Məhkəmə qərarları › İş №2-1(103)-2595/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2595/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2595/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(112)-7009/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində tut ağacının məhv edilməsi ilə ona dəymiş ziyanın həcminin müəyyən edilərək cavabdehdən tutulub ödənilməsi, hərəkətsizlik edən cavabdehin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsi və "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 06.12.2019-cu il tarixdə onun yaşadığı ünvan 1 ünvanında dərinliyi 10 m olan tut ağacı “Qaya Qala" MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Məsələ ilə bağlı əvvəlcədən 18.11.2019-cu il tarixdə cavabdehin qaynar xəttinə məlumat vermiş və qabaqlayıcı tədbirlər görülməsini xahiş etmişdir. Lakin cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(112)-7009/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: S.Salahova) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, əsas şikayəti prokurorluq orqanına xəbər verilməsinə dair tələbinin rədd edilməsidir. Belə ki, birinci instansiya məhkəməsi qaldırdığı vəsatəti laqeyd yanaşaraq təmin etməmişdir. Vəsatətində cavabdehə məhkəmə sorğusu göndərilərək, 18.11.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək cavabdeh orqanın qaynar xəttinə zəng etdiyi müraciətlərin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Onun cavabdehin əməlində cinayət tərkibinin olmasına dair iddia tələbi, onun MMC-ni inzibati məsuliyyətə cəlb edilməsi üçün hərəkətsizlik etdiyinə görə deyildir, öncədən 2 dəfə cavabdehin qaynat xəttinə zəng edib MMC-nin qara niyyəti barədə cavabdehi xəbərdar etməsinə rəğmən, cavabdehin qabaqlayıcı tədbir görməməsi ilə müşayiət olunan hərəkətsizliyinə görə prokurora bu barədə xəbər verilməsidir. Gövdəsinin diametri 1 metr olan, iri qollu-budaqlı ağ xar tut ağacının dibindən qoparılacağına dair əməlin məhz "xxxx" MMC tərəfindən törədilməsi barədə cavabdehin qaynar nömrəsinə ağacın MMC tərəfindən qoparılmasından demək olar ki, 1 ay öncə, 18.11.2019-cu il tarixdə və sonradan noyabr (2019) ayının sonunda bir daha təkrar məlumat vermişdir. Apelyasiya məhkəməsinin qarşısında bir daha vəsatətə qaldıraraq, cavabdehə yazılı məhkəmə sorğusu göndərilərək onlara məxsus (070 və ya 055) ***-**-** nömrəsindən cavabdehin qaynar xətt nömrəsinə (168) 181119 və xatırlamadığı digər sonrakı tarixdə edilən zəngin səsyazısı və bu müraciət əsasında cavabdehdə aparılan müvafiq qeydiyyat barədə məlumatların, həmçinin nümayəndəsi (oğlu) X1 adına olan (070) və (055) ***-**-** nömrəsindən cavabdehin qaynar xətt nömrəsinə edilən 18.11.2019-cu il və digər tarixli zənglərin səsyazılarını məhkəməyə təqdim olunması üçün “Bakcell” və "xxxx" MMC-nə müvafiq sorğu göndərilməsini xahiş edir. Məhkəmə sorğularına veriləcək cavablardan cavabdehin hadisədən kifayət qədər öncə tərəfindən baş verə biləcək hadisə barəsində məlumatlandırıldığı aşkar olunacaqdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində tut ağacının məhv edilməsi ilə ona dəymiş ziyanın həcminin müəyyən edilərək cavabdehdən tutulub ödənilməsi, hərəkətsizlik edən cavabdehin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsi və "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, işdə olan X4 Departamentinin 24.02.2020-ci il tarixli 17/M-084 nömrəli məktubundan görünür ki, iddiaçının "xxxx" MMC-nin tikinti ərazisində tut ağacının qanunsuz götürülməsi, lakin 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusu ilə bağlı tədbir görülməməsi” ilə bağlı daxil olmuş şikayət ərizəsi araşdırılmış və müəyyən olunmuşdur ki, Nərimanov rayon Bələdiyyəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə, Ə.Vahid