikası vətəndaşının C02080908 №-li xarici pasportunun surətindən görünür ki, İddiaçı 2018, 2019, 2020-ci illərdə Ukrayna Respublikasına giriş-çıxışı olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 33/3341 №-li, 19.09.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Oqtary qızının 03.06.2018, 26.06.2018, 20.01.2019, 28.05.2019- 04.06.2019, 24.01.2020-09.02.2020 tarixlər ərzində Ukrayna istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında giriş-çıxış məlumatları qeydə alınmışdır. İddiaçının elektron kabinetinə yerləşdirilmiş elektron çıxarışdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Milli Əczaçılıq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Cavabdehin iddia tələbinə etiraza əlavə etdiyi ekspert rəyindən görünür ki, İddiaçı təhsil aldığı ölkə Uktayna, təhsil forması qiyabi, təhsil səviyyəsi magistratura, ixtisası əczaçılıq, təhsil müddəti 2017-2020, müəssisə Milli Əczaçılıq Universiteti, sərhədkeçmə məlumatlarında 1-ci il 14 gün, 2-ci il 14 gün, 3-cü il 16 gün, təhsil müddəti 2 il 6 ay, dövlət imtiahan tarixli 25.05.2020-ci il qeyd edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-03- 173/TKTA №-li, 06.05.2021-ci il tarixli məktubdan görünür ki, X1 Milli Əczaçılıq Universitetində 2017-2020-ci illər ərzində “Əczaçılıq” ixtisası üzrə qiyabi formada magistratura təhsili almışdır. Vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması ilə bağlı müraciəti əsasında təqdim etdiyi əlaqəli sənədlər yoxlanılmış, təhsil aldığı 2017-2020-ci illər üzrə sərhədkeçmə məlumatları araşdırılmış və müəyyən edilmişdir ki, qiyabi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkənin ərazisində tədris illərində tələb olunan normativ müddətə riayət etmişdir. Beləliklə, vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 30.06.2020-ci il tarixli qərar qəbul edilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, X5 təhsil aldığı ölkə Uktayna, təhsil forması qiyabi, təhsil səviyyəsi magistratura, ixtisası əczaçılıq, təhsil müddəti 2017-2020, müəssisə Milli Əczaçılıq Universiteti, sərhədkeçmə məlumatlarında 1-ci il 21 gün, 2-ci il 20 gün, 3-cü il 16 gün, təhsil müddəti 2 il 6 ay, dövlət imtahan tarixi 25.05.2020-ci il qeyd edilmişdir. İddiaçı magistr diplomu üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan həmin ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətini təmin etməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın: 1.5-ci bəndinə əsasən magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. 1.6-cı bəndinə əsasən magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.3-cü bəndinə əsasən magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 4cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Ukrayna Milli Əczaçılıq Universitetinin verdiyi qeydiyyat nömrəsi M20 № 063742 olan, 28.02.2020-cı il tarixli diploma (təhsil sənədinə) Ukrayna Respublikası səlahiyyətli orqanı tərəfindən 11.03.2020ci il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli, 919-İQ №-li Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Bundan əlavə iddiaçının magist təhsilini qiyabi formada almaqla təhsil aldığı müddətində Ukrayna Respublikasında olması sərhədkeçmə məlumatları və ümumivətəndaşlıq pasportunda aparılmış qeydlərlə təsdiqini tapır. Həmin müddət 1-ci tədris ili üçün 14 gün, 2-ci tədris ili üçün 14 gün, 3-cü tədris ili üçün 16 gündür ki, həmin müddətlər ərzində iddiaçının tədris yükünü yerinə yetirə bilməməsi barədə cavabdeh inzibati orqanın irəli sürdüyü dəlil məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ilə eyni təhsil müəssisəsində, eyni əsaslarla, eyni müddət ərzinə təhsil almış Ruhlan Şükürovun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 30.06.2020-ci il tarixli qərar qəbul edilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Hazırkı iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “bərabərlik prinsipi” (maddə 12) pozulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ukrayna Milli Əczaçılıq Universiteti tərəfindən İddiaçı verilmiş M20 № 063742 qeydiyyat nömrəli, 28.02.2020-cı il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdeh inzibati orqanın imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını İddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması təşkil etsə də təhsil normativinin nə qədər olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı ilə eyni vaxtda təhsil almış Ruhlan Şükürovun tədris aldıqları Ukrayna Respublikasında olduqları tarixlər üst-üstə düşür. Yəni hər ikisi 2018-ci ildə 28.01.2018-03.02.2018 və 25.05.2018-02.06.2018, 2019-cu ildə 20.01.2019-28.01.2019 və 28.05.2019-04.06.2019, 2020-ci ildə 24.01.2020-08.02.2020 tarixlərdə Ukrayna Respublikasında olmuşlar. Qeyd edilənlərdən görünür ki, hər ikisinin tədris müddəti ərzində təhsil aldıqları ölkədə olma müddətləri eynidir. Sonuncu məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən İddiaçı və Ruhlan Şükürovun giriş-çıxış məlumatları müqayisəli şəkildə təqdim edilmişdir. Həmin məlumatlardan da görünür ki, X13 Heydərovadan fərqli olaraq 29.10.2017-01.11.2017 və 23.11.2018-25.11.2018-ci il tarixlərdə Ukrayna Respublikasında olmuşdur. Həmin tarixlərin tədris dövrünə aid olması ilə bağlı heç bir sübut təqdim edilməmiş, həmin müddət 7 gün təşkil etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən hər iki şəxs barəsində təqdim olunan elektron ərizə sistemi məlumatlarından görünür ki, Ukrayna Respublikasında olma müddətlərində fərqin 13 gün olduğunu qeyd etmişlər. Qeyd olunanlar cavabdeh tərəfindən hər iki şəxsə münasibətdə fərqli yanaşıldığını və “İnzibati icraat haqqında” qanunda nəzərdə tutulan bərabərlik hüququnun pozulduğunu göstərir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-1533/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar