Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2593/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2593/2023 (Açar sözlər: “müavinətin ödənilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdən əvvəl, yəni xx.xx.1998-ci il tarixdə veteran statusu qazanmışdır.
2. İdiaçıya müharibə veteranı vəsiqəsi 25 avqust 1998-ci il tarixdə verilmiş olsa da, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş müavinət işində olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə iddiaçıya 01 aprel 2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmişdir.Nəzərə alınmışdır ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, ona müavinətin ödənilməsi müddəti 3 il əvvəldən, yəni xx.xx.2019-ci ildən başlanmaqla xx.xx.2019-cu il tarixi ilə məhdudlaşmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müavinətin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ona müharibə veteranı adı və vəsiqəsi 1998-ci il tarixdə verilmiş, cavabdehə ödənilməmiş müavinətlərin ödənilməsini xahiş etmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Halbuki, müharibə veteranı olmasına baxmayaraq 01 aprel 2019-cu il tarixədək ona ödənilməli olan müavinət ödənilməmişdir.
5. İddia tələbinə Etiraz onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Qanun 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir. İddiaçıya veteran vəsiqəsi isə 25 avqust 1998-ci il tarixdən verilmişdir. Göründüyü kimi Qanunun müddəaları qüvvəyə mindiyi vaxtdan Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək vəsiqə almış şəxslərə münasibətdə şamil edilə bilər. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı veteran vəsiqəsini 1998-ci il tarixdə alsa da, əvvəlki dövrlərlə bağlı müavinətin ödənilməsi ilə bağlı müraciət 26 yanvar 2022-ci il tarixdən həyata keçirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər.
8. Həmin hüquqi mövqeyə uyğun olaraq nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir.
9. Bu baxımından məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.
10. Birinci instansiya məhkəməsi “Sosial müavinətlər haqqında” Qanununun 1.0.1-ci, 3.1ci, 9.1-ci, 10.3-cü, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019cu il 15 aprel tarixli Fərmanın 2.1.1-ci bəndinə, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarının iddianın rədd olunmuş hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
14. Cavabdehin apellyasiya şikayətini iddia tələbinə etirazın məzmununa oxşar əsaslandırmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi özlərinin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi özlərinin apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Sosial müavinətlər haqqında” Qanunun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. - 10.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
19. “Veteranlar haqqında” Qanunun: - 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. - 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəyə əsasən müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
20. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019- cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.
21. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23.İddiaçı apellyasiya şikayətində qərarı iddianın rədd olunmuş hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25 Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 26.Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, həm iddiaçının apellyasiya şikayətinin dəlilləri, həm də cavabdehin apellyasiya şikayətinin dəlilləri işin faktiki halları ilə deyil, tətbiq edilən hüquq norması ilə bağlı olduğundan apellyasiya şikayətləri ilə bağlı ayrıayrılıqda qiymətləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından zərurət yoxdur.
27. Məhkəmə Kollegiyası həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır, odur ki, təmin olunmamalı və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanmalıdır.
28. Belə ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir.
29. Tətbiq olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər.
30. Həmin hüquqi mövqeyə uyğun olaraq nəzərə alınmalıdır ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir.
31. Bu baxımından məhkəmə Kollegiyası hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.
32. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər.
33. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir.
34. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
35. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir.
36. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.
37. Bu mövqeyinə uyğun olaraq, məhkəmə Kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.
38. Odur ki, hazırki halda iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət Fərmanın yuxarıda qeyd edilən tələblərinə əsasən xx.xx.2019-cu il tarixinədək ödənilməlidir.
39. İddiaçı xx.xx.2019-cu il tarixdən sonra təqaüdün ödənilməsi ilə bağlı müraciət etsə də, onun əvvəlki illər üzrə məbləğin ödənilməsi hüququ yalnız 3 illik müddətlə bağlı məhdudlaşdırıla bilər.
40. Belə ki, iddiaçının həmin ödənişləri indiyədək almama səbəbləri onun veteran statusunu həmin tarixdə alması ilə bağlı olmamış, təqaüdlə bağlı gec müraciəti olmuşdur. Onun gec müraciəti isə əvvəlki illər üzrə ödənişlərin ödənilməsini istisna etmir.
41. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1- ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini iddiaçı tələb edə bilər. Bu səbəbdən də ona müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər nə qədər təqaüd 2022-ci il tarixdə təyin edilmiş olsa da, ödənişlər iş materiallarından da görünür ki, xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır. Yəni iddiaçı xx.xx.2019- cu il tarixdən ödənişləri artıq almışdır.
42. İddiaçının almalı olduğu lakin almadığı müavinət isə xx.xx.2021-ci il tarixdən əvvəlki üç ildən, yəni xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2019- cu ilədək olan ödənişlərdir. Bu səbəbdən də iddiaçı yalnız həmin hissədə təmin edilməlidir.
43. Məhkəmə əlavə olaraq onun da qeyd edilməsini zəruri hesab edir ki, müavinətin ödənilməsi müddəti təqaüdün təyin edilməsi ilə bağlı qərarın qəbul edildiyi 28 yanvar 2022-ci il tarix yox, məhz təqaüdün təyin edilməsi ilə bağlı ərizənin verildiyi tarix olan 26 yanvar 2022-ci il tarixdir.
44. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin və iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4568/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.