küçələrinin kəsişməsində "xxxx" MMC-nin tikinti sahəsində olan qurumuş, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi və budanması ilə bağlı rəyin verilməsinə dair 2019-cu il 22 noyabr tarixli 03/331 nömrəli məktubla müraciət olunmuş, həmin müraciətlə əlaqədar X4 Departamentinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş, nəticədə Nərimanov rayonu, Təbriz küçəsi-34 ünvanında "xxxx" MMC-nin tikinti ərazisinin bərabərliyində (küçənin yaşıllıq zolağında) 1 ədəd tut, 1 ədəd qarağac olmaqla ümumilikdə 2 ədəd ağacın köküstə tam qurumuş vəziyyətdə olduğu müəyyənləşdirilmiş və 2019-cu il 02 dekabr tarixli 22/3559 nömrəli rəylə həmin ağacların götürülməsinə razılıq bildirilmişdir. Həmçinin rəyin icrası ilə bağlı Nərimanov rayon Bələdiyyəsi tərəfindən qərar verilmiş və yaşıllığın götürülməsi vərəqəsi hazırlanmışdır. Sonradan “tut ağacının götürülməsi” ilə bağlı Nazirliyə daxil olmuş şikayətə əsasən əraziyə təkrar baxış keçirilmiş, ərazinin əvvəlki görüntüsünü əks etdirən fotoşəkillərlə tikinti ərazisinin hazırkı vəziyyəti müqayisə olunarkən rəydə qeyd olunan ağaclar deyil, "xxxx" MMC-nin tikinti ərazisində 1 ədəd tut ağacının qanunsuz götürülərək məhv edildiyi məlum olmuş, faktla bağlı 31.01.2020-ci il tarixli ******* nömrəli protokol tərtib edilərək "xxxx" MMC-nin direktoru Sahib Cavadov inzibati qaydada cərimə olunmuşdur. İş materiallarından da görünür ki, 31.01.2020-ci il tarixdə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 3 ünvanında tikinti işləri zamanı bir ədəd tut ağacının qanunsuz kəsilməsinə görə "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 18.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş, 18.02.2021-ci il tarixli MN №0481508 saylı inzibati tənbeh vermə haqqında qərar ilə həmin şəxsə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə cavabdeh orqanın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsinə əsas olacaq hər hansı bir hal aşkar olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İddiaçının apelyasiya şikayətinin əsası prokurorluq orqanına xəbər verilməsinə dair tələbinin rədd edilməsidir. Eyni zamanda məhkəmə tərəfindən cavabdehə məhkəmə sorğusu göndərilərək, 18.11.2019-cu il tarixdən 06.12.2019-cu il tarixədək cavabdeh orqanın qaynar xəttinə zəng etdiyi müraciətlərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətinə laqeyd yanaşılaraq təmin edilməməsidir. Həmçinin iddiaçı apelyasiya şikayətində qeyd olunan vəsatətin apelyasiya məhkəməsi tərəfindən təmin olunmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının "xxxx" MMC-nin tikinti ərazisində tut ağacının qanunsuz götürülməsi, lakin 11 saylı (Bakı) Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanun pozuntusu ilə bağlı tədbir görülməməsi” ilə bağlı daxil olmuş şikayət ərizəsi araşdırılmış və müvafiq tədbir görülərək, 31.01.2020-ci il tarixdə 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 3 ünvanında tikinti işləri zamanı bir ədəd tut ağacının qanunsuz kəsilməsinə görə "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 18.02.2020-ci il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 18.02.2021ci il tarixli MN №0481508 saylı inzibati tənbeh vermə haqqında qərar ilə həmin şəxsə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçının şikayəti araşdırılmış və müvafiq tədbir görülmüşdür. Belə olan halda məhkəmə kollegiyası vəsatətin təmin olunmasını məqsədə müvafiq hesab etmir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə cavabdeh orqanın vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prokurorluq orqanlarına məlumat verilməsinə əsas olacaq hər hansı bir hal aşkar olunmur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(112)-7009/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar