Məhkəmə qərarları › İş №2-1(103)-2594/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2594/2025

13.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2594/2025 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı "bağ sahəsinə çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2310/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 1318 nömrəli bağ sahəsində faktiki vəziyyətinə uyğun ümümilikdə 0,20 hektar torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 1318 nömrəli bağ sahəsində yerləşən ümümi sahəsi 0,50 hektar torpaq sahəsi 1953-cü ildə şəhər xalq deputatları sovetinin qərarı ilə iddiaçının atasına verilmişdir. Həmin vaxtdan, yəni 1953-cü ildən təxminən 70 ildən artıqdır ki qeyd olunan torpaq sahəsi daim hasarlı olmuş və hal-hazıra kimi mübahisəsiz iddiaçının istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin 0,11 hektar hissəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçının daimi istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,20 ha təşkil edir. Bu səbəbdən də həmin ölçüdə torpaq sahəsinə dair yeni çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin ona hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması səbəbi ilə imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2310/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı" təsdiq edilmişdir. İddiaçı onun faktiki istifadəsində olan 0,20 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Tələbinin əsası kimi o, Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli 25/558 nömrəli qərarına istinad etmişdir. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli 25/558 nömrəli qərarı ilə sahəsi 0,50 hektar olan 1318 nömrəli bağ sahəsi iddiaçının atası X4 ayrılmışdır. Həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alımış və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. X3 vəfatından sonra həmin torpaq sahəsi ilə bağlı vərəsəlik işi açılmış, İddiaçı və qardaşı X10 miras əmlakda olan paylarını digər vərəsə X8 bağışlamışlar. X8 0,5 hektar torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan xx.xx.2023-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 0,5 hektar torpaq sahəsinin 0,12 hektar hissəsini X5, xx.xx.2013-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,12 hektar hissəsini X9, xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,15 hektar hissəsini Yüzbaşova Mədinə Həbib qızına satmışdır. Beləliklə, X6 mülkiyyətində cəmi 0,11 hektar torpaq sahəsi qalmışdır ki, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən o, həmin torpaq sahəsini iddiaçıya bağışlamışdır. Hazırda həmin 0,11 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı göstərilən 0,11 ha torpaq sahəsinə bitişik əlavə 0,09 hektar torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda, nə də ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda göstərilən hər hansı sənədə istinad etməmişdir. İddiaçının istinad etdiyi sənəd üzrə isə torpaq sahəsi yuxarıda qeyd edildiyi kimi, X6 mülkiyyətinə verilmiş və sonradan ayrı-ayrı şəxslərə özgəninkiləşdirilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarına əsasən, mübahisəli torpaq sahəsinin şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1953-cü il tarixli 25/558 nömrəli qərarı ilə sahəsi 0,50 hektar olan 1318 nömrəli bağ sahəsinin iddiaçının atası X4 ayrılması, eləcə də 1953-cü ildən etibarən təxminən 70 ildən artıqdır ki daimi hasarlı olmaqla hal-hazıra kimi mübahisəsiz iddiaçının istifadəsində olması, torpaq sahəsinin 0,11 hektar hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təsdiq olunmuşdur. Lakin iddiaçının faktiki istifadəsində 0,20 hektardır. Bu 0,20 hektar 70 ildən artıqdır ki, iddiaçının mübahisəsiz istifadəsindədir. İşin bu halları məhkəmədə təsdiq olunsa da, qərar çıxarılarkən nəzərə alınmamışdır. Ona görə də iddiaçı hesab edir ki, çıxarılmış qərar qanunsuzdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməməklə çıxardığı qərarı düzgün əsaslandırmamış, qərar çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla mahiyyəti üzrə qərar çıxarmamışdır və bu əsasla da qərar apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadına əsasən, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İŞİN HALLARİ: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı onun faktiki istifadəsində olan 0,20 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Tələbinin əsası kimi o, Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli 25/558 nömrəli qərarına istinad etmişdir. İşdə olan Bakı şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1953-cü il tarixli 25/558 nömrəli qərarına əsasən, Mərdəkan qəsəbəsində sahəsi 0,50 ha olan 1318 nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, sahəsi 0,50 hektar olan 1318 nömrəli bağ sahəsinə X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci ildə vəfat etmiş X3 bərabər paylarda vərəsələri X11, X10 və iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013 ildə verilmiş 03/1581 nömrəli arayışa və xx.xx.2013-cü ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mərhum X4 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 1318 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,50 hektar torpaq sahəsindən ibarətdir. İşdə olan xx.xx.2013-cü il tarixli miras əmlaka sərəncam müqaviləsinə əsasən, X10 və iddiaçı xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras qalmış əmlakdan - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1318 nömrəli bağ sahəsi ünvanında yerləşən X4 məxsus 0,50 ha torpaq sahəsindən onlara düşən hissələrini qanun üzrə vərəsə X8 bağışlamışlar. İşdə olan xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1318 nömrəli 0,50 ha bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsini X1. İşdə olan xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1318 nömrəli 0,50 ha bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,15 ha torpaq sahəsini Yüzbaşova Mədinə Həbib qızına satmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1318 nömrəli 0,50 ha bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsini X2. İşdə olan xx.xx.2013-cü il tarixli torpaq sahəsinin bağışlama müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1318 nömrəli 0,50 ha bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0,11 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 1318 nömrəli bağ sahəsinin 0,11 hektar hissəsinı iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı hazırda onun mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə bitişik olan əlavə 0,09 ha torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. İddiaçı tərəfindən torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda, nə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda göstərilən hər hansı sənədə istinad etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia tələbinin əsaslandığı maddi-hüquq normasının mövcud olmadığını söyləməklə yanaşı, həm də bildirdi ki, göstərilən 0,09 ha torpaq sahəsi 1953-cü ildən etibarən iddiaçının istifadəsində, sahibliyində olduğuna və həmin torpaq sahəsinə başqa heç kəsin iddiası olmadığına görə iddiaçı öz mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. Kollegiya qeyd edir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının əsasları qanunvericilikdə aydın şəkildə sadalanmışdır. Sözügedən 0,09 ha torpaq sahəsinin 1953cü ildən hal-hazıradək iddiaçının sahibliyində və istifadəsində olması faktı sübuta yetirilmiş olsa belə, bu hal həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun yaranması üçün əsas hesab edilmir. Mövcud olmayan hüquq isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Bu da qeyd edilməlidir ki, iddiaçının mərhum atasından qalmış 0,50 ha torpaq sahəsi iddiaçının və qardaşı X7 razılığı ilə onların bacısı X6 mülkiyyətinə keçmiş, həmin 0,50 ha torpaq sahəsinin 0,39 ha hissəsi sonuncu tərəfindən müxtəlif şəxslərə satılmış, qalan 0,11 ha hissəsi isə iddiaçıya bağışlanmışdır. Deməli, iddiaçının hazırda tələb etdiyi 0,09 ha torpaq sahəsi göstərilən 0,50 ha torpaq sahəsinin bir hissəsi deyil. Apellyasiya şikayətində, həmçinin, göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməməklə çıxardığı qərarı düzgün əsaslandırmamış, qərar çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla mahiyyəti üzrə qərar çıxarmamışdır. Lakin kollegiya bu dəlillə də razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmamışdır, əksinə, iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılmış və qərar qəbul edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2310/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